• cümə axşamı, 18 aprel, 20:13
  • Baku Bakı 21°C

Azərbaycan Rio-2016-da medal sayına görə 207 ölkə arasında 15-ci olub

22.08.16 10:48 2569
Azərbaycan Rio-2016-da medal sayına görə 207 ölkə arasında 15-ci olub
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, 17 gün davam edən mübarizənin yekununda 28 növdə fəxri kürsüyə yüksələnlərin adına aydınlıq gəlib və 307 qızıl, 307 gümüş və 361 bürünc mükafatçı müəyyənləşib.

Ümumilikdə, 207 ölkədən 87-si qazanıbsa, onlardan 59-u çempionluq sevinci yaşayıb. Rioda himni səslənən ölkələr sırasında Azərbaycan da yer alıb. Cənubi Amerikaya 56 idmançı ilə yollanan Olimpiya yığmamızın qazancı 1 qızıl, 7 gümüş və 10 bürünc medal olub.

Millimizin heyətində taekvondoçu Radik İsayev (+80 kq) birinci, cüdoçular Rüstəm Orucovla (73 kq), Elmar Qasımov (100 kq), güləşçilər Toğrul Əsgərov (65 kq), Xexaq Qazyumovla (97 kq), Mariya Stadnik (48 kq), boksçu Lorenzo Sotomayor (64 kq), kanoeçi Valentin Demyanenko (200 m) ikinci, taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), boksçu Kamran Şahsuvarlı (75 kq), güləşçilər Rəsul Çunayev (66 kq), Sabah Şəriəti (130 kq),Nataliya Sinişin (53 kq), Hacı Əliyev (57 kq),CəbrayılHəsənov (74 kq), Şərif Şərifov (86 kq), kayakçı İnna Osipenko-Radomskaya (200 m) isə üçüncü yeri tutub.

Bu, Azərbaycan üçün yeni rekorddu. Komandamız London-2012 ilə müqayisədə medal əyarını yaxşılaşdıra bilməsə də, mükafat sayında və medal qazanılan idman növlərinin sayında rekord müəyyənləşdirib. Əgər 4 il öncə Böyük Britaniyada 10 mükafatı (2-2-6) 3 idman növündə əldə etmişdiksə, bu dəfə 18 medalı 5 idman növündə qazanmışıq. Yəni hər 2 göstəricidə təxminən ikiqat irəliləyiş əldə olunub. Boks, taekvondo və kanoe və kayakda ilk dəfə fəxri kürsüdə yer almışıq.

Yığmamız bu nəticə ilə mükafat qazanan ölkələr arasında 39-cu pillədə qərarlaşıb. Sabiq SSRİ ölkələri sırasında Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və Gürcüstandan geri qalmışıq. Medal sayına görə siyahıda isə 15-ci yerdəyik və yalnız Rusiya bizdən öndədi.

Siyahını ABŞ öndə bitirib. Onlar 46 qızıl, 37 gümüş və 38 bürünc medal qazanmaqla, həm qızıl həm də ümumi medal sayında hamını qabaqlayıb. Böyük üstünlüklə birinci olan amerikalılar ən yaxın izləyicisi Böyük Britaniyanı 54 medal geridə qoyublar. İlk "üçlüy”ü isə Çin qapayıb.
banner

Oxşar Xəbərlər