• cümə, 29 Mart, 11:24
  • Baku Bakı 5°C

Azərbaycan qazının Avropaya nəqlində ciddi addım atıldı

01.07.13 09:07 1764
Azərbaycan qazının Avropaya nəqlində ciddi addım atıldı
Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını rəsmən açıqladı.
Bununla bağlı iyunun 28-də Bakıda keçirilən tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell qeyd edib ki, «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və düzgün seçimini edərək TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb: «Bu layihə strateji önəm daşıyır və bu layihənin icrası nəticəsində Azərbaycan yeni kəmər vasitəsilə Avropanın yeni qaz təchizatçısına çevriləcək».
Q.Birrell onu da bildirib ki, seçim aparılarkən kəmərin maliyyə və kommersiya, təhlükəsizlik, şəffaflıq, səmərəli fəaliyyət və dizayn kimi aspektlər nəzərdən keçirilib: «TAP vasitəsilə ilkin olaraq ildə 10 mlrd. kubmetr qaz Azərbaycandan Avropaya çatdırılacaq. Layihə əlavə qaz infrastrukturunun yaradılmasına da səbəb olacaq. Azərbaycandakı «Şəfəq-Asiman» kimi qaz yataqları gələcəkdə Azərbaycandan Avropaya qaz nəqlini artıracaq».
«Şahdəniz-2» layihəsinə sərmayə qoyuluşlarından danışan BP rəsmisi əlavə edib ki, ikinci mərhələyə 40 mlrd. ABŞ dolları həcmində vəsait yatırılacaq, bu da ildə 16 mlrd. kubmetr qazın nəqlinə gətirib çıxaracaq. Q.Birrell həmçinin bildirib ki, cari ilin sonunadək TAP layihəsinə sərmayə qoyuluşu ilə bağlı qərar qəbul olunacaq.
Azərbaycan qazının Avropaya nəqlində ciddi addım atılıb. Bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib: "Bu Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Azərbaycanın rolu bu yaxınlarda Brüsseldə bir daha təsdiqləndi".
“ABŞ TAP layihəsini tam şəkildə dəstəkləyir”
Bu bəyanatla ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar çıxış edib. “Şahdəniz” konsorsiumunun Azərbaycan qazının Avropa bazarına nəqli layihəsinin rəsmi elan olunmasına həsr edilmiş mərasimdə çıxış edən səfir “Şahdəniz” konsorsiumunu, TAP konsorsiumunu və bu layihələrə cəlb olunan ölkələri təbrik edib: “Bu, layihənin reallaşması istiqamətində mühüm andır”.
Səfir qeyd edib ki, ABŞ layihə seçimində neytral mövqedən çıxış edir və Azərbaycan qazının Avropa bazarına daha az həcmdə nəql etmək imkanına malik TAP layihəsini də dəstəkləyəcək.
Bu, dönüş nöqtəsidir
Avropa Komissiyası Azərbaycan qazının Avropaya ötürülməsi üçün boru kəmərinin yekun seçiminə dair qərarı alqışlamışdır. İllik 16 milyard kubmetr qaz ehtiyatını hasil etmək üçün lisenziyası olan "Şahdəniz II" qaz yatağı Konsorsiumu qazın Türkiyə sərhədindən Yunanıstan və Albaniyadan İtaliyaya çatdırılması üçün Trans Adriatik boru kəmərini (TAP) seçib. Türkiyədə tikilməkdə olan yeni TANAP boru kəmərini nəzərə aldıqda, yeni qaz infrastrukturu birbaşa Xəzər dənizini Avropa ilə əlaqələndirəcəkdir.
Trend-in Aİ-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Aİ Komissiyasının prezidenti Joze Manuel Barrozu deyib ki, "Cənub Qaz Dəhlizi"nin Avropa marşrutu olaraq Trans Adriatik boru kəmərinin (TAP) seçilməsi ilə bağlı "Şahdəniz II" Konsorsiumunun qərarını alqışlayır:
"Bu, Avropanın birgə uğuru və ittifaqımızın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsidir. Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycanın Prezidenti Əliyevlə imzaladığım strateji Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi keçid olacaq və zamanla genişlənəcək "Cənub Qaz Dəhlizi"nin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcəkdir".
Aİ-nın enerji məsələləri üzrə komissarı Günter H. Oettinger isə bildirib ki, qazın yeni xüsusi qaz boru kəməri sistemilə birbaşa Avropaya çatdırılması ilə bağlı Azərbaycan öz üzərinə aydın öhdəlik götürüb: "Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız var və gələcəkdə daha çox qaz qəbul edəcəyimizdən əminəm."
2009-cu ildə baş vermiş qaz böhranından sonra Avropa İttifaqı öz qaz təchizatını şaxələndirməyə çalışır. Strategiyalardan biri Avropa İttifaqının qaz bazarını dünyanın ən geniş qaz depoziti olan Xəzər dənizi hövzəsi və Yaxın Şərqlə birbaşa və fiziki baxımdan birləşdirmək üçün "Cənub Qaz Dəhlizini" açmaq olub.
Prinsipcə, Xəzər dənizindən Aİ-na qaz həm Baumgarten/Vyanaya (Nabucco West), həm də İtaliyaya (TAP) ötürülə bilərdi. Konkret marşrutdan asılı olmayaraq, Avropa Komissiyası hər zaman o faktı vurğulamağa çalışmışdır ki, istənilən variant qazın sonradan Xəzərdən Avropanın digər hissələrinə təchiz olunmasına imkan verməlidir. Avropa İttifaqı həm də gələcəkdə əlavə qaz həcmlərinin daşınması üçün miqyası genişlənə bilən yeni boru kəmərinin Aİ-dan kənarda tikilməsində, eləcə də Avropaya qazın nəqli üçün aydın və şəffaf hüquqi bazanın mövcud olmasında təkid etmişdir.
Aİ-da çatışmayan birləşdirici xətlərin tikintisi ilə bağlı Aİ-nın təşviq etdiyi cari işlə yanaşı, "Cənub Qaz Dəhlizi"nin açılması Xəzərdə hasil olunan qazın Avropada, xüsusilə də cənub-şərqi Avropada bir sıra ölkələrə də çatdırılmasına imkan verəcəkdir.
Aİ əlavə qaz həcmləri baxımından daha geniş regionda potensial qaz təchizatçıları ilə danışıqları davam etdirir.
Beynəlxalq Enerji Agentliyi proqnozlaşdırır ki, Aİ-da qaza tələbat 2030-cu ilədək 526 milyard kub metrdən 622 milyard kub metrədək artacaqdır. Eyni şəkildə, Aİ-nın "2050 Enerji Yol xəritəsi"ndə təxmini hesablanmışdır ki, xüsusən də daxili istehsal sahəsində azalma nəticəsində qaz idxalları artacaqdır. Bu əlavə tələbatı yeni, əlavə qaz təchizatçıları ödəməlidir.
Trans Adriatik boru kəməri (TAP) layihəsinin səhmdarlarının tərkibi İsveçrənin "Axpo" (42.5%), Norveçin "Statoil" (42.5%) və Almaniyanın "E.ON" (15%) şirkətlərindən ibarətdir.
Trans Anadolu Boru kəməri (TANAP) 2012-ci ilin iyun ayında artıq seçilmişdir. Səhmdarların tərkibi: Türkiyənin Botas və TPAO (20%) şirlkətləri, Azərbaycanın ARDNŞ (80%).
Fuad Abbasoğlu
banner

Oxşar Xəbərlər