• çərşənbə, 24 Aprel, 09:14
  • Baku Bakı 13°C

Azərbaycan regionlarının iqtisadi qüdrəti

22.11.17 12:30 1977
Azərbaycan regionlarının iqtisadi qüdrəti
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Əcnəbilərin Azərbaycan bölgələrinə marağı
Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunması məqsədilə 2004-cü ildən başlanmış tədbirlərin davam etdirilməsi üçün ölkə başçısının 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilib, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynayıb. Regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası dövründə bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalanıb. İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olub, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, bir sözlə, turizm fəaliyyətinin genişlənməsinə şərait yaradıb. Turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə Prezident tərəfindən 2011-ci il ölkəmizdə "Turizm ili" elan edilib. Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaradıb. Son illərdə 14-ü regionlarda olmaqla, 35 beş ulduzlu otel istifadəyə verilib və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Dövlət regionların iqtisadi inkişafının təminatçısıdır
Dövlət proqramlarının icra olunduğu müddətdə ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanıb. Proqramın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamaqdadır.
Kəlbəcər, Laçın və Yuxarı Qarabağ ölkə iqtisadiyyatının tərkib hissəsidir
Dövlət Proqramının Tədbirlər Planında erməni işğalından azad ediləcək torpaqlarımıza dair müddəalar da yer alıb. Göstərilir ki, Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan inzibati rayonlar erməni işğalından azad edildikdən sonra həmin rayonların sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlanaraq həyata keçiriləcək. İndiyədək həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə pambıqçılıq, fındıqçılıq, çuğundur, şərab istehsalı artırılıb, nar, xurma bağları salınıb, çayçılıq əvvəlki illərlə müqayisədə inkişaf etdirilib. Bundan başqa, baramaçılıq, tütünçülük kimi ixracyönümlü sahələrin inkişaf etdirilməsi üçün bütün vasitələr səfərbər edilib. 37 rayonda inkişaf etdirilən baramaçılıqda, 2017-ci ildə 120 ton, 2019-cu ildə isə 1300 tondan çox yaş barama tədarük ediləcəyi planlaşdırılır. Eyni zamanda, tütün istehsalının 10 min tona çatdırılması qarşıya qoyulan məqsədlərdəndir. 2016-cı ildə Mingəçevirdə təməli qoyulan 10-a yaxın zavod iplik və digər sahələr üzrə fəaliyyətə başlayacaq. Bu, həm də yeni iş yerlərinin yaradılması deməkdir. Təkcə 150 minə yaxın vətəndaşın pambıqçılıqda işləyəcəyi proqnozlaşdırılır.
Bundan başqa, uğurlu iqtisadi siyasətin davamı olaraq, 2016-cı ilin avqustunda İsmayıllıda "İsmabikes” Velosiped Zavodu fəaliyyətə başlayıb. Ölkə başçısının açılışında iştirak etdiyi zavodun əsas fəaliyyət sahələri velosipedlərin və əlil arabalarının istehsalıdır. Hazırda zavodda 30 nəfər işçi çalışır və onlar əsasən İsmayıllı rayonundan olan gənclərdir. Yaxın iki il ərzində işçi sayının 100 nəfərə çatdırılacağı planlaşdırılır. Zavod açılarkən 3 əsas modeldə velosiped istehsal edib və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərək modellərin sayı 50-yə çatdırılıb. 2017-ci ilin iyul ayında zavod yeni modellərin ictimai təqdimatını keçirib, hazır məhsulların satışına başlayıb.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün maraqlı təkliflə çıxış edib. Məmurlara səslənən Prezident "Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm” deyib. Məhz bu çıxışdan sonra Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan avtomobillərə maraq artıb. Hazırda ümumi ərazisi 2,6 hektar təşkil edən zavodda 50 işçi çalışır.
Azərbaycanın regiondakı qüdrətinin təcəssümü - Bakı-Tibilisi-Qars
Ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində tədbirlər, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib. Məhz 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Regionda ən böyük nəqliyyat layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan,Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilivə digər dost ölkələrin rəsmi nümayəndələri iştirak edib. BTQ dəhlizi üzrə yük daşımalarının maksimum həcmi ildə 17 milyon ton səviyyəsində proqnozlaşdırılır. İlkin mərhələdə bu göstərici 6,5 milyon ton yük olacaq, eləcə də bir milyona qədər sərnişin daşınacaq. Bu layihə reallaşdırılandan sonra yüklər Londondan maneəsiz şəkildə Pekinə göndərilə biləcək. Aktau və Türkmənbaşı limanları vasitəsilə yükləri Çinə, Hindistana, Pakistana, Əfqanıstana çatdırmaq mümkün olacaq.
Regionlarda nəqliyyat, səhiyyə, təhsil, mədəniyyət
Dövlət Proqramlarının icrası çərçivəsində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilib və ya təmir edilib, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilib. Nəqliyyatın hərəkətinin tənzimlənməsi və idarə olunması məqsədilə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıb. Regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Burada əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasıdır. 2014-2018-ci illərdə səhiyyə sahəsində qarşıya qoyulan əsas məqsədlər regionlarda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi olacaqdır. Regionlarda səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi işləri davam etdiriləcək.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regionlarda əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, mütəxəssislərin bilik və bacarıqlarının daim artırılması sahəsində müvafiq tədbirlərin davam etdirilməsi; regionlarda əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi, tibbi-profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi; səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənayesi müəssisələrinin yaradılmasının dəstəklənməsi və s. daxildir. Tədbirlər çərçivəsində ucqar rayon və kənd yerlərində yaşayan gənclər üçün məlumat-məsləhət xidmətləri şəbəkəsinin genişləndirilməsi, gənclərin sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili sahəsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması üçün müvafiq şəraitin yaradılması nəzərdə tutulub. Qarşıdakı illərdə regionlarda mədəni irsin qorunması, qloballaşma şəraitində mədəni çeşidliliyin daha da inkişaf etdirilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, regionlarda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər davam etdiriləcək. Dövlət Proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkə regionlarının davamlı inkişafında və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Gülşən Raufqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür
banner

Oxşar Xəbərlər