• çərşənbə, 24 Aprel, 12:41
  • Baku Bakı 27°C

“Azərbaycan qızları bir-birinə çox bənzəyir” – Əcnəbi

28.09.16 12:03 3730
“Azərbaycan qızları bir-birinə çox bənzəyir” – Əcnəbi
Azərbaycanı, insanlarımızı sevdiyini deyir. Ölkəmizlə bağlı hər hansı neqativ bir fikri yoxdur. Buna səbəb isə torpağımıza qədəm basdığı ilk gündən xoş münasibətlə qarşılaşmasıdır. Müsahibimiz Bakı Dövlət Universitetinin 3-cü kursunda təhsil alan Çin vətəndaşı Ma Hengyuandır.
Müsahibimiz deyir ki, Azərbaycanda təhsil almasını atası istəyib. Atası isə bu fikrə azərbaycanlı dostunun ölkəmiz haqqında danışdıqlarından sonra gəlib: "Mən Çinin Pekin şəhərində doğulub böyümüşəm. Anam Çində, atam isə Rusiyada işləyirdi. Rusiyada azərbaycanlılar çoxdur. Atamın da azərbaycanlı yaxın dostu var idi. Ölkəniz haqqında necə danışmışdısa, atam burada insanların mehriban olduğunu demişdi. Bura gəldikdən sonra dediklərinin həqiqət olduğunu gördüm”.

"Azərbaycanda qalıb çalışmaq istəyirəm”

Ma filologiya ixtisası üzrə təhsil alır. Deyir ki, Azərbaycan dilini mükəmməl öyrənmək, ölkəmizdə qalıb işləmək istəyir: "Çində universiteti bitirəndən sonra iş tapmaq çox çətin olur. Çünki kadr çoxdur. İngilis, rus və digər dilləri bilən kifayət qədər kadr var. Ona görə elə bir ixtisas seçməliydim ki, sonra iş tapmaqda problemim olmasın. Çində çox az adam Azərbaycan dilini bilir. Mən də bu dili öyrənməyi qarşıma məqsəd qoymuşam. Amma öyrənmək mənim üçün elə də asan deyil. Diliniz çox çətin deyil, sadəcə, mən rus və ingilis dillərini bilmirəm. Mənə elə müəllim lazımdır ki, sırf Çin dilindən Azərbaycan dilinə və əksinə öyrətsin. Bu cür müəllimlər isə yoxdur. Rus və ingilis dillərini bilsəydim, Azərbaycan dilini tam öyrənmək mənə daha asan olardı. Təhsilimi bitirəndən sonra da Azərbaycanda qalıb çalışmaq istəyirəm. Azərbaycanda çinli çoxdur. Amma onlar rusca danışırlar, heç biri Azərbaycan dilini bilmir. Düşünürəm ki, Azərbaycan dilini yaxşı öyrənsəm, burada iş tapmaq mənə asan olacaq. Çin və Azərbaycan dilindən tərcüməçi kimi fəaliyyət göstərə bilərəm”.

"Bizim toylarda belə oynamaq yoxdur”

M.Hengyuan Azərbaycan toylarında rəqs etmə ənənəsinin ona qəribə gəldiyini deyir: "Bir dostum məni Azərbaycan toyuna dəvət etmişdi. Sizin toyunuzda mənə qəribə gələn rəqslər oldu. Bizim toylarda Azərbaycandakı kimi oynamaq yoxdur. Toylarda söhbət edirik, yemək yeyirik, rəqs olmur. Amma sizin toyda iştirak edəndə Azərbaycan musiqisinə toyda mən də rəqs etməyə çalışdım”.
Daha bir adət etmədiyi hal isə piyadaların yol hərəkəti qaydalarına məhəl qoymamasıdır: "Mən birinci dəfə Azərbaycanda gördüm ki, piyadalar avtomobillər üçün qırmızı işıq yanmayan, piyada keçidi işarəsi olmayan yerlərdən keçirlər. Bizdə qırmızı işıq yanmasa, heç bir maşın piyadaya yol vermir, sürətlə sürüb gedir. Yaxud piyada zolağı yoxdursa, oradan piyada keçmir. Amma Azərbaycanda piyada yolun istədiyi yerindən keçir və maşınlar da sırayla dayanıb piyadaya yol verir”.

"Azərbaycan qızları bir-birinə çox bənzəyir”

Müsahibim nişanlıdır. Deyir ki, nişanlısına ölkəmiz haqqında danışıb. Buna görə o da toydan sonra Azərbaycanda yaşamaqla bağlı problem yaratmır: "Nişanlım Çində işləyir. Hər gün Skaypla danışırıq. Universiteti bitirəndən sonra evlənib onu da Azərbaycana gətirəcəm”.
O bildirdi ki, nişanlı olmasaydı, azərbaycanlı qızla da evlənə bilərdi. Çünki qızlarımız arasında elə də böyük fərq görmür: "Amma onu deyim ki, azərbaycanlı qızlar az danışır. Azərbaycanda deyirlər ki, Çin qızları bir-birindən seçilmir. Amma Azərbaycan qızları da bizə görə bir-birinə çox bənzəyir. Fərqləndirmək elə də asan olmur”.
Müsahibimiz oğlanlarımızın yaşlarından böyük göründüyünü deyir: "Bu görünüş də saqqal sayəsində yaranır. Mən birinci kursda oxuyanda 21 yaşım vardı. Qrup yoldaşlarım 17-18 yaşdaydılar. Çoxu saqqal saxlayır, bu da onları yaşlarından böyük göstərir”.
M.Hengyuan deyir ki, Azərbaycanda oğlanlar qızlara çox hörmət edirlər: "Azərbaycanda öz ölkəmizdə qarşılaşmadığm bir hal da var. Oğlanlar qızların yanında danışarkən müəyyən bir sərhəd saxlayırlar. Çində oğlanlar bu qədər diqqətli olmurlar. Bizdə də oğlanlar qızların yanında çox nalayiq sözlər danışmırlar, amma sizdəki kimi sərhəd də yoxdur. Amma sizin oğlanlar xanımlarla danışanda daha diqqətli olurlar. Mən də təbii ki, bu etiket qaydasına riayət etməyə çalışıram”.

"Məmnuniyyətlə Astarada yaşayaram”

Müsahibimizin fikrincə, Azərbaycanda bayramlar özünəməxsus şəkildə qeyd edilir: "Azərbaycanlı dostum bir dəfə Novruz bayramında məni Astara rayonunun kəndinə aparmışdı. Orada bayram çox qəşəng keçdi. Şəkərbura, paxlavanı çox sevdim. Bu kimi şirniyyatlar bizdə yoxdur. Ümumiyyətlə, bizdə acını çox sevirlər, sizdə şirini”.
Astarada bir dəfə qonaq olan həmsöhbətimiz kənd həyatını bəyənib, hətta kənddə yaşamağın onun üçün problem olmadığını deyir: "Astarada kənd həyatını çox bəyəndim. Kənd həyatı şəhər həyatından daha rahat təsir bağışladı. Kənd evləri də qəşəng və rahat idi. Hər kəs ayrı-ayrılıqda heyvan saxlayır. Kəndin ortası ilə bəzən yolda xeyli heyvan keçir ki, bu da maraqlı idi. Mən Astarada məmnuniyyətlə, yaşayaram amma yəqin ki, heyvan saxlamağı, əkin işini bacarmaram”.
Gələcəklə bağlı planlarına gəldikdə isə Ma Azərbaycanda iş tapıb burda qalmaq istəyir. Amma onu da deyir ki, proseslərin necə cərəyan edəcəyini zaman göstərəcək.
Aygün Asimqızı


banner

Oxşar Xəbərlər