AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan transmilli şirkətlərlə uğurlu əməkdaşlıq edir

Azərbaycan transmilli şirkətlərlə uğurlu əməkdaşlıq edir

Siyasət
17 İyun 2020, 18:14 6689
Prezident İlham Əliyev: "Əsas strategiyamız yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır”
 
"Microsoft” Korporasiyası dünyada ən böyük transmilli şirkətlərdəndir. Müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olur. "Microsoft” şirkətinin sahibi Bill Geyts dünyanın ən zəngin şəxslərindən biridir. Şirkətin məhsulları 45 dilə çevrilərək, 80 ölkədə satılır. Fərdi kompüterlər, video oyun konsolları, cib kompüterləri, mobil telefonlar və başqa növ hesablayıcı texnika üçün proqram təminatı istehsalı üzrə dünyanın ən iri şirkətlərindən biridir. "Microsoft” ilk növbədə "Windows” əməliyyat sistemləri ailəsi, eləcə də sənədlərlə işləmək üçün "Microsoft Office” proqramları ailəsi ilə məşhurlaşıb. Amma şirkətin başqa proqram məhsulları da çox geniş istifadə olunur. Buna nümunə kimi "Microsoft Visual Studio”, "MSDN”, "MSN Messenger”, "Microsoft Servers”in adlarını qeyd edə bilərik. Bu transmilli şirkətin Azərbaycandakı təmsilçiliyi 2005-ci ildən fəaliyyət göstərir. "Microsoft - Azərbaycan”ın əsas məramı ölkəmizin tam potensialının həyata keçirilməsinə dəstək göstərməkdir. Başlıca hədəf "Microsoft Korporasiyası”nın ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir. Transmilli şirkətin təklif etdiyi çeşidli məhsul və həlləri elektron idarəetmə, biznes inkişafı və təhsil sahələrində uğurla tətbiq olunur.
 

 
Kibertəhlükəsizlik hər zaman gündəmdədir
 
İyunun 16-da "Microsoft” şirkətinin təşəbbüsü sayəsində Prezident İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Prezident İlham Əliyev transmilli şirkətlə Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. Bildirib ki, 15 ildən artıq Azərbaycanda fəaliyyət göstərən "Microsoft”la tərəfdaşlığın böyük potensialı və gələcəyi var. O, qarşıdakı uzun illərdə bu tərəfdaşlığın davam etdiriləcəyini vurğulayıb. Piratçılığa qarşı birgə səylərdən, gələcək planlardan söhbət açan dövlət başçısı qeyd edib ki, hazırda rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində iş gedir. O, bu məsələdə "Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyinə ümidvar olduğunu dilə gətirib: "Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. ...Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. ...Bizim əsas strategiyamız karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər”.
 

 
Beynəlxalq ictimaiyyətin etibarlı üzvü
 
Videokonfransda "Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq Azərbaycanla əməkdaşlıq əlaqələrindən geniş bəhs edib, gələcək planlardan söhbət açıb. Şirkətin rəhbərliyində təmsil olunan digər şəxslər də ölkəmiz haqqında yüksək fikirlər bildirib, əməkdaşlığın perspektivlərindən danışıb, bir sıra təkliflər səsləndiriblər. Baş tutan bu videokonfrans bir daha sübut edir ki, Azərbaycan dünyanın aparıcı şirkətləri ilə uğurla əməkdaşlıq edir, yüksək texnologiyaların, innovasiyaların tətbiqi sahəsinə xüsusi diqqət ayırır. Dünyanın nüfuzlu şirkətləri də Azərbaycanla əməkdaşlığa yüksək maraq göstərirlər. Bunun başlıca səbəbi ölkəmizdəki ictimai-siyasi sabitlik, qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın inkişafı, Azərbaycanın sərmayə qoyulması üçün cəlbedici olması, özünü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi tanıtmasıdır.
 

 
Öz dilini süni intellektə tanıdan azsaylı ölkələrdən biri
 
Mövzu ilə bağlı iqtisadçı millət vəkili Azər Badamov bildirib ki, dünyanın aparıcı texnoloji şirkətlərinin rəhbərlərinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə videokonfransların keçirilməsi ölkə iqtisadiyyatının inkişafını müasir çağırışlara uyğunlaşdırmaq istəklərimizdən irəli gəlir. Deputatın sözlərinə görə, Prezident İlham Əliyev müasir inkişafın əsas lokomotivinin texnologiyalar olduğunu qeyd edir və ona görə də son illər elektron hökumətin yaradılması, rəqəmsal ticarət habının formalaşdırılması istiqamətində ölkəmizdə böyük layihələr icra olunur: "Microsoft” şirkətinin rəhbərliyi ilə 16 iyunda keçirilən videokonfransda bu məsələlər geniş müzakirə olundu. Şirkətin vitse-prezidenti Filip Roq ölkəmizin qlobal pandemiya ilə mübarizədəki uğurlarını və yeni texnologiyalara transformasiya niyyətlərimizi yüksək dəyərləndirərək Azərbaycanla daha geniş spektrdə əməkdaşlıq etmək istədiklərini bildirdi. "Microsoft” dünyanın ən böyük 10 şirkətindən biridir. Şirkətin Azərbaycanla əməkdaşlıq potensialı çox genişdir. Bu gün ölkəmizdə rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənilir və bu strategiya 5 il ərzində həyata keçiriləcək. Rəqəmsal strategiya həyatımızın hər bir sahəsinin elektronlaşdırılmasına imkan verəcək. Ölkəmiz süni intellektdən daha geniş istifadə etmək istiqamətində layihələrin həyata keçirilməsi üçün yeni strategiya üzərində işləyir. "Microsoft” şirkəti yaxın zamanda süni intellekt platformasının Azərbaycan dilini dərk etməsi üzərində də işləyir. Bu da Azərbaycanı öz dilini süni intellektə tanıdan dünyada çox az ölkələrdən birinə çevirəcək”.
 

 
Avropanı Asiyaya birləşdirəcək rəqəmsal hab
 
Kibertəhlükəsizliyin Azərbaycan üçün hər zaman mühüm əhəmiyyət kəsb etdiyini xatırladan millət vəkili vurğulayıb ki, ölkəmiz rəqəmsal iqtisadiyyata üstünlük verdiyindən dataların kiber hücumlardan qorunması daha da aktuallaşır: "Azərbaycan dünyanın 2 milyarda yaxın insanını internetlə təmin edəcək Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsini həyata keçirir. Bu layihə başa çatandan sonra Azərbaycanda böyük Data mərkəzi yaradılacaq. Müzakirə olunan mövzulardan biri də süni intellekt üzərində qurulmuş Silikon vadisi kimi Abşeron vadisinin yaradılması məsələsidir. Düşünürəm ki, nəzərdə tutulmuş Avropanı Asiyaya birləşdirəcək yeni rəqəmsal habın Azərbaycanda yaradılması Abşeron vadisinin yaradılması prosesini sürətləndirəcək. Ona görə də kibertəhlükəsizlik məsələsində "Microsoft” şirkəti ilə əməkdaşlıq perspektivlərimiz genişdir. Qeyd etdiyim bütün məqamlar müasir dövrün çağırışlarıdır və bu çağırışlar Azərbaycanın "Microsoft”la əməkdaşlıq imkanlarını genişləndirir”.
 

 
İnkişaf və tərəqqi yeniliklərsiz mümkün deyil
 
Millət vəkili Eldəniz Səlimov pandemiya şəraitində yaşamağımıza rəğmən, Azərbaycanın beynəlxalq əlaqələrini, əməkdaşlıq axtarışlarını daim davam etdirdiyini söyləyib. Bildirib ki, ötən bir neçə ay ərzində yaşananlar bir daha bunu təsdiqləyir: "Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi, o cümlədən bir neçə dövlətin, nüfuzlu şirkətin rəhbər şəxsləri ilə onlayn-videokonfranslar formatında görüşlərin keçirilməsi Azərbaycanın bu yöndəki əzmindən, əməkdaşlıq, tərəfdaşlıq niyyətlərindən xəbər verir. Daha bir görüş "Microsoft” şirkətinin təşəbbüsü ilə reallaşdı. Hesab edirəm ki, bu, olduqca vacib və önəmli bir görüş idi. Dünyanın ən önəmli şirkətlərindən olan "Microsoft” ilə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi hər iki tərəfin xeyrinədir. Azərbaycan daim yeniliklərə, yeni texnologiyaların tətbiqinə, onun yayılmasına, inkişafına açıq olan bir ölkədir. Bunu ötən illər ərzində keçdiyimiz yol, atılan addımlar nümayiş etdirir. Bu məqam iyunun 16-da keçirilən videokonfransda bir daha diqqət çəkdi. Bu görüşdə verilən önəmli mesajlar Azərbaycanın modernləşməkdə, yeniliklərin tətbiqində və yayılmasında, səmimi tərəfdaşlıqda nə qədər israrlı və əzmli olduğunu hər kəsə göstərdi. Hesab edirəm ki, inkişaf, tərəqqi yeniliklərsiz, yeni texnologiyalarsız və səmimiyyət üzərində qurulan əməkdaşlıq olmadan mümkün deyil. Sevindirici haldır ki, dövlət başçısı İlham Əliyevin iradəsi, yeniliklərə açıq olması sayəsində Azərbaycan məhz bunlara nail olur, uğurlara imza atır”.
 
Rufik İSMAYILOV