Azərbaycan türk iş adamlarının sərmayə qoya biləcəyi ən uyğun ölkədir

Azərbaycan türk iş adamlarının sərmayə qoya biləcəyi ən uyğun ölkədir

Cəmiyyət
07 Noyabr 2019, 13:45 464
Azərbaycanda türk iş adamlarının sərmayə qoyması, Türkiyənin bir vilayətindən gedib başqa bir vilayətində sərmayə qoymaq kimi asandır.
Türkiyə səfirliyinin ticarət müşaviri Ahmet Atakər Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyasının (MÜSİAD) Bakı ofisi və MÜSİAD İzmir heyətinin qəbulu zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın müxtəlif sektorlarına investisiya qoyan xeyli türkiyəli sərmayəçi var və onlar bu sərmayəçi sayının artmasında maraqlıdırlar ki, hər iki ölkə bu investisiyalardan çox fayda əldə etsin:
"Əsas hədəflərdən biri də odur ki, Azərbaycanın sahib olduğu imkanlardan türkiyəli sərmayəçilər, Türkiyənin sahib olduğu imkanlardan isə azərbaycanlı sərmayəçilər faydalansın. Azərbaycan türk iş adamlarının sərmayə qoya biləcəyi ən uyğun ölkədir və bu Bakıya gələn bütün türk iş adamlarına bildirilir. Bizim dilimiz, dinimiz, yaşayış və mədəniyyətimiz eynidir. Azərbaycanda türk iş adamlarının sərmayə qoyması, Türkiyənin bir vilayətindən gedib başqa bir vilayətində sərmayə qoymaq kimi asandır".
A.Atakərin sözlərinə görə, analoji halı Türkiyədə sərmayə qoyan azərbaycanlı iş adamları üçün də söyləmək olar:

"Baxmayaraq ki son aylar Türkiyə iqtisadiyyatı ciddi xarici təzyiqə məruz qalıb, dövlət olaraq bütün bu çətinliklərin öhdəsindən gələ bilmişik. Azərbaycan və Türkiyə Çinlə Avropa arasında olan yeni İpək yolunun tam mərkəzində yerləşir. Çindən başlayaraq Avropaya gedən dəmir yolu Azərbaycan və Türkiyə üzərindən keçir və hər iki ölkə bu mənada çox önəmlidir. Bütün bunlarla yanaşı, Azərbaycan enerji qaynaqlarının mərkəzidir.
Müşavir onu da əlavə edib ki, Azərbaycan, eyni zamanda logistik əhəmiyyətə də sahib bir ölkədir:
"Digər türk dilli ölkələrdən fərqli olaraq Azərbaycan türkiyəli podratçıların daha çox və aktiv fəaliyyət göstərdiyi bir ölkədir. Azərbaycanda bir sıra texnologiya parkları təsis olunur ki, bu parklarda sərmayə qoyanlara müxtəlif güzəştlər tətbiq olunur".