• çərşənbə axşamı, 19 mart, 08:43
  • Baku Bakı 8°C

“Azərbaycan sosial dövlətdir”

02.08.17 09:00 5472
“Azərbaycan sosial dövlətdir”
Əlverişli coğrafi mövqeyə malik olan, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanda dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ölkə iqtisadiyyatının inkişafı fonunda bu siyasət razılıqla qarşılanmaqla bərabər, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırır. Mühüm iqtisadi layihələrə imza atan ölkəmiz dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanda həyata keçirilən sosial siyasət, iqtisadi inkişaf və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev cavablandırır.
- Musa müəllim, Azərbaycanda həyata keçirilən sosial siyasəti necə dəyərləndirirsiniz?
- Azərbaycan sosial dövlətdir. 2013-cü ildə Prezident İlham Əliyev bunu rəsmi olaraq elan edib. Azərbaycan dövlətinin sosial siyasəti daim Azərbaycan vətəndaşının müdafiəsinə, sosial rifahının yüksəlməsinə yönəlib. Heç də təsadüfi deyil ki, ölkə başçısı bütün çıxışlarında "Bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” - fikrini xüsusilə vurğulayır. Bu, təsadüfən, yaxud ictimaiyyət qarşısında çıxış xatirinə söylənilən sözlər deyil. Azərbaycanda iqtisadiyyatın, iqtisadi inkişafın bizə verdiyi bütün nemətlər ölkə əhalisinin payıdır. Ona görə də iqtisadi inkişafdan əldə edilən gəlirlər Azərbaycan əhalisinə xərclənir. 2003-cü ildən indiyə qədər ötən dövrdə olduqca böyük, sürətli iqtisadi inkişaf əldə olunub. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Məhz onlar 2003-2013-cü illəri Azərbaycan iqtisadiyyatının, inkişafının qızıl dövrü, qızıl onluğu adlandırırlar. 2013-cü ildən sonra da iqtisadi inkişaf hər il özünü göstərib. Baxmayaraq ki, son 3 ildə dünyada baş verən hadisələr, iqtisadi və siyasi proseslər, xüsusən də ümumdünya iqtisadi böhranı, neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın ümumi gəlirlərinin nisbətən azalmasına səbəb olub, ümumi strateji xətt yenə də davam etdirilir. Strateji xətt isə bundan ibarətdir ki, ilbəil Azərbaycanda yaşayış minimumu artır, orta aylıq əməkhaqqı, təqaüd də yüksəlir, əhaliyə verilən sosial yardımlar, təminatlar artır, insanların məşğulluğu daim dövlət başçısının nəzarətində saxlanılır. Son 20 il ərzində Azərbaycanda işsizlik 17,5 faizdən 5 faizə enib. Bu, dünyada qəbul olunan ən yaxşı göstəricilərdən biridir. Qeyri-neft sektoru sürətlə inkişaf edir. Xüsusən də son illərdə ölkə başçısının sahibkarlığın daha da inkişaf etdirilməsi üçün ard-arda imzaladığı fərman və sərəncamlar burada mühüm əhəmiyyət daşıyır. 11 strateji inkişaf istiqaməti, yol xəritəsi, regional inkişaf proqramları və sair mühüm sənədləri də misal gətirmək mümkündür. Sözsüz ki, bütün bunlar insanlarımızın sosial rifahının yüksəldilməsi üçün atılan addımlardır. Aqrar sahənin, turizm, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları sektorlarının inkişaf etdirilməsi də sosial siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Çünki, bu sahələrin tərəqqisi son nəticədə Azərbaycan əhalisinin həyat tərzinə, sosial durumuna bilavasitə təsir edir. Əgər regionlarda aqrar sektorun ənənəvi sahələri, o cümlədən pambıqçılıq, tütünçülük, baramaçılıq, üzümçülük, əkinçiliyin ən müxtəlif növləri, bağçılıq, bostançılıq inkişaf etdirilirsə, emal sənayesi gücləndirilirsə, kənd təsərrüfatı məhsullarının ixracı artırılırsa, bu, həm ölkə iqtisadiyyatına, həm də əhalinin güzəranına müsbət təsir edir. Azərbaycan brendi adı altında dünyaya çıxarılan məhsulları istehsal edən, onun ərsəyə gəlməsində əməyi keçən Azərbaycan insanıdır. Ona görə də bu sahələrdə uğurlar əldə edildikcə əhalinin də sosial vəziyyəti yaxşılaşır. Sevindirici haldır ki, qeyri-neft sektoru dövlət büdcəsində və ümumdaxili məhsulda 70 faizi üstələyir. Hazırda ölkədə yoxsulluq səviyyəsi 5 faizdir. Baxmayaraq ki, iqtisadiyyatımızın əsasını təşkil edən neftin qiyməti aşağı düşüb, həcm də azalıb. Ancaq qeyri-neft sektoru bunu tənzimləyir.
- Sosial sahədə bəzi insanların üzləşdiyi əsas çətinliklərdən biri mənzil-məişət problemidir. Bu problemin həll edilməsi üçün hansı işlər görülür?
- Yoxsulluğun aradan qaldırılması sahəsində əsas məsələlərdən biri bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə təmin edilməsi, yaxud bunun üçün onlara müvafiq şərait yaradılmasıdır. Azərbaycanda da mənzil tikintisi daha geniş miqyas alıb. Son 10-12 il ərzində 3 milyon 200 min kvadratmetr mənzil sahəsi qaçqın və məcburi köçkünlər üçün tikilib istifadəyə verilib. Onlar üçün yüzdən artıq şəhərcik salınıb. Bununla da ümumilikdə 50 min ailə, 250 mindən çox insanın yaşayış şəraiti yaxşılaşdırılıb, onlar yeni mənzillə təmin olunublar. Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, hərbçilərə, jurnalistlərə, veteranlara, alimlərə, valideyn himayəsindən məhrum uşaqlara - gənclərə və bir çox kateqoriyadan olan insanlara dövlət tərəfindən yeni mənzillər verilib. Həmin insanlar müasir tələblərə cavab verən, ən əsası da pulsuz verilən belə mənzillərdə yaşamaq hüququ əldə ediblər. Son illərdə sosial evlər layihəsi gündəmə gəlib. Bu layihə çərçivəsində də bir sıra addımlar atılıb. Bu, sosial durumu aşağı olan insanların da cüzi ödəniş etməklə yeni mənzil ala bilməsi üçün geniş imkanlar yaradıb. Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində ilk sosial evlərin təməlini qoyuldu və hazırda inşaat işləri uğurla davam etdirilir. Bu işlər başa çatdırılandan sonra 2 min insan sosial evlər əldə edə biləcək. Bu il 29 belə binanın tikintisinə də başlanılıb. Göründüyü kimi, bu sosial layihə də davamlı xarakter alıb. Beləliklə də bütövlükdə dövlət siyasətinin Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönəldiyini bir daha müşahidə etmək olur.
- Ümumdünya iqtisadi böhranı baş verdiyi zaman, eləcə də neftin qiymətinin kəskin ucuzlaşması, manatın iki dəfə devalvasiyaya uğraması dönəmində də Azərbaycanda dövlət tərəfindən sosial layihələrin maliyyələşməsi dayandırılmadı. Bu fakt nəyin göstəricisidir?
- Xatırlatmaq istərdim ki, sizin sualınızda qeyd etdiyiniz məqamlarla yanaşı, hətta devalvasiya, neftin qiymətinin ucuzlaşdığı, büdcə gəlirlərinin azaldığı fonda maaş və pensiyaların həcmi də artırıldı. Son iki ildə büdcənin yığcam olmasına baxmayaraq, yenə də 30 faizi sosial xərclərə yönəlib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin daxili siyasətində sosial müdafiə strategiyası prioritet istiqamətlərdən biridir. Ölkə başçısı qeyri-neft sektorunun, sahibkarlığın daha da inkişaf etdirilməsi üçün təkcə son iki-üç il ərzində 20-yə yaxın fərman və sərəncam imzalayıb. Bu onunla bağlı idi ki, Azərbaycan vətəndaşı, sahibkarı, biznesmeni əziyyət çəkməsin. Bununla dövlət sahibkarın çiyninə düşən yükün bir hissəsini öz üzərinə götürdü. Pensiyalar, müavinətlər artırıldı, əmək haqlarında artımlar müşahidə olundu. Bu, davamlı prosesdir. Belə tədbirlər, atılan uzaqgörən, qətiyyətli addımlar sayəsində qısa müddətdə Azərbaycan böhranlı vəziyyətdən çıxdı. Baxmayaraq ki, bəzi obyektiv və subyektiv səbəblərdən bank sektorunda olduqca ciddi problemlər yaşandı, ancaq Azərbaycan iqtisadiyyatı yenə də ayaq üstdə dayanmağı bacardı. Hazırda da iqtisadiyyatımız inkişaf etməkdədir. Bunlar Azərbaycanın balanslaşdırılmış siyasətinin, uzunmüddətli inkişaf strategiyası sayəsində mümkün olub. Azərbaycan heç bir xarici qüvvədən və sərmayədən, kənar dövlətdən asılı deyil. Hazırda ölkə iqtisadiyyatına qoyulan sərmayələrin 70 faizdən çox daxili sərmayələrdir. Xatırlayırsınızsa, 2000-ci illərin əvvəllərində bəzi "ekspertlər” Azərbaycanda "Holland sindromu”nun baş verəcəyini söyləyir, iqtisadiyyatımızla bağlı bədbin proqnozlar verir, ölkəmizin hətta Nigeriyadan da çətin duruma düşəcəyini bildirirdilər. Ancaq 2015-ci ildə neftin qiyməti kəskin ucuzlaşanda belə, bu "proqnozlar” özünü doğrultmadı. Çünki, Azərbaycan zamanında "qara qızıl”ı insan kapitalına çevirməyi, təbii sərvətlərin satılması müqabilində əldə edilən gəlirləri qeyri-neft sektorunun qurulmasına, inkişaf etdirilməsinə yönəltməyi bacarmışdı. Şaxələnmiş iqtisadiyyat öz işini görməkdə idi. Şübhə etmirəm ki, bundan sonra da qeyri-neft sektorunun, ümumilikdə iqtisadiyyatın inkişafı davam edəcək.
- Siz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüsünüz və yəqin ki, gələcəkdə də həyata keçiriləcək sosial layihələrdən məlumatınız var. Bu barədə də fikirlərinizi bilmək istərdik...
- Azərbaycan dövlətinin daxili siyasətinin əsas strateji xətti bundan ibarətdir ki, iqtisadiyyatın inkişafından əldə olunan gəlirlər ədalətli şəkildə vətəndaşlar arasında bölünsün, sosial ədalət, sabitlik, əmin-amanlıq, həmrəylik davamlı olsun. Şimal-Cənub, Bakı-Tbilisi-Qars, Şərq-Qərb, Böyük İpək Yolu, neft-qaz və sair bu kimi irimiqyaslı layihələrin həyata keçirilməsi ilə gələcəkdə də Azərbaycan vətəndaşlarının sosial təminatı yaxşılaşdırılacaq. Ötən ilin sonunda qəbul olunmuş milli iqtisadiyyatın strateji yol xəritəsində uzaq hədəflər də müəyyən edilib. Proqnozlara görə, 2025-ci ildən sonra Azərbaycan sosial rifah dövlətinə çevriləcək. Bu, müasir dünyada sosial rifahın ən yüksək göstəricisi deməkdir. Yəni, bizim hədəflərimiz, gedəcəyimiz yol, aparılan siyasət bəllidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər