• cümə axşamı, 28 mart, 23:28
  • Baku Bakı 13°C

Azərbaycan teatrının baharı gətirən aktrisaları

28.03.16 10:53 4193
Azərbaycan teatrının baharı gətirən aktrisaları
Yurdumuza Bahar gəlib. Vətənimizin hər yerində yazın gəlişi Günəşin bərq vuran işığında, qəlblərə hərarət gətirən ilıq, isti “nəvazişində” bir daha duyulmaqdadır. Sanki təbiət də bu gün şıltaqlığına, ərköyünlüyünə son qoymuşdu deyirdik ki, yenə qışın ərköyünlüyü özünü büruzə verməyə başladı. Bahar yenə öz növbəsini soyuq hava ilə dəyişməyə şərait yaratdı.
Yurdumuza bahar gəlib
Deyəcəyim o idi ki, havalar isindikcə insanın qanı qaynayır, hər tərəf al əlvan rənglərə boyanır. Yazın gəlişi istənilən halda hiss olunmaqdadır. Yaz özü ilə atributlarını keçəl, kosa, bahar qızı gətirir.
Ta qədimlərdən Oğuz elinin atası olan Dədə Qorqud Novruz Bayramının əsas personajlarından biri kimi qəbul edilib. Hər zaman da onun yanında Bahar qızı dayanıb. Bu obraz ayağının sayalı olması, məlahətli, xoş siması ilə hamıda sevinc hissləri oyadır. Elə bahar məfhumunun özü də qadın adı kimi işlədilir və xəyalımızda güllərlə bəzənmiş qəşəng qız obrazı ilə assosiasiya olunur. Bütün bunlar el şənliklərindəki Bahar qızın qədim tarixə malik olduğunu, əsas qadın surətlərindən biri kimi yaz bayramı şənliklərində fəal iştirak etdiyini sübut edir.
Teatr və bahar
Qadınsız teatr gülsüz, çiçəksiz bahar kimidir. Teatrlarımızda da yazın gəlişi hər zaman bahar qızları ilə qeyd edilib. Azərbaycan teatrının ilk Bahar qızı isə canlı əfsanəmiz, xalq atristi Səfurə İbrahimova olub. Səfurə xanım SSRİ dövründə uzun fasilədən sonra Azərbaycanda ilk dəfə Şıxəli Qurbanov tərəfindən 1967-ci ildə təşkil edilən Novruz bayramı şənliklərində ilk Bahar qızı olub və Azərbaycan teatr tarixinə Bahar qızın ilk ifaçısı kimi düşüb.
Aktyor Yasin Qarayev deyir ki, ilk dəfə Novruz bayramında rəhmətlik Şıxəli Qurbanovun səyi nəticəsində “Dini bayram” damğası götürüldü və Bahar qızını ifa edən aktrisa (Səfurə İbrahimova) Qız qalasının yanında faytonda göründü. Bu, Azərbaycan teatrında tamaşaçıların gördüyü ilk bahar qızı idi.
Bir neçə il öncə ziyalılar Bahar qızını Novruzun simvolu saymağın əleyhinə olduqlarını söyləsələr də tarix dəyişmir. Və həmin tarix göstərir ki, Azərbaycan teatrında bir sıra tanınmış aktrisalarımız Bahar qızı obrazı ilə yazı yurdumuza “gətiriblər”. Təkcə Akademik Milli Teatrın tarixinə nəzər yetirdikdə, Səfurə İbrahimovadan sonra Bahar qızı olmuş xalq artisti Bəsti Cəfərovanın, Firəngiz Mütəllibovanın, aktrisalar Fidan Axundova, Rada Nəsibova, Günel İmanova, Günel Əliyevanın adlarını çəkə bilərik. Bu il isə dövlət səviyyəsində Dənizkənarı Milli parkda hazırlanan Novruz şənliyində Bahar qız obrazını teatrın istedadlı aktrisalarından olan İlahə Həsənova ifa edəcək. Bəzi aktrisalar Bahar qızını obraz kimi qəbul etməsə də bir çoxları əslində Bahar qızını ifa etməyi heç də asan olmadığını söyləyirlər.
Azərbaycan Teatrının bir inciləri
“Hər əyninə milli geyim geyinəndən Bahar qızı olmaz” deyənlər də az deyil. Xalq artisti Bəsti Cəfərova bizimlə söhbəti əsnasında o illəri gözləri qarşısında canlandıraraq bir anlıq həmin dövrlərə qayıtdığını dedi: “1989-cu ildə Novruz bayramı yenidən gündəmə gəlməyə başladı. Xalq təntənəli şəkildə bu bayramı qeyd etməyə başlayanda ilk Bahar qızı mən oldum. Həmin gün çox yaxşı xatirimdədir. Bayram günündə səhər saat 12-də teatrda “Billur saray” tamaşasında oynamalı idim. Həmin tamaşanı bir saat sonraya saldılar ki, mən Novruz bayramında iştirak edə bilim. Onlar gözlədilər ki, mən baharın gəlişini elan edim, sonra teatra gəlim. 1988-89-cu illərdə ölkəmizdə vəziyyət bir qədər gərgin idi. Bahar qızı yazın gəlişinin rəmzi kimi sən demə çox qoruyurlarmış ki, düşmən qüvvələr bayramı poza bilməsin. Onlardan hər şey gözləmək olardı. Hər an fəsad törədə bilərdilər. Bütün bunlardan xəbərsiz idim. Mənə sonradan dedilər ki, Bahar qızını təhlükə gözləyirdi. İndi o illərdən 26 il keçib. Ondan sonra neçə-neçə jurnallarda və qəzetlər hər dəfə öz əksimi görəndə Bahar qızı obrazımı xatırlayıram. Bu mənə çox xoş gəlir. Mənim arxivimdəki sevimli şəkillərdən biri də Qız qalasının üstündə Bahar qızı obrazındakı şəklimdi. O mənim arxivimin ən gözəl eksponatıdır. Bahar qızı olmaq çox gözəldir. Baharın özü gözəldir. Azərbaycan qadını üçün Bahar qızı olmaq fəxr olunası bir şeydir. İndi hər dəfə bahar qızlarını görəndə xatırlayıram ki, bir zamanlar mən də belə Bahar qızı olmuşdum”.
O vaxtdan çox şeylərin dəyişdiyini söyləyən xalq artisti deyir ki, vaxt dayanıb bizi gözləmir: “Biz yaşlanırıq. O vaxtdan sonra mənim övladım olub, mən ana olmuşam, sənətimdə irəli getmişəm, pedaqoq olmuşam. Mənim bir qızım var, o da həyatımın baharıdır. O mənim həyatımın ən gözəl hadisəsidir”.
Bu günlər demək olar ki, bütün teatrlarımızda Novruz şənlikləri keçirilir, tamaşalar hazırlanır. Amma bəzi teatrlarda Bahar qızı obrazına az müraciət olunur. Əksər teatrlarımız Novruzun atributları olan tamaşaya Keçəl və Kosa obrazlarını daxil etməklə işlərini bitmiş hesab edirlər.
Bəsti Cəfərova əvvəllər yazın gəlişini ilk olaraq Bahar qızların qeyd etdiyini desə də indi vəziyyət əvvəlki kimi deyil. Çünki cəmiyyətimizdə baharın zərif qadına bənzədilməsinin əleyhinə olanlar da var. Bahar qızını arxaik mədəniyyətdə olduğu şəkildə - Yaz xanım, yəni Günəşin qızı kimi görmək istəyirlər. Arxaik mədəniyyətdə Yaz xanımla, eləcə də dünyanın yenidən doğulmasının qadın obrazında verilməsi ilə bağlı mifoloji düşüncələr var. Hər nə qədər bu mövzu barədə müxtəlif fikirlər səslənsə də Azərbaycan teatr tarixində Bahar qızlar var, olub və olacaq da.
Bu bayram günü Bahar qızı olmuş sənətçi qadınlarımızdan bir qismini xatırladıq. Əminik ki, qadın sənətçilərimiz mədəni dəyərlərimizin inkişafına bundan sonra da öz töhfələrini verəcəklər. Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz bayramınız mübarək olsun!
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər