Azərbaycan şərabı türk dünyasına niyə ixrac edilmir?

Azərbaycan şərabı türk dünyasına niyə ixrac edilmir?

İqtisadiyyat
16 Oktyabr 2019, 09:30 680
Azərbaycanın şərab məhsullarının istehsalçısı "Az-Granata” öz məhsullarının ixrac coğrafiyasını genişləndirir. Trend-in məlumatına görə, bu barədə şirkətin ixrac təchizatı şöbəsinin direktoru Tural Hacıyev bildirib. Onun sözlərinə görə, Afrika spirtli içki satışı üçün yeni bir bazara çevrilib: "Bu ilin əvvəlindən etibarən Qanaya 22-23 ton həcmində spirt vermişik. Yaxın gələcəkdə bu ölkəyə yenə məhsul göndərməyi planlaşdırırıq. Çünki Afrikadakı tərəfdaşlarımızdan 50 min dollar dəyərində yeni bir sifariş almışıq. Bu istiqamətdə məhsullarımıza olan böyük tələbatı nəzərə alaraq, Afrikaya tədarükü davam etdirmək niyyətindəyik”. 

Şöbə müdiri "Az-Granata”nın məhsulları ilə Qərbi Afrikanın digər dövlətlərinin də maraqlandığını bildirib. Qeyd edək ki, 2011-ci ildə 12,5 hektar ərazidə qurulan "Az-Granata” fabriki Cənubi Qafqaz regionunda ən böyük spirtli içki istehsalçısıdır. Spirtli içkilərlə yanaşı, şirkət meyvə şirələri və konsentratlar da istehsal edir.

Yerli şərab məhsullarımızın Afrika bazarına çıxması ixrac potensialımızın genişləndirilməsi baxımından mühümdür. Bəs görəsən məhsullarımız uzaq Afrika bazarına çıxa, bilirsə ortaq mədəniyyətimiz olan türkdilli ölkələrə niyə ixrac edilmir? Bu sahədə vəziyyət nə yerdədir? 

"Az-Granata” zavodunun direktoru Vüqar Mikayılov bizimlə söhbətində bildirdi ki, məhsulları yaxın gələcəkdə türkdilli ölkələrə çıxarıla bilər: "Az-Granata şərab məhsulları daha əvvəl Afrikaya ixracı edilib. İxracın ikinci mərhələsi isə bu yaxınlarda baş tutacaq. Yəni artıq bizim məhsullarımız Afrika bazarına çıxarılıb. Təəssüflər olsun ki, türkdilli ölkələrdən əksəriyyətinə məhsul ixrac edilmir. Xüsusilə Türkiyə ilə əməkdaşlıq bizim üçün çox vacibdir. Amma Türkiyənin daxili aksiz vergisinin həddən artıq çox olması buna mane olur. Türkdilli ölkələrdən Qazaxıstana yaxın gələcəkdə məhsul ixracı baş tuta bilər. Həmçinin Qırğızıstan da əməkdaşlıq edə biləcəyimiz ölkələr sırasındadır. Şirkət olaraq məhsullarımızı əsasən MDB ölkələrinə, Ukrayna, Rusiya bazarlarına çıxarırıq. Belarusa yaxın müddət ərzində məhsul ixracı gündəmdədir”. 

İqtisadçı alim Vüqar Bayramov deyir ki, türkdilli ölkələrə Azərbaycanın qeyri-neft məhsullarının ixrac edilməsi çox yaxşı olardı: "Amma prioritet bölgələrə məhsul ixracı daha məqsədəuyğundur. Məhsullarımız türkdilli ölkələrə ixrac edilərsə, həmin ölkələrin bazarına nisbətən aşağı qiymətə aparılacaq. Bu mənada xərclərin optimallaşdırılması vacibdir. Əslində Türk dünyası ölkələrinin bazarında müəyyən paya malik olmaq imkanımız yarana bilər. Türk dünyası ölkələri bizim üçün həm şərab, həm də digər alkoqollu içkilərin ixracatı baxımından əsas ölkələr olmalıdır. Nəzərə almaq lazımdır ki, Orta Asiyada alkoqollu və alkoqolsuz məhsullara tələb yüksəkdir. Bu mənada Türkiyə bazarı da rəqabətin yüksək olması ilə yanaşı, kifayət qədər böyük bazardır. Türkiyə bazarına məhsul ixracı qiymət baxımından da bizim üçün cəlbedicidir. Ona görə də Türkiyə də daxil olmaqla türkdilli ölkələrə ixracla bağlı Azərbaycanın prioritet hədəfləri olmalıdır. Azərbaycanlı iş adamları və sahibkarlar, şirkət sahibləri bu məsələdə maraqlı olmalıdır. Nəqliyyat xərclərinin aşağı olması, ölkələr arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi, həmçinin yeni bazarlara çıxış əldə etmək baxımından bu ölkələrə daha çox məhsul ixrac edilə bilər. Düşünürəm ki, iqtisadi imkanlar kifayət qədər genişdir. Ona görə də ticari əlaqələrimizi daha da böyütmək olar”. 

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mövlud Hüseynov qeyd etdi ki, Azərbaycanın şərab məhsulları dünyanın müxtəlif ölkələrinə ixrac olunur: "Əsasən Rusiya, az miqdarda da olsa Çin və Avropa bazarlarına məhsul ixracı edilir. İxrac həcminin artırılması üçün Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu olaraq çalışırıq ki, yerli üzüm sortlarının bərpası istiqamətində elmi-tədqiqat işləri aparaq. Yerli üzüm sortlarından hazırlanan şərablarla dünya bazarına çıxmaq niyyətindəyik. Çünki dünya bazarında hər bir ölkənin yerli üzüm sortlarından hazırlanan şərablara tələbat daha çoxdur. Əvvəllər xarici üzüm sortları yetişdirilir və ondan şərab istehsal edilirdi. Amma bu, o qədər də səmərəli olmadı. Çünki bu şərabdan digər ölkələr də istehsal edə bilər. Əsas məqsəd milli brendlərin yerli sort üzümlərdən hazırlanmasıdır. Bu yaxınlarda Türkiyənin Tekirdağ Üzümçülük və Bağçılıq Elmi-Tədqiqat İnstitutu ilə əlaqələrimizi genişləndirmək niyyətindəyik. Bu məsələlər iki tərəf arasında da müzakirə olunacaq. Azərbaycan şərablarının Türkiyəyə ixrac olunması məsələsinə orada da bir daha toxunulacaq. Əgər dünya bazarına çıxmaq istəyiriksə, öz məhsullarımızdan hazırlanan brendlərin istehsalı ilə məşğul olmalıyıq. Buna görə də məhz bu istiqamətdə işlərimizi intensivləşdiririk. Şərabların hazırlanma texnologiyasının təkmilləşdirilməsi və yerli üzüm sortlarının bərpası ilə bağlı işlər həyata keçirilir. Məqsədimiz daxili istehsal hesabına bu problemi həll etməkdir. Türkdilli ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi bizim üçün böyük əhəmiyyət daşıyır. Ticarət qrupları yaradılaraq həmin ölkələrdə hansı şəraba daha çox tələbatın olması öyrənilməlidir. Bu tələbata əsasən məhsul ixrac edilə bilər”. 
 
Şəbnəm Mehdizadə