• cümə, 29 Mart, 13:21
  • Baku Bakı 14°C

Azərbaycan turizmi mövsümilikdən çıxır

04.07.13 09:18 1612
Azərbaycan turizmi mövsümilikdən çıxır
Azərbaycanda turizmin mövsümiliyini aradan qaldırmaq üçün daha bir addım atılıb. Belə ki, dünyanın əksər turizm ölkələrində olduğu kimi, bizdə də artıq Konqres Bürosu (Convention Bureau) fəaliyyətə başlayıb. Qeyd edək ki, Konqres Bürosu beynəlxalq səviyyədə əlaqələrin qurulmasını təşkil edir, müxtəlif konqres və forumların ölkədə keçirilməsini təmin edir və beləliklə, ölkəyə turist cəlbində müstəsna rol oynayır.
Silsilə şəkildə keçirilən beynəlxalq şəbəkə konqreslərinin, forumların bir qisminin Azərbaycanda baş tutması isə ölkəmizdə mehmanxana fəaliyyətinin güclənməsinə, turizm şirkətləri tərəfindən təqdim olunan xidmətlərin çeşidinin və keyfiyyətinin artmasına səbəb olacaq.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məsələyə münasibət bildirərkən qeyd edib ki, konqres turizmi öz-özlüyünda vacib bir istiqamətdir və Azərbaycanda son illər bu turizm növü böyük populyarlığa malikdir. Konqres turizminin yüksək göstəricilərinin mövcud olduğunu deyən nazir bildirib ki, bu turizm istiqaməti üçün mövsüm anlayışı yoxdur: “Azərbaycanda ilboyu əhəmiyyətli beynəlxalq tədbirlər keçirilir. Olimpiya oyunlarına hazırlaşırıq. Bu oyunlar ərəfəsində də çoxsaylı tədbirlər keçiriləcək. Beynəlxalq idman qurumlarının tədbirləri baş tutacaq. Məhz bu tədbirlər zamanı qonaqlara göstərilən xidmətləri yüksəltmək üçün belə bir büronun təsisini həyata keçirməyə qərar verdik. Ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə yaradılan büronun əsas fəaliyyət istiqamətləri respublikamıza irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE (işgüzar) turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edəcək. Büro dövlətin və özəl sektorun vahid siyasət yürütməsinə imkan verəcək”.
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə turizmin bu növündən çox bacarıqla istifadə edirlər. Məsələn, Şimali Kiprdə turizm mövsümü cəmi 4-5 ay olduğu halda, bu ölkənin turizm təmsilçiləri bunu 7-8 aya çatdırıb. Bunun üçün qış aylarında konqres turizmi tətbiq edilir. Hotellər boş olduğu dönəmlərdə universitetlər və digər qurumlar özlərinin beynəlxalq tədbirlərini burada keçirirlər. Bu, hotel sahiblərinə də sərf edir. Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov deyir ki, konqres turizmi - işgüzar və biznes turizmin bir qolu kimi (mütəxəssislərin müxtəlif mövzulu simpozium, konfrans və ya konqreslərdə iştirak üçün səfərlər etməsi) bir çox ölkələrdə geniş yayılıb. Turizmin inkişaf etdiyi ölkələrdə turist axınının bərabər paylanması üçün bu növdən bacarıqla istifadə edirlər: “Belə işgüzar tədbirlər, adətən, yaz və ya payız mövsümündə təşkil edildiyindən, turist axınının tənzimlənməsində əhəmiyyətli rol oynayır. Konqres turizminin bir cəhətini də qeyd etmək lazımdır. Bir çox hallarda adını sadaladığımız tədbirlərə qatılmaq üçün səfər edən mütəxəssislər öz ailə üzvlərini də özləri ilə aparmaq istəyirlər. Bu səbəbdən də konqres turizminin inkişafında maraqlı olan təşkilatlar bu məsələni diqqətdə saxlamalı, tədbir iştirakçılarının ailə üzvləri üçün xüsusi ekskursiya proqramları təklif etməlidirlər. Digər bir tərəfdən, konqres turizminin inkişafında maraqlı olan dövlətlər xüsusi konqres mərkəzləri inşa edirlər. Bu günlərdə Azərbaycanda da belə bir mərkəz təsis edilib. Hesab edirəm ki, Azərbaycan Konqres Bürosunun fəaliyyəti elə konqres turizminin də inkişafına səbəb olacaq. Çünki bu turizm istiqamətinin Azərbaycanda perspektivləri yüksəkdir. Sadəcə, hotellər bu məsələyə maraq göstərməli, bu tip tədbirlər üçün xüsusi endirimlər tətbiq etməlidir”.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun fikrincə, Azərbaycandakı mövcud infrastruktura görə konqres turizmi hazırda inkişaf mərhələsindədir: Yeni yaranan hotellər, ötən il istifadəyə verilən “Crystall Holl”, geniş tədbirlər keçirmək üçün əlverişli imkanları olan Heydər Əliyev Mərkəzi və s. obyektlər bizə imkan verir ki, ölkəmizin paytaxtında və bölgələrimizdə beynəlxalq səviyyəli simpozium və konfransları, yarmarkaları, görüş və sərgiləri keçirə bilək. Bundan əlavə, Azərbaycana gələn turistlərin tərkibi də ölkəmizdə konqres turizmini inkişaf etdirməyə şərait yaradır”.
Sektor müdiri bizimlə söhbətdə onu da bildirdi ki, konqres turizminin inkişafını zəruri edən amillərdən biri də onun konkret mövsümlə bağlı olmamasıdır: “Bu turizm növü hər hansı bir insanın və ya təşkilatın özünə uyğun bir vaxtda istədiyi ölkədə keçirdiyi tədbirlə bağlıdır. Bunun hava şəraitinə, mövsümə dəxli yoxdur. Bu baxımdan da demək olar ki, konqres turizminin inkişafı turizmin mövsümiliyini də aradan qaldırır”.
Nazirlik nümayəndəsinin sözlərinə görə, Azərbaycanda bu turizm növü hələlik bəzi ölkələrdəki kimi yüksək səviyyəyə çatmayıb, amma artıq bu yolda mühüm işlər görülməkdədir. Azərbaycan Konqres Bürosunun təsis edilməsi də bu turizm istiqamətinin inkişafına zəmin yaradacaq.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər