AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan turizm reytinqində 5 pillə irəliləyib

Azərbaycan turizm reytinqində 5 pillə irəliləyib

İqtisadiyyat
12 Mart 2013, 10:03 3887
Azərbaycanın adı daha bir hesabatda hallanıb. Bu dəfə ölkəmiz turizm sahəsindəki nailiyyətlərə görə 5 pillə irəliləyib. Turizm üzrə Ümumdünya İqtisadi Forumunun hesabatında göstərilir ki, Azərbaycan turizm və səyahətlər sahəsində rəqabət qabiliyyətlilik indeksinə görə 140 ölkə arasında 78-ci yeri tutur. 2011-ci illə müqayisədə Azərbaycan reytinq pilləsində mövqeyini yaxşılaşdıraraq 83-cü ildən 78-ci yerə qalxıb.
Region dövlətlərindən Ermənistan 79-cu, Gürcüstan 66-cı yerdədir. Turizm və səyahətlər üçün ən yaxşı imkanların olduğu ilk üç ölkə İsveçrə, Almaniya və Avstriyadır. Hesabat sənədinə əsasən, Azərbaycan turizm və səyahətlərin normativ-hüquqi bazasının təşkili göstəricilərinə görə 140 ölkə arasında 46-cı, biznes mühiti və infrastruktur sahəsində 87-ci, insan resurslarına, mədəniyyət və təbii resurslara görə 96-cı yerdədir. 2012-ci ildə turizmin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli islahatların aparılması, bu sahədə dövlət proqramının icrası, normativ-hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycanda turizm sənayesinin inkişafına imkan yaradıb. Bu barədə isə Nazirlər Kabinetindən Milli Məclisə ötən ilin yekunları ilə bağlı təqdim olunan hesabatda bildirilir.

Qeyd edilir ki, respublikada fəaliyyət göstərən turizm şirkətlərinin sayı 200-ə, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 506-ya çatıb: “Bütün bunların nəticəsi olaraq 2012-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2003-cü illə müqayisədə 2,4 dəfə artaraq 2 milyon 480 min nəfərdən çox olub. Son 10 il ərzində turizm sahəsində çalışan işçilərin sayında 2,9, yerləşdirmə obyektlərində yerlərin ümumi sayında isə 3,3 dəfə artım olub. Göstərilən dövrə görə ölkə üzrə ÜDM-də turizmin xüsusi çəkisi 2 dəfə artıb”. Hesabatda daha sonra qeyd edilir ki, hazırda Azərbaycanda 8 turizm informasiya mərkəzi fəaliyyət göstərir.

“Turizm sahəsində Azərbaycanın imkanları çox yüksəkdir”

“Turizm iqtisadiyyatın ən vacib istiqamətindən biri kimi əhatə dairəsinə, maliyyə imkanlarına görə dünyanın bir çox ölkələrində aparıcı sənaye sahələri ilə rəqabətə girir. Qeyd etmək lazımdır ki, turizmin təşkili və inkişaf etməsi üçün ölkənin əlverişli təbii imkanları ilə yanaşı, ümumi iqtisadi göstəriciləri də mühüm şərtdir. Çünki bu sahə cəmiyyətin iqtisadi, sosial və mədəni inkişafının nəticəsi kimi yaranıb, mənəvi zənginlik və rekreasiya ehtiyaclarının ödənilməsinə xidmət edir”. Bunu bizimlə söhbətində Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev dedi.

Onun sözlərinə görə, iqtisadiyyatın digər sahələri ilə müqayisədə dünya bazarına çıxıb rəqabət aparmaq üçün turizm sahəsində Azərbaycanın imkanları çox yüksəkdir: “Zəngin mədəniyyətimiz, çoxəsrlik tariximiz, təbii sərvətlərimiz, rəngarəng iqlimimiz bizə imkan verir ki, ölkəmizi yaxın zamanlarda dünyanın ən cazibədar turizm mərkəzlərindən birinə çevirək”. A.İsmiyevin sözlərinə görə, bunun üçün bir şansımız da Azərbaycan dövlətinin bu sahəyə böyük diqqət ayırması, turizmin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan etməsidir: “Bunu son illər ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bir daha sübut edir”. Nazirlik rəsmisi bildirir ki, “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının qəbul olunması, 2011-ci ilin ölkə prezidenti tərəfindən Azərbaycanda “Turizm ili” elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq edilməsi, bu sənədlərdə nəzərdə tutulan işlərin əksər hissəsinin artıq həyata keçirilməsi onu deməyə əsas verir ki, ölkəmizdə turizm sənayesi yeni bir inkişaf mərhələsinə adlayıb.

“Turizm xidmətlərinin müxtəlifliyinin formalaşdırılması da bizim üçün çox önəmlidir” deyən A.İsmiyev qeyd etdi ki, artıq ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm mövsümü üçün də lazımi infrastruktur formalaşdırılır: “Bu yaxınlarda Qusar rayonunda “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə infrastruktur obyektlərinin açılışı oldu. Bu kompleks 2015-ci ilədək tam həcmdə işə düşəcək. Azərbaycana gələn qonaqlar üçün çox cəlbedici bir istirahət məkanı olacaq “Şahdağ” kompleksi ölkə tarixində ilk dağ-xizək turizm mərkəzidir. Kompleksin inşası qeyri-neft sektorunun inkişafını prioritet elan edən Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir. Hazırda burada çalışacaq personalın hazırlanması ilə bağlı işlər davam edir. Bu məqsədlə təşkil edilmiş kurslara artıq 160 yerli mütəxəssis cəlb olunub”.

Üç ulduzlu hotellərin tikintisinə diqqət yetiriləcək

Şöbə müdirinin sözlərinə görə, 2013-cü ildə mehmanxana biznesində bir çox yeniliklər olacaq: “Bildiyiniz kimi, turistlərin qəbulu üçün mehmanxana biznesi dinamik surətdə inkişaf edir. Hazırda respublikada 50-dək yeni mehmanxananın inşası davam edir. Son 2 ildə ölkəmizdə 5 ədəd beynəlxalq brendli beşulduzlu hotel istifadəyə verilib. Daha birinin - “Fairmont” mehmanxanasının açılışı isə bu ilin mayında nəzərdə tutulur. Ölkənin böyük şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxanalar fəaliyyət göstərir və bütün turizm regionlarını əhatə edən geniş turizm xidmətləri sisteminin formalaşması istiqamətində müəyyən işlər görülür.

Hazırda Bakı şəhərində 3-4 ulduz standartlarına cavab verən kiçik və orta həcmli mehmanxanalar fəaliyyət göstərir, eləcə də bu tipli hotellərin tikintisi davam etdirilir. Bu ildən başlayaraq, üç ulduzlu hotellərin inşasına diqqət yetiriləcək. Çünki beş və dörd ulduzlu hotellərin sayı kifayət qədərdir. Onlar tam gücü ilə işləyirlər. Ona görə də bundan sonra daha aşağı ulduz kateqoriyası olan hotellərin inşasına başlanılacaq. Bundan başqa, bu ildən artıq beynəlxalq standartlara uyğunlaşmış və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş mehmanxanaların yeni ulduz alma qaydalarının tətbiqinə başlanacaq. Bu qaydalar kifayət qədər sərtləşib. Bu da zamanın tələbidir. Çünki istəyirik ki, bizim mehmanxanalar və turizm şirkətləri tərəfindən təqdim olunan xidmətlər dünya standartlarına uyğun olsun. Yeni mehmanxanaların ulduz kateqoriyalarının müəyyənləşdirilməsi bu qiymətlərin daha sivil şəkildə tənzimlənməsinə imkan verəcək. Bu istiqamətdə işlər aparılır. Hazırda Azərbaycanda 500-dən yuxarı mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.

Mehmanxanaların sayının artması qiymətlərə də müəyyən mənada təsir göstərir. Ötən iki il müddətində Azərbaycan mehmanxanalarında qiymətlər 15-20 faiz enib. Mədəniyyət və Turizm Nazirliyi qanunvericiliyə uyğun olaraq, qiymətlərin tənzimlənməsi istiqamətində müəyyən işlər görür”.
A.İsmiyev bildirdi ki, bütün görülən işlərin nəticəsi olaraq, Azərbaycana gələn turistlərin sayı da getdikcə artır. Belə ki, ötən il ərzində ölkəmizin sərhədlərini 2 milyon, 484 min 48 nəfər insan keçib. Nazirlik rəsmisinin sözlərinə görə, təxmini hesablamalara əsasən, bunun 2 milyonu turistdir.

Həbibə ABDULLA