• cümə, 29 Mart, 17:55
  • Baku Bakı 14°C

“Azərbaycan terror təşkilatlarına qarşı fəal mübarizə aparır”

01.06.13 09:04 1685
“Azərbaycan terror təşkilatlarına qarşı fəal mübarizə aparır”
ABŞ Dövlət Departamenti 2012-ci ildə dünyada terror fəallığı və ona qarşı mübarizənin vəziyyətinə dair hesabat açıqlayıb. Bu hesabatlar Amerika qanunvericiliyinə əsasən bir qayda olaraq Konqresə təqdim olunmaq üçün hazırlanır. 2013-cü ilin mayında açıqlanmış bu sənəddə terror və onunla mübarizənin vəziyyəti ayrı-ayrı ölkələr üzrə təhlil edilir.
“Azərbaycan Cənubi Qafqaz vasitəsilə insanları, pulları və terror materiallarını daşımaq istəyən terror təşkilatlarına qarşı fəal mübarizə aparır. Azərbaycan terrorla mübarizə səylərini gücləndirməkdə davam edib və terror əməliyyatçılarının, onların fəaliyyətinin azaldılmasında müəyyən uğurlar əldə edib” - deyə hesabatda deyilir. Sənəddə Azərbaycan təhlükəsizlik orqanlarının ekstremist qruplara qarşı fəal mübarizəsi, o cümlədən 2012-ci ildə Azərbaycanda keçirilən “Eurovision” musiqi yarışması zamanı terror hücumları hazırlayan 40 nəfər şübhəli şəxsin həbsi də qeyd edilib. Azərbaycanın terror maliyyəsinə qarşı mübarizə aparan bir sıra təşkilatların üzvü olduğu və bu təşkilatların tövsiyələri ilə öz qanunvericiliyinə 100-dək maddə, 15 qanun və 4 məcəllə əlavə etdiyi vurğulanıb. Bu ölkə terror təşkilatları üzvlərinin, pullarının və materiallarının Qafqaz boyunca hərəkətini fəal şəkildə önləyib. Ölkə özünün antiterror səylərini daim gücləndirib, terror əməliyyatçılarının və onların fəaliyyətinin azaldılmasında müəyyən uğurlara nail olub.
Sənəddə regional əməkdaşlıq üzrə də Azərbaycanın rolu vurğulanıb, ölkənin 2012-ci ildə BMT Təhlükəsizlik Şurasına iki il müddətinə qeyri-daimi üzv seçildiyi, Əfqanıstanın inkişafına dair İstanbul prosesində, Xəzər hövzəsində terror, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla beynəlxalq mübarizədə fəal rolu vurğulanıb.
Azərbaycana dair hesabatın qanunvericilik, hüquq-mühafizə və sərhəd mühafizəsi bölümündə qeyd olunur ki, ötən ilin yanvarında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda yəhudi məktəbinin iki rahibini qətlə yetirməyi planlaşdıran iki Azərbaycan vətəndaşını həbs edib və İranda yaşayan üçüncü şəxsin axtarışı ilə məşğul olub. Hakimiyyət orqanları bildiriblər ki, bu şəxslərə aid silah və pulların İranın kəşfiyyat orqanlarına bağlılığı sübut olunub. Mart ayında Azərbaycanın xüsusi xidmətləri xəbər verib ki, Qərb səfirliklərinə və Qərblə bağlı başqa qruplara qarşı terror aktlarının hazırlanması üçün İranın İslam Keşikçiləri Korpusu ilə işləyən 22 Azərbaycan vətəndaşı həbs edilib. Aprelin 6-da təhlükəsizlik qüvvələri zorakı ekstremist qrup olduğu güman edilən şəxslər üzərinə Gəncədə reyd keçirib. Orada yaranmış qarşıdurma və atışma zamanı yaraqlılardan biri və hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub. Əslində bütün ölkə boyunca keçirilən reydin bir hissəsi olan bu əməliyyat zamanı 17 nəfər həbs olunub və çox sayda silah-sursat, əl qumbaraları, uzaqdan idarə edilən partladıcı qurğular və kommunikasiya avadanlıqları müsadirə olunub.
Qeyd edək ki, Dövlət Departamentinin Konqresə illik məruzəsində İranın 2012-ci ildə terrorizmə dəstəyi gücləndirdiyi də qeyd olunur. “İranın terrora dəstəyi və “Hizbullah”ın fəallığı 90-cı illərdə olmayan qədər aktivləşib. Hər ikisi Suriya xalqına qarşı cəza tədbirləri görməyə davam edən Bəşər Əsəd rejiminə geniş dəstək verməyə davam edirlər”. Məruzədə İran terrorizmi maliyyələşdirən ölkələrin siyahısına salınıb. Ötən illə müqayisə bu siyahıda müəyyən dəyişikliklər var – İrandan əlavə bura Suriya, Kuba və Sudan da daxil edilib. Birləşmiş Ştatlar 2012-ci ildə İranın dövlət səviyyəsində terrorizmə dəstəyi artırdığını, eyni zamanda Pakistanda “Əl-Qaidə”nin əsasının zəifləməyə davam etdiyini bildirir. PKK da ABŞ-ın “Xarici Terror təşkilatları siyahısı”nda yer alıb. PKK-nın Kürdüstan Müstəqillik və Demokratik Konqresi, KADEK, Kürd İşçi Partiyası, Xalq Müdafiə Gücü, Kürdüstan Xalq Konqresi və sair adlarla tanındığı da qeyd edilib. Hesabatda Türkiyənin terror təşkilatı ilə apardığı 30 illik mübarizədən də bəhs edilir və 2011-2012-ci illər terrorçularla mübarizədə ən şiddətli il kimi göstərilir. ABŞ Dövlət Departamentinin hesabatında 2012-ci ildə dünyanın 85 ölkəsində terror hücumlarının baş verdiyi deyilir. Bunların əsas hissəsi Pakistan, İraq və Əfqanıstanda baş verib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər