• cümə axşamı, 28 mart, 22:45
  • Baku Bakı 13°C

Azərbaycan romantizmi-fikirlər və mülahizələr

07.01.17 11:30 8617
Azərbaycan romantizmi-fikirlər  və mülahizələr
Cavidşünas, görkəmli alim Kamran Əliyev Azərbaycan romantizminin dünya romantizmi ilə bağlılığını belə şərh edir: "XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşlərinin formalaşma prosesi geniş və çoxşaxəli mənbə zənginliyinə malikdir”.
Seyid Hüseynin "Açıq tənqid”i
Doğrudan da, klassik Azərbaycan və Şərq ədəbi fikri ilə Avropa ədəbiyyatı və rus romantizmi bağlı olsa da, Azərbaycan romantizmi ilə Avropa romantizmi arasında fərqlər də vardır. Belə ki, Avropa ədəbiyyatında romantizm realizmdən əvvəl yarandığı halda, Azərbaycanda romantizm realizmdən sonra yaranmağa başladı. Amma Azərbaycan və Şərq ədəbi fikri Avropa və rus romantizmi ilə bağlı olsa da, xoşbəxtlikdən onu millilikdən uzaqlaşdıra bilməmişdir: Bu, çoxcəhətlilik XX əsr Azərbaycan romantizminin nəzəriyyəsinə mürəkkəblik gətirsə də, hər halda, onu millilikdən, özünəməxsusluqdan təcrid edə bilməmişdir. Əksinə, millətçilik, vətənpərvərlik, azadlıq, milli birlik ideyaları ilə zənginləşərək yeni formada ortaya çıxan romantizm həmin dövrdə Azərbaycan mətbuatının, xüsusən də "Füyuzat” ədəbi məktəbinin adı ilə bağlıdır.

Bu da faktdır ki, dünyanın bir çox tanınmış romantikləri də öz yaradıcılıqlarında Şərq mövzusuna dönə-dönə müraciət etmişlər. Bu haqda Ə.İsmayılov "Dünya romantizm ənənələri və H.Cavid” adlı əsərində yazır: "Bayronun Şərq dünyasına sönməz marağını, onun romantik şair kimi yetişməsində, yaradıcılığının geniş dünya şöhrəti qazanmasında çox böyük, səmərəli əhəmiyyəti olmuşdur (Bayron poeziyasında Şərq nəfəsi sonralar Puşkinə təsir göstərmiş, onun şeirlərində əksini tapmışdr). Hötenin Şərq ruhunu dərindən duyması sayəsində yaratdığı "Qərb-Şərq divanı” onun romantik-poetik axtarışlarının üfüqlərini genişləndirmiş, poeziyasını zənginləşdirmiş, şöhrətini artırmışdır”.

Tədqiqat əsərlərindən belə aydın olur ki, Azərbaycanda romantizm haqqında ilk məqaləni hələ keçən əsrin əvvəllərində - 1919-cu ildə dövrün məşhur yazarı, ədəbi tənqidçi Seyid Hüseyn (Kazımoğlu imzası ilə) yazmışdır. Müəllif "Açıq tənqid” adlı məqaləsində romantizmin nəzəri-estetik mahiyyətini çox geniş şəkildə şərh edib və maraqlı fikirlər irəli sürüb.
Sovet dövründə qadağa qoyulsa da...
O, zaman Azərbaycan romantizminin ayrıca nəzəriyyəçiləri olmasa da, Abdulla Tofiq (Sur), Əhməd Kamal, Əmin Abid, Sənətulla Eynulla İbrahimov, Seyid Hüseyn (Kazımoğlu) kimi yazarlar bu cərəyan haqqında öz fikir və mülahizələrini söyləmişlər. Onlar haqlı olaraq onu siyasiləşdirməyin tam əleyhinə çıxmışlar. Məsələn, tanınmış publisisti və ədəbi tənqidçi olan Sənətulla Eynulla İbrahimov "İqbal” qəzetinin 8 aprel 1912-ci il tarixli sayında yazırdı: "Əgər bir filosof bu dairədən çıxaraq siyasi firqələr arasında mübarizə çəkişmələri girdabına qarışarsa, döyülməkdən başqa bir şey qazana bilməz. Fəlsəfə ilə siyasət bir-birinə qarışmaz. Əvhami-fəlsəfiyyət ilə mübarizəyi-həyat meydanına atılmaq olmaz. Filosof və şairlərin kəndi yerlərində, siyasilərin kəndi yerlərində icrayi-vəzifə etmələri iqtizayi-həyatdır”.

Sovet dövrünün ilk illərində romantizmə qadağa qoyulsa da, onun keçdiyi inkişaf yolu, nəzəri-estetik prinsipləri ədəbiyyatşünas alimlərimizin diqqətindən kənarda qalmamışdır. Məmməd Cəfər, Mir Cəlal Paşayev, Cəfər Xəndan, Məsud Əlioğlu daha çox Azərbaycan romantizmi haqqında fikir və mülahizələrini bildirmişlər. Müstəqilliyimizin ilk illərində isə Yaşar Qarayev, Kamran Əliyev, Şamil Vəliyev, Vəli Osmanlı, İsa Həbibbəyli və başqa alimlərimiz Azərbaycan romantizmi haqqında çox dəyərli fikirlər söyləmiş, məqalələr yazmış, əsərlər çap etdirmişlər.

Akademik İ.Həbibbəyli "Romantik lirikanın imkanları” monoqrafiyasında yazır: "Bu yaradıcılıq metodu cəmiyyətin və insan həyatının vacib mənəvi problemlərinin inikasını ön mövqeyə çəkmişdir. Romantik metodun hüdudları daxilində lirik-romantik qəhrəmanın işıqlı gələcək ümidi, ağılın ideal həqiqət axtarışındakı həlledici rolu təsdiq edilmişdir. Romantiklər bu yolla özlərinin xoşbəxt gələcək, ideal həyat arzularını izhar etmiş, mövcud cəmiyyətin ictimai eyiblərini açıb göstərməyə müvəffəq olmuşlar”.
Eyni köklü iki fikir zirvəsi
20-ci yüzilliyin əvvəllərində Azərbaycanda ədəbi proses müxtəlif məzmunlu və istiqamətli inkişafı özündə birləşdirən hadisə idi. Belə bir dövrdə Azərbaycan ədəbi mühitində iki ədəbi məktəb formalaşdı: realistlər və romantiklər. Bu iki ədəbi məktəbin nümayəndəsi olan Abdulla Şaiqin oğlu, bir çox hadisələrin şahidi, bəzən dövrünün "canlı salnaməsi” adlandırılan ədəbiyyatşünas alim Kamal Talıbzadə haqlı olaraq qeyd edirdi: "Yeni dövr Azərbaycanının ictimai, siyasi, fəlsəfi və ədəbi fikrinin bir zirvəsini "Molla Nəsrəddin” və öz məktəbi ilə Cəlil Məmmədquluzadə təşkil edirsə, ikinci eyni miqyaslı zirvəni "Füyuzat” və öz məktəbi ilə Əli bəy Hüseynzadə təşkil edirdi”.

Azərbaycan ədəbiyyatının, mətbuatının inkişafında, formalaşmasında, zənginləşməsində ölçüyəgəlməz dərəcədə mühüm rol oynayan bu iki ədəbi məktəbi Kamal müəllim eyni ucalıqda dayanan zirvəyə bənzədirdi: "Bu zirvələr eyni köklü, eyni yaşlı, eyni ucalıqda, eyni əzəmətdə olan, ancaq qamətləri, görkəmləri ilə bir-birindən fərqlənən, yanaşı dayanmış, əsərlərin mənasını, sirlərini də özlərində cəmləşdirən iki nəhəng dağı xatırladır. Bu iki fikir zirvəsi, dünyası Azərbaycan xalqının milli intibahında müstəsna xidmət göstərmişdi”.

Hər iki ədəbi məktəbin nümayəndələri Azərbaycan ədəbiyyatına və mətbuatına çox yeniliklər gətirməklə yanaşı, (realistlər-özünütənqid, romantiklər-özünütəsdiq) onun formalaşmasına, zənginləşməsinə də çox dəyərli töhfələr verdilər.

Bildiyimiz kimi, Azərbaycan romantiklərinin görüşlərində başlıca yeri türkçülük, turançılıq, müasirlik ideyaları, ədəbi dil və s. problemlər tuturdu. Ümmətçilikdən-millətçiliyə keçiddən sonra ədəbiyyatda (xüsusilə poeziyada) türkçülük ideyası bədii axtarışların nüvəsini təşkil edirdi. Elə ona görə də 1920-30-cu illərdə romantizmdə birmənalı olaraq "ziddiyyət”, "idealizm” axtaran "tənqidçilər” tərəfindən mənəvi mədəniyyətin minillik tarixi ənənələri yanlış nəzəriyyənin hücumuna məruz qalıb, romantizm idealizm ilə eyniləşdirilib burjuaziyaya məxsus sənət kimi rədd edilirdi. 1960-cı illərdə isə bütün mütərəqqi cəhətlərinə baxmayaraq, "romantiklərin görüşlərində burjua idealist fəlsəfəsi və sosiologiyası, "sənət sənət üçündür” burjua nəzəriyyəsinin də mənfi təsiri özünü aydın göstərmişdir” kimi yanlış fikirlər də var. Bu fikrin müəllifi olan Məmməd Cəfər elə həmin əsərində sanki öz fikirlərini təkzib edərək yazırdı: "XX əsr Azərbaycan romantizmi ilə Azərbaycan realizmi arasında uçurum - Çin səddi olmamışdır. Yəni, bu romantizm realizmə qarşı olmamışdır, əksinə, dövrün ən qabaqcıl ədəbi cərəyanı olan realist üslubdan müsbət mənada təsirlənə-təsirlənə inkişaf etmişdir”.
Maarifçilikdən inqilabçılığa, istiqlalçılığa keçid
"Ədəbi-ictimai fikir tariximizdə "Molla Nəsrəddin” tənqidi realizmin, "Füyuzat” isə romantizmin yaradılmasında, təşəkkül, inkişaf və təbliğində başlıca rol oynamışdır” söyləyən ədəbiyyatşünas alim Şamil Vəliyev çox haqlıdır. Görkəmli alim Əziz Mirəhmədovun təbirincə desək, "XX əsr ədəbiyyatımızı nəinki "Molla Nəsrəddin”siz, habelə, "Füyuzat”sız təsəvvür etmək çətindir”. Çünki hər ikisi ədəbi-mədəni intibah tariximizin inkişafı üçün paralel istiqamətdə (romantik və satirik istiqamət) fəaliyyətdə olmuş və milli-mədəniyyət nümunəsi olmaqla, bütövlükdə dünya standartlarına cavab verən bədii sənət yaddaşımızdır.

Romantizmin əsas məqsədi şəxsiyyətin azadlığına, azad iradə və düşüncəyə diqqət çəkmək olmuşdur. Azərbaycan romantizmini araşdırarkən belə bəlli olur ki, Azərbaycan romantikləri əsasən türkçülüyə meyl etmişlər. Odur ki, bu romantizmin idealında vətənçilik, millətçilik, həm də turançılıq daha qabarıq şəkildə verilirdi. Bu gün də hər bir Azərbaycan gənci Abbas Səhhət kimi "mən Vətəni canım kimi sevirəm” deyərək, Vətəni, milləti, dövləti uğrunda romantiklər kimi mübarizə aparmalıdır.

Romantiklərin türkçülüyünü nəzərə almamaq, ümumiyyətlə, XX əsr Azərbaycan romantizmini yarımçıq tanımaq deməkdir. Türkçülük Azərbaycan romantizminin ayrılmaz atributlarındandır və ancaq bu yönündə əhatəli, obyektiv, dəqiqliklə araşdırılmalıdır. Yalnız bu halda Azərbaycan romantizminin həqiqi mahiyyətini, özünəməxsusluqlarını anlamaq mümkündür.

Son 20-30-il ərzində ölkəmizdə baş verən ictimai-siyasi hadisələr bir daha sübut etdi ki, Azərbaycan romantiklərinin yaradıcılıq problematikasında turançılığın tərənnümü əsas amillərdən biridir. Bu haqda ədəbiyyatşünas alim Aybəniz Əliyeva (Kəngərli) yazır: "Turançılıq tarixdəki bu gerçəkliyə nostalgiya duyğusu ilə yanaşmaq və yenidən bütün türk xalqlarını vahid mədəniyyət, vahid kültür, vahid dövlət çatası altında birləşdirmək istəyindən doğmuşdur. Azərbaycan romantiklərinin də yaradıcılığında və kulturoloji görüşlərində mədəni turançılıq mühüm yer tutmuş, ümumtürk mədəniyyətinin yaradılması yolunda təkanverici təməl rolunu oynamışdır”.

Odur ki, bu ideologiyanın daşıyıcılarına, təkcə sovetlər dövründə deyil, elə indinin özündə də "mürtəce” damğası vurmağa adət ediblər. Hələ o zaman Məhəmməd Əmin Rəsulzadə "Panturanizm haqqında” adlı məqaləsində bunu belə yazırdı: "Şərqdə milli hərəkatın müxtəlif formalarından biri olan pantürkizm Qərbin nasionalizmindən bir qədər fərqlənirdi. Qərbdə ona "mürtəce” damğası vurmağa adət ediblər və çox vaxt onu şovinizm də adlandırırlar. Nəzərə almaq lazımdır ki, şovinizm aqressiv bir hərəkatdır. Avropa şovinizmi müəyyən bir siyasi-aqressiv ideologiyadır. Şərqin şovinizmi isə müdafiə xarakteri daşıyan siyasi, eyni zamanda ictimai mütərəqqi hadisədir”.

Bütün bunlar Azərbaycanda romantizm-realizm ədəbi məktəbinə mənsub jurnalist, publisist, bir sözlə, istedadlı qələm sahiblərinin və vətənpərvər, millətsevər amallı ziyalı ordusunun yetişməsinə səbəb oldu. Onların sayəsində mətbuatda maarifçilikdən inqilabçılığa, istiqlalçılığa keçid aydın hiss olundu və ümmətçilikdən millətçiliyə keçidin sürətlə davam etdiyi bir zamanda millətin formalaşmasında mühüm rol oynayan mətbuat bu iki məktəbin nümayəndələrinin sayəsində inkişaf etdi.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər