• cümə, 19 Aprel, 14:41
  • Baku Bakı 25°C

Azərbaycan sürətlə Mərkəzi Asiyanın, Qafqazın İsveçrəsinə çevrilir

18.02.17 11:30 1353
Azərbaycan sürətlə Mərkəzi Asiyanın, Qafqazın İsveçrəsinə çevrilir
Əksər ekspert və siyasilərin də qeyd etdiyi kimi, rəsmi Bakının 20 ildən artıqdır ki, bütün sivil dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər qurmaq istəyi Azərbaycan paytaxtını hegemon dövlətlərin yüksək rütbəli hərbçilərinin görüş yeri kimi seçimində böyük rol oynadı. Gəlinən qənaət budur ki, Azərbaycanın son illərdə yürütdüyü balanslaşdırılmış xarici siyasət öz təsirini göstərməkdədir. Təsadüfi deyil ki, Azərbaycan sürətlə Mərkəzi Asiyanın, Qafqazın İsveçrəsinə çevrildiyi xüsusi vurğulanır. Artıq region üçün böyük əhəmiyyət kəsb edən görüşlərin hamısı bu ərazidə baş tutur. Gözlənildiyi kimi, Bakıda ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisləri general Cozef Danfordla Valeri Gerasimovun Bakıda keçirilən görüşü qonşu Ermənistanda da ciddi reaksiya doğurub. Ermənistanın "lragir” saytı Bakı görüşünün ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ ola biləcəyini yazıb. "Lragir” qeyd edir ki, ABŞ-ın İrana qarşı sərt siyasət yürütməsi regionda Azərbaycanın əhəmiyyətini artırıb.
Öz növbəsində Rusiyanın nüfuzlu "Nezavisimaya qazeta” nəşri də Bakıda keçirilən tədbirdən, onun əhəmiyyətindən bəhs edə məqalə dərc edib. "Bakıda ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisləri general Cozef Danfordla Valeri Gerasimov arasında danışıqlar olub. Onlar ABŞ ilə Rusiya arasında hərbi əlaqələrin cari vəziyyəti, yanlışlıqların və potensial böhranların qarşısının alınması üçün zəruri daimi və açıq ünsiyyət də daxil olmaqla, müxtəlif məsələləri müzakirə edib”, - deyə məqalədə vurğulanır. "Bəzi analitiklərin fikrincə, bu danışıqları müəyyən mənada tarixi görüş saymaq olar, çünki 2014-cü ilin yanvarından sonra belə görüş keçirilməyib. Amerikanın CNN telekanalının məlumatına görə, iki generalın Bakıda keçirdiyi bu danışıqlara bir neçə ay ciddi məxfilik şəraitində hazırlıq gedib. Təsadüfi deyil ki, hətta Pentaqon tərəfindən Bakı görüşünün anonsu verildikdən sonra belə, yerli rəsmi mənbələr belə məlumata malik olmadıqlarını deyirdilər. Azərbaycanın Müdafiə Nazirliyi isə ümumiyyətlə, xəbəri şərh etməkdən imtina etmişdi. İlk olaraq Bakıya Cozef Danford gəlib və səhər saatlarında Azərbaycan rəhbərliyi ilə görüşərək iki ölkə arasında hərbi əməkdaşlığı müzakirə edib. Valeri Gerasimovun başçılıq etdiyi Rusiya hərbi heyəti isə Azərbaycana günün ikinci yarısında gəlib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, danışıq tərəfləri qərargah rəislərinin ikitərəfli görüşünün keçirilməsi üçün göstərdiyi səylərə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib”, - deyə müəllif yazıb.
Bu arada bir çox yerli ekspertlər görüş yeri kimi nə üçün məhz Bakının seçilməsi barədə suala cavab axtarırlar. Qəzet də ABŞ-ın rəsmi mənbələrinə istinadən yazır ki, Rusiya tərəfi Cozef Danforda Moskva və ya Belarusda görüşməyi təklif edib. "Pentaqon isə öz növbəsində görüşün Qərbi Avropada keçirilməsini istəyib. Lakin Avropa İttifaqının general Valeri Gerasimova qarşı tətbiq etdiyi sanksiya üzündən, onun Avropaya girişinə qadağa qoyulub. "Nəticədə tərəflər görüşü Bakıda keçirmək qərarına gəlib”, - deyə Rusiya nəşri "New York Times”a istinadən yazır. Rusiyalı siyasi analitik Pavel Klaçkov isə başqa fikirdədir. O, müsahibəsində qeyd edib ki, baş tutmuş danışıqlar irəliyə doğru ciddi sıçrayışdır. "Görüşün Bakıda baş tutması Azərbaycanın geostrateji vəziyyətinin göstəricisidir”, - deyə analitik bildirib. O, hesab edir ki, bu gün Bakı dünyada baş verən hadisələrin mərkəzinə çevrilib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə hesab edir ki, Bakı Moskva və Vaşinqton rəsmilərinin görüşü üçün ən münasib yerdir. "Azərbaycan nə Avrasiya məkanına, nə də NATO-ya daxildir, həmçinin həm Rusiya, həm də ABŞ ilə yaxşı münasibətlərə malikdir”, - deyə Brayza qəzetə açıqlamasında bildirib.
Qardaş ölkə - Türkiyənin mətbuatında da tarixi Bakı görüşünə yer verilib. "NTV” telekanalı generalların Bakı görüşü barədə xəbəri öz səhifəsində yerləşdirib. "ABŞ Baş qərargah rəhbəri general Danford Bakı təmasları gedişində prezidenti İlham Əliyev və müdafiə naziri general Zakir Həsənovla ayrı-ayrılıqda görüşdü. Danford, Əliyevlə görüşündə Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın Əfqanıstana yük daşımasında təqdim etdiyi dəstəklə bağlı təşəkkürlərini çatdırıb. Z.Həsənov Danfordu Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi mövzusunda məlumatlandırıb. Danford rus həmkarı ilə ikitərəfli görüşünün Bakıda keçirilməsi üçün göstərilən səylər və qonaqpərvərlik üçün Azərbaycan rəhbərliyinə təşəkkür edib”.
Qərb nəşrləri də Bakıda keçirilən tədbirdən bəhs ediblər. Məsələn, "The New York Times” qəzetinin yazdığına görə, görüşü təşkil etmək asan olmayıb, bu haqda müzakirələr aylarla davam edib. Nəhayət, tərəflər neytral şəhər kimi Bakını seçiblər. Məqalədə generalların Bakı görüşünün mövzusu haqda detallı bilgi verilmir: "Pentaqonun yaydığı məlumatda görüşdə ABŞ və Rusiyanın hərbi münasibətləri müzakirə edildiyi bildirilib”. Qəzet yazır ki, ABŞ-la Rusiya arasında hərbi əlaqələrin tezliklə gücləndirilməsini istəyənlər də var. "B.Obama administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə ekspert kimi çalışmış Celeste Vallander hesab edir ki, Rusiyanın Suriya, Qara dəniz regionu və Baltikyanı ölkələr kimi fəal bölgələrdəki rolunu nəzərə almaq vacibdir. C.Vallander deyir ki, 2016-cı ildə də Ağ ev mümkün insidentlərin və gərginliyin qarşısı almaqdan ötrü yüksək səviyyəli hərbi əməkdaşlıq kanalının yaradılmasına çalışıb. Ekspert indi belə bir kanalın yaradılmasının işin yalnız xeyrinə olacağını söyləyir”. Qəzet daha sonra yazır ki, "amerikalı general Bakıya gəlirsə, görünür, görüşünün səmərə verəcəyinə, ən azı, münasibətləri yoluna qoymaqdan ötrü başlanğıc olacağına ümid edir”.
Azər
banner

Oxşar Xəbərlər