• cümə axşamı, 18 aprel, 14:41
  • Baku Bakı 22°C

Azərbaycan regional əməkdaşlığa hazırdır, Ermənistan necə?

04.12.20 15:15 1372
Azərbaycan regional əməkdaşlığa hazırdır, Ermənistan necə?
Rəsmi Yerevan əsassız ərazi iddialarından, geosiyasi alət rolunda çıxış etməkdən əl çəkərsə...
Azərbaycan, işğalçı Ermənistan istisna olmaqla dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən əməkdaşlıqda daim maraqlı olub. İndiyə qədər regional və beynəlxalq müstəvidə bütün ölkələrlə formalaşan münasibətlər yalnız dostluğa, sülhə xidmət edib. Bu əməkdaşlıqdan bütün tərəflər ictimai-siyasi, iqtisadi və sair dividentlər qazanıb. Lap əvvəldə qeyd etdiyimiz kimi, yalnız Ermənistan bütün proseslərdən kənarda qalıb. Bunun yeganə səbəbi Ermənistanın yürütdüyü təcavüzkarlıq siyasəti, qonşularına qarşı əsassız ərazi iddiaları ilə çıxış etməsidir. Belə ki, cəmisi 2 milyonluq demoqrafik göstəriciyə malik olan Ermənistan 85 milyon əhalisi olan Türkiyəyə, 84 milyonluq İrana, 10 milyonluq Azərbaycana və 4 milyonluq Gürcüstana qarşı ərazi iddiaları irəli sürür. Soyqırımı, deportasiya siyasəti həyata keçirən bu işğalçı ölkə 30 ilə yaxın bir müddətdə Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayıb, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirib. Məhz belə işğalçı siyasətinə, əsassız ərazi iddialarına görə, Ermənistan regiondakı bütün proseslərdən, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrindən, Bakı-Tbilisi-Qars dəmir yolu və sair nəqliyyat layihələrindən kənarda qalıb, olduqca ağır iqtisadi vəziyyətlə üzləşib.

Bölgənin yeni əməkdaşlıq çərçivələri

Amma sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycanın işğal altındakı torpaqlardan düşməni qovması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsi, ərazi bütövlüyünü təmin etməsi regionda yeni reallıq yaradıb. Bölgədə 30 ilə yaxın bir müddətdə davam edən işğala son qoyan Azərbaycan, bu gün və gələcək üçün yeni təhlükəsizlik, əməkdaşlıq formatını təşkil edib. Bu, Ermənistan üçün də bir şansdır və regionda yaşayan xalq olaraq ermənilərin gələcəyi rəsmi Yerevanın bu şansı necə dəyərləndirməsindən asılı olacaq. Prezident İlham Əliyevin dekabrın 1-də Azərbaycan xalqına müraciətində vurğuladığı kimi, bu format, bu əməkdaşlıq nədən ibarət olacaq, bunu həyat göstərəcək. Həmin müraciət zamanı üçtərəfli razılaşmaya diqqət çəkən ölkə başçısı deyib ki, Azərbaycan bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri görüb, öz torpaqlarını azad edib və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaq. Prezident Ermənistanın da bu əməkdaşlıqda iştirakını istisna etməyib: "Bəyanata, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə bənd də salınıb. Bu o deməkdir ki, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Bununla biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Bütün ölkələr buradan faydalanacaq. Azərbaycan öz ayrılmaz tərkib hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan da bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. ...Biz istəyirik ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Biz əməkdaşlığa hazırıq”.


Ermənistanı çox ciddi iqtisadi fəlakət gözləyir

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili işğalçılıq siyasəti nəticəsində indiyə qədər Ermənistanın regional layihələrdən kənarda qalmasına, ölkə iqtisadiyyatının acınacaqlı durumuna fikir yönəldib. Bildirib ki, Ermənistanı gələcəkdə çox ciddi iqtisadi fəlakət gözləyir: "Qarabağın işğaldan azad edilməsi onun resurslarını istismar edən Ermənistan üçün çox böyük iqtisadi zərbədir. Komitə sədri bildirib ki, hazırda Ermənistanın xarici dövlət borcu təqribən 8,1 milyard dollar, valyuta ehtiyatlarının toplam həcmi isə 0,95 milyard dollardır. Ölkənin xarici dövlət borcu ümumdaxili məhsulun (ÜDM) 60,32 faizinə çatıb. Bu ilin yanvar-sentyabr aylarında Ermənistan iqtisadiyyatında geriləmə 6,6 faiz olub. İqtisadiyyata sərmayə qoyuluşu cəmi 99 milyon dollar təşkil edib. Milli valyuta olan dram sürətlə qiymətdən düşür: hazırda 1 dollar 525 dramdır. Qarşıda isə nağd pul çatışmazlığı, hiperinflyasiya, vergi ödənişlərinin kəskin azalması, işsizlik və yoxsulluq səviyyəsinin artımı var. Ehtiyatda olan 500 milyon dollar savaş günlərində dramın çökməsinin qarşısını almaq üçün valyuta intervensiyalarına sərf olunub”.


Onları kimsə xilas edə bilməyəcək

Deputat nəzərə çatdırıb ki, İkinci Qarabağ Müharibəsinin nəticələri Ermənistan üçün ümumiyyətlə, fəlakətlidir: "Bundan başqa, Ermənistanda 10 ən iri vergiödəyici arasında "GeoMining Gold", "İnternational Masis Tobacco", "Alex Holding" var. Bu şirkətlərin üçü də Zod, Vejnəli və sair yataqların istismarı, Hadrut, Fizuli və Qubadlı rayonlarındakı tütün plantasiyaları, habelə Kəlbəcər rayonunun təbii ehtiyatlarının istismarı hesabına fəaliyyət göstərirdi. Ermənistanın enerjiyə tələbatının 11,3 faizi Qarabağdakı 6 elektrostansiya hesabına ödənirdi. Həmin stansiyaların 3-ü Kəlbəcərdə, biri Suqovuşanda, ikisi Laçındadır. Yəni Ermənistan 5 hidroelektrostansiyadan aldığı enerjini birdəfəlik itirib. Ermənistanın taxıla olan ehtiyacının 25 faizi Qarabağ hesabına ödənirdi. Artıq bu, mümkün deyil, çünki ermənilər Hadrut, Füzuli, Kəlbəcər, Zəngilan və Qubadlı rayonlarındakı tarlalardan məhrum oldular. Və ən nəhayət, Ermənistan dünya şərab bazarına çıxardığı, 8 ölkədə satdığı "Kataro" şərab brendini də itirdi. "Kataro" şərabları Hadrutun Tuğ kəndində istehsal olunur. Həmin kənd isə erməni işğalından qurtulub. Ermənistanı çox ciddi iqtisadi fəlakət gözləyir. Bundan isə onları kimsə xilas edə bilməyəcək”.


Bütün danışıqlar Rusiya ilə aparılır

Millət vəkili, siyasi şərhçi Sahib Alıyevbildirib ki, indiyə qədər yeritdiyi siyasətdən, qonşularına qarşı mərdimazarlıqdan, əsassız ərazi iddialarından, geosiyasi alət rolunda çıxış etməkdən əl çəkməsi Ermənistan qarşısında qoyulan ən əsas şərtdir. Onun sözlərinə görə, bütün bunlar baş verəcəyi təqdirdə, təbii ki, regiondakı proseslərə Ermənistan da qoşula bilər: "Naxçıvan dəhlizi məsələsini Prezident İlham Əliyev də xalqa müraciətində xüsusi vurğulayıb. Bu dəhliz Azərbaycanla Rusiya arasında aparılan danışıqların predmetidir. ÇünkiErmənistanın bütün dəmiryolları, səhmləri Rusiyadadır. Təsadüfi deyil ki, rəsmi Moskvanı təmsil edən nümayəndə heyətinin regiona səfəri zamanı Rusiyanın dəmir yolları idarəsinin rəisi də tərkibdə yer almışdı. O, Azərbaycana səfərdə də iştirak etdi. Yəni bu dəhlizlə bağlı bütün danışıqlar Rusiya ilə aparılır, görüləcək işlər Bakı ilə Moskva arasında müəyyənləşdirilir. Ermənistanın üzərinə düşən yeganə iş bütün bu proseslərə mane törətməməkdir. Dövlət olaraq onların bu prosesə hər hansı töhfə verəcəyini gözləməyə dəyməz. Xalqa müraciətində Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dəhlizdən Azərbaycanla yanaşı Türkiyə, Rusiya və İran da istifadə edəcək. Əgər istəsə, Ermənistan da qoşula bilər. Bunun üçün isə fikrimin əvvəlində qeyd etdiyim kimi, Ermənistan indiyə qədər olan siyasətindən, işğalçılığından, alət rolunu oynamağından əl çəkməli, normal qonşu kimi davranmalıdır”.


İlk növbədə kommunkiasiyalar açılmalıdır

İqtisadçı millət vəkili Azər Badamovda işğalçılıq siyasəti nəticəsində Ermənistanın düşdüyü çətin durumdan söhbət açıb. Bildirib ki, bu müharibədə Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının dəyəri 4 milyard ABŞ dolları təşkil edib. O, ölkədəki ağır iqtisadi durumu da xatırladaraq, bundan çıxış yolunun yalnız qonşularla sağlam münasibətlər qurmaqdan, əsassız ərazi iddialarından əl çəkməkdən, normal həyat tərzi sürməkdən ibarət olduğunu vurğulayıb: "Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb. Bu bəyanatın 9 şərti var. Onların əksəriyyəti indiyə qədər icra olunub. Bir neçə şərt – bənd isə hazırda icraatdadır. Misal üçün, Bəyanatın 9-cu maddəsində qeyd olunur ki, Naxçıvan-Mehri-Zəngilan nəqliyyat dəhlizi açılmalıdır. Bu dəhlizin təhlükəsizliyini Rusiya Federasiyasının sərhəd qoşunları təmin edəcək. Bu dəhliz açılandan sonra Ermənistan qonşu dövlət olaraq səmimi, qarşılıqlı maraqlara hesablanan münasibətlər qurmağa həvəs göstərəcəksə, o zaman regionda yeni iqtisadi vəziyyət meydana çıxacaq. İlk növbədə kommunikasiyalar açılmalıdır. Bu, Ermənistanın iqtisadi inkişafı üçün pəncərə rolunu oynaya bilər”.


Əgər bundan sonra Ermənistan sülhə töhfə verərsə...

Deputat vurğulayıb ki, Naxçıvan dəhlizi Azərbaycanın Türkiyəyə açılan birbaşa qapısı olmaqla bərabər, Avropaya açılan kommunikasiya xətləri də deməkdir. Onun fikrincə, bu, yeni bir reallıq yaradır: "Bu dəhliz indiyə qədər mövcud olan digər nəqliyyat dəhlizlərindən 300 kilometr qısa olması ilə də diqqət çəkir. Bu dəhliz vasitəsilə yüklərin daşınması, sərnişinlərin hərəkəti vaxt və məsafə baxımından olduqca əlverişlidir. Ona görə də, bu dəhliz iqtisadi baxımdan Azərbaycan üçün də xüsusi əhəmiyyətə malikdir. Sözügedən dəhlizin istifadəyə verilməsi Azərbaycanın yeni beynəlxalq tranzit nəqliyyat layihəsinə imza atması deməkdir. Təbii ki, bu, ölkəmiz üzərindən daşımaların həcminin kifayət qədər artması ilə müşayiət olunacaq və dövlət büdcəmizə əlavə vəsaitlər daxil olacaq. Bütün bu reallıqları, imkanları nəzərə alanda, görürük ki, sözügedən dəhlizin istifadəyə verilməsi region ölkələrinin hamısı üçün, o cümlədən Ermənistan üçün də xeyirlidir. Bu vaxta qədər Ermənistan işğalçılıq siyasəti ilə özünü hərtərəfli blokadaya salmışdı. İki qonşu dövlət olan Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması Ermənistanı dalana dirəmişdi. Əgər bundan sonra Ermənistan sülhə töhfə verərsə, səmimi münasibətlərin qurulmasında yaxından iştirak edərsə, bu dalandan, iqtisadi blokadadan qurtula biləcək”.

Yerevan-Tbilisi münasibətlərində sərinliyə əsas səbəblər

A.Badamov deyib ki, işğalçılığa, əsassız iddialara son qoyacağı təqdird,ə Ermənistan Azərbaycanın həyata keçirdiyi, gələcəyə hesablanmış beynəlxalq dəhlizlərdən, layihələrdən yararlanmaq imkanı əldə edəcək: "Bu gün Ermənistanın Rusiyaya yeganə çıxış yolu Gürcüstan vasitəsi ilədir. Ermənistanın Gürcüstanla da münasibətlərinin tam səmimi olmaması, xüsusən də Çavaxetiya bölgəsində ermənilərin separatçı bəyanatlarla çıxış etməsi, 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsində Abxaziya və Osetiyada ermənilərin Gürcüstana qarşı vuruşması və sair amillər Yerevan-Tbilisi münasibətlərində sərinliyə əsas səbəblərdir. Bundan başqa, Ermənistanı Gürcüstan vasitəsilə Rusiyaya birləşdirən nəqliyyat dəhlizi bütün fəsillərdə işlək olmur. Orada relyef elədir ki, qış aylarında çoxlu qar yağır və yollar keçilməz olur, bağlanır. Bu da Ermənistanı böyük çətinliklərlə üz-üzə qoyur. Bütün bunları nəzərə alsaq, Azərbaycanla səmimi qonşuluq münasibətlərinin yaradılması Ermənistan üçün yeni həyat mənbəyi, nəfəslik deməkdir. Azərbaycansız Ermənistan dünyada heç nədir. Yalnız səmimi qonşuluq münasibətləri sayəsində Ermənistan yenidən nəfəs ala bilər”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər