• cümə axşamı, 28 mart, 18:13
  • Baku Bakı 13°C

Azərbaycan teatrının əfsanəvi Məcnunu

20.03.20 15:00 1561
Azərbaycan teatrının əfsanəvi Məcnunu
Üzeyir bəy Hacıbəylinin 1908-ci il yanvarın 12-də tamaşaya qoyulan "Leyli və Məcnun” operasında oynadığı Məcnun obrazı ona böyük uğur gətirir, bundan sonra dəfələrlə Bakıda, müxtəlif regionlarda, hətta Tiflisdə "Leyli və Məcnun” oynanılır. Artıq dostlar, ziyalılar arasında onu zarafatla "Məcnun” çağırırdılar. O, buna etiraz etmirdi və hətta bu ad onun xoşuna gəlirdi. Məcnun onun üçün doğma idi, çünki o da sənətinin məcnunu idi.
AZƏRTACxəbər verir ki, bu gün XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri və mövqeyi olan sənətkar, səhnəmizin əfsanəvi Məcnunu Hüseynqulu Sarabskinin anadan olmasından 141 il ötür.
Hüseynqulu Sarabski 1879-cu il martın 20-də Bakıda kasıb bir ailədə anadan olub. Uşaqlıqdan o, musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi, məhərrəmlik vaxtında dini nəğmələr oxuyar, mərsiyə deyər, minacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi.
Hüseynqulu ilk dəfə 12 yaşında teatr tamaşasına baxır. Bu həvəskarların ifasında "Xan Sarabi” adı ilə səhnəyə qoyulmuş Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası idi.
Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü - Sarabski də bu güclü təəssüratın nəticəsidir. Elə həmin gündən teatr və musiqi onun arzu və xəyallarında qoşalaşdı.
Hüseynqulu Sarabski teatra çətin bir dövrdə gəlmişdi. Teatrı "şeytan əməli”, aktyorluğu isə "kişiyə yaraşmaz peşə” hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərərək öz arzuları və xəyallarına doğru inamla gedirdi. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə an içində dəqiqləşdirdi. O, səhnəyə ilk baxışdan və birdəfəlik vuruldu. Səhnə onun əbədi məhəbbətinə çevrildi. Bu məhəbbət qarşılıqlı oldu.
İlk dəfə 1902-ci ildə N.Nərimanovun "Dilin bəlası” pyesində Rəsul rolunu oynayan Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundzadənin, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar yaradır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin "Əlmənsur” pyesində ərəb səyyahının rolunu oynayarkən oxuduğu təsiredici "Hicaz” muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə - musiqili teatra, operaya gətirdi. Məhz bu tamaşada Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun” üzərində işləyən Üzeyir bəy Hacıbəylinin diqqətini cəlb etdi. Bu, zirvəyə gedən yolun başlanğıcı oldu. Üzeyir bəy Hacıbəyli məlahətli səsə malik, muğamlara bələd olan Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola dəvət edir.
Səhnədə olduğu 30 ildən artıq bir müddətdə o, 400 dəfə bu rolun sehrini yaşadı, yaratdı, bu rolu tamaşaçıya sevdirdi. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanındı.
Dünya opera sənətinin nadir bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyildir. O, milli opera tarixində Üzeyir bəy Hacıbəylinin "Əsli və Kərəm”, "Şeyx Sənan”, "Şah Abbas və Xurşidbanu”, "Rüstəm və Söhrab”, "O olmasın, bu olsun”, "Ər və arvad”, "Arşın mal alan” kimi opera və operettalarında, Müslüm Maqomayevin "Şah İsmayıl”, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib” operalarındakı rolları ilə mədəniyyətimizdə iz qoyub.
1918-ci ildə Bakıda vəziyyət ağırlaşır, aktyorlar hərəsi bir tərəfə dağılır. H.Sarabski də İrana gedir, amma çox qala bilmir. Pulsuzluq, xəstəlik onu əldən salır və o, Bakıya qayıdır.
1920-ci ildən sonra Hüseynqulu Sarabski yenidən teatrda işləməyə başlayıb. Görkəmli sənətkar Orta Asiya ölkələrinə, Rusiyaya təşkil olunan qastrollarda iştirak edib. 1932-cı ildə ona "Xalq Artist” fəxri adı verilib.
Teatr xadimi, opera müğənnisi, aktyor, rejissor, pedaqoq olan Hüseynqulu Sarabski 1945-ci il fevralın 2-də dünyasını dəyişib.

banner

Oxşar Xəbərlər