• çərşənbə axşamı, 19 mart, 12:58
  • Baku Bakı 8°C

Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməlidir

07.08.20 18:58 12780
Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməlidir
Politoloqların qənaətincə, Dağlıq Qarabağ münaqişəsi bu dəfə yarımçıq deyil, birdəfəlik həllini tapmalıdır
12 iyuldan başlayan Tovuz döyüşləri getdikcə səngidi. Ermənistan bu təxribatla öz məqsədlərinə, yəni daxili problemlərdən diqqəti yayındırmağa, KTMT-nin münaqişəyə cəlbinə, Azərbaycanın enerji layihələrinə təhlükə yaratmağa nail ola bilmədi. Əksinə, 12 iyul təxribatından sonra Azərbaycanı bir cox dövlətlər, beynəlxalq təşkilatlar dəstəklədi, dünya mediası həm bu hadisədən, həm də ümumən Dağlıq Qarabağ münaqişəsindən yazdı, soydaşlarımız xarici ölkələrdə çoxsaylı aksiyalar keçirdi, Ermənistanın işğalçılıq siyasəti ifşa olundu.O cümlədən Türkiyədən Azərbaycana indiyədək görünməmiş böyük siyasi və hərbi dəstək verildi. Belə bir fonda erməni baş nazir Nikol Paşinyanın danışıqlar prosesinə başlamaq üçün irəli sürdüyü 7 şərtinə qarşı Azərbaycan Prezidenti İlham Əliyev cəmi bir şərt qoydu: Ermənistan silahlı qüvvələri işğal altındakı Azərbaycan torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan qeyd-şərtsiz və dərhal çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü təmin edilməlidir.Maraqlıdır, bütün bunlardan sonra nə baş verəcək, hadisələr hansı istiqamət üzrə inkişaf edəcək? Əgər predmetli, səmərəli danışıqlar payızda da olmayacaqsa, Azərbaycan nə etməlidir? Türkiyə ilə birgə hərbi təlimlərimiz məqsədinə çatdımı? Bu sıx hərbi əməkdaşlığın davamı nə ola bilər?

Azərbaycan və Türkiyə əleyhinə planlar
Mövzu ilə bağlı "Kaspi” qəzetinə fikirlərini bölüşən politoloq Nəzakət Məmmədovahesab edir ki, ABŞ-İsrail-Türkiyə ittifaqına qarşı Rusiya-Fransa ittifaqının enerji və geosiyasi savaşı Azərbaycan sərhədlərinə qədər gəlib çatıb. Onun sözlərinə görə, bu savaş dünyanın bir çox bölgələrində davam edirdi və növbəti qığılcım Azərbaycanın Tovuz rayonunun Ermənistanla sərhədində partlayışa səbəb oldu: "Ermənistanın bölgədə Rusiya və Fransaya əlaltılıq etməsi sirr deyil. Ermənistan və onu himayə edən böyük güclər Azərbaycanın əsas gəlir mənbəyi olan neft-qaz xətlərinə təhdid törətməklə, ölkəni bu gəlirlərdən məhrum etmək istəyir. Yay savaşı bölgəmizdə bir sıra təhlükələrin də ayaq səsi oldu. Rusiya ilə yanaşı başqa bir güc - Fransanın da bu proseslərdə rolunu diqqətdən qaçırmaq olmaz. Fransa da Rusiya qədər, bəlkə ondan daha artıq şəkildə bölgədə Ermənistana havadarlıq edir, Azərbaycan və Türkiyə əleyhinə planlarında onu istifadə edir. Eyni zamanda, Liviyada baş verən proseslər - o cümlədən Fransa-Rusiya və Türkiyə arasında qarşıdurma bizim bölgəyə də təsirini göstərdi. Proseslərin gedişatı bir çox amillərdən asılı olacaq”.

Türkiyə ilə ittifaq qurulmalıdır
Siyasi şərhçi deyib ki, Liviyada Türkiyənin digər böyük güclərlə qarşıdurması, Minsk qrupunun tərkibində dəyişiklik edilməsi, Ermənistanda Paşinyan hakimiyyətinin aqibəti, Gürcüstanda bu ilin payızında keçiriləcək parlament seçkilərinin nəticəsi, ölkədə ABŞ hegemonluğunun bərpa olunub-olunmaması, NATO-ya üzvlüyü, ABŞ-da prezident seçkiləri, Rusiyaya qarşı sanksiyalar və sair gələcəkdə Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli istiqamətlərinə öz təsirini göstərəcək: "Lakin Azərbaycan mütləq Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməlidir. Türkiyənin hərbi bazasının Azərbaycan ərazisində yerləşdirilməsinə dair parlament təcili toplanıb təşəbbüslə çıxış etməlidir. Azərbaycan Qoşulmama Hərəkatından uzaqlaşmalı, Türkiyə ilə ittifaq qurulmalıdır. ABŞ-la münasibətlər yaxınlaşdırılmalı, Avropa İttifaqı ilə Assosiasiya sazişi təcili şəkildə imzalanmalı, balanslaşdırılmış siyasətdən imtina olunmalıdır”.

İşğalçı Ermənistan anlamamış deyil ki...
Politoloq Elxan Şahinoğlu bildirib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi məqsədilə indiyə qədər aparılan danışıqlar yalnız status-kvonun uzadılmasına xidmət edib. Onun sözlərinə görə, münaqişə yarımçıq deyil, birdəfəlik həllini tapmalıdır: "Prezident İlham Əliyev son açıqlamalarında vurğulayıb ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərəsizdir, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün aparılan danışıqlar heç bir fayda vermir. Həqiqətən də danışıqlar bundan sonra bu səviyyədə davam edərsə, heç bir nəticə olmayacaq. Bu şəkildə aparılan danışıqlar yalnız status-kvonun uzadılmasına, problemin həllinin yubadılmasına xidmət edir. Təbii ki, bu, Azərbaycanın maraqlarına heç bir halda cavab vermir. Belə olan halda, rəsmi Bakı alternativ yollara baş vurmalıdır. Dövlət başçısının çıxışlarında qeyd etdiyi kimi, bu dəfə məsələ yarımçıq deyil, birdəfəlik həllini tapmalıdır. Bunun nə anlam kəsb etdiyini işğalçı Ermənistan da anlamamış deyil”.

Bu vəziyyət dəyişməlidir
Siyasi şərhçi deyib ki, Türkiyə ilə Azərbaycanın keçirdiyi birgə hərbi təlimlər işğalçı Ermənistana təzyiq etmək niyyəti daşıyır: "Rəsmi Ankara açıq şəkildə bəyan edib ki, Azərbaycan istənilən addımı atarsa, hətta problemi müharibə yolu ilə həll etməyə çalışarsa, Türkiyə hərbi dəstək verməyə belə hazırdır. Türkiyə Azərbaycanın yanında olacağını bəyan edib. Hazırda bu hərbi təlimlər davam edir və bir neçə gündən sonra tamamlanacaq. Düşünürəm ki, iki ölkə arasındakı hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırmaq gərəkdir. Bunun zamanı yetişib. Mümkündür ki, gələcəkdə Türkiyənin Azərbaycanda hərbi bazaları olsun. Bu da Azərbaycan üçün önəmli məsələdir. Çünki hərbi təlimlər başlandığı vaxtdan indiyə qədər işğalçı Ermənistanın dərin narahatlıq keçirdiyi, qorxu və təşviş yaşadığı göz önündədir. Əslində, bizə elə bu lazımdır. Ermənistan anlamalıdır ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı Dağlıq Qarabağ və ətraf rayonların uzun müddət işğal altında saxlanmasına seyrçi qalmayacaq. Bu vəziyyət dəyişməlidir”.

Problemi güc yolu ilə həll etməliyik
Politoloq söyləyib ki, əgər Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək, işğal altındakı ərazilərimizdən Ermənistan silahlı qüvvələrini, terrorçuları müharibə yolu ilə çıxarmaq barədə qərar qəbul etsə, heç bir dövlət, hətta Rusiya da buna mane ola bilməyəcək: "Xatırlayırsınızsa, 12 iyulda Tovuzda sərhəddə törədilən təxribatın qarşısı alınarkən, düşmənə ağır, sarsıdıcı zərbə endirilərkən belə, rəsmi Moskva Azərbaycan əleyhinə hər hansı fikir bildirmədi, işğalçı Ermənistana hərbi-siyasi dəstək vermədi. Ermənistanın üzv olduğu KTMT adlı hərbi ittifaqdan da işğalçılara dəstək gəlmədi. Kremldə, eləcə də digər ölkələrdə anlayırlar ki, Azərbaycan hərbi yolla torpaqlarını işğaldan azad etmək istəyirsə, söhbət heç də Ermənistana hücumdan getmir. Azərbaycan yalnız Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsinə çalışacaq. Buna nəinki Rusiya, ümumiyyətlə heç bir dövlət mane ola bilməz. Kim bizə mane olacaq ki, Azərbaycan Ordusu Ağdamı, Füzulini, Cəbrayılı və sair işğal altındakı rayonları azad edə bilməsin? Bütün bu gerçəkliklər Ermənistanda qorxu, təşviş yaradır. Amma məlumdur ki, işğalçı dövlət öz xoşu ilə torpaqlarımızı azad etməyəcək. Ona görə də Dağlıq Qarabağ problemini güc yolu ilə həll etməliyik. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Azərbaycanla Türkiyənin birgə təlimlərinin çox böyük hərbi-siyasi əhəmiyyəti var. Ümidvaram ki, əməkdaşlıq elə bu istiqamətdə davam etdiriləcək”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər