• çərşənbə axşamı, 19 mart, 11:58
  • Baku Bakı 8°C

“Azərbaycan Qafqazın incisidir” - Fotolar

18.10.17 13:20 7687
“Azərbaycan Qafqazın incisidir” - Fotolar
İlk baxışdan maraqlı adam təsiri bağışlayır. Ünsiyyət qurmaqda da heç bir problemi yoxdur. Nitqində tez-tez Azərbaycan dilindən sözlər işlətməsi, ölkəmizə heyranlığını gizlətməməsi səmimiyyətini daha da artırır. "Səfir danışır” layihəsinin növbəti qonağı - Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini ilə görüş maraqlı gün kimi "Kaspi”nin tarixinə yazıldı.
Bütün dünya üçün turizm

- Siz bu yaxınlarda yerli səyahət agentlikləri ilə görüş keçirərək Meksikanın turizm imkanları barədə məlumat vermisiniz. Ölkənizin turizm imkanları barədə məlumatlar heç şübhəsiz, Meksikanı görməyənlər üçün maraqlıdır. Yeri gəlmişkən, «Sehirli kəndlər» konsepsiyası haqda nə deyə bilərsiniz?
- Düzdür, mən keçən həftə Azərbaycandakı turizm şirkətlərinin nümayəndələri ilə görüşüb Meksikanın turizm imkanları barədə söhbət açdım. Son illər ərzində Meksika iqtisadiyyatı böyük inkişafa nail olub. Bu inkişafın əsas istiqamətlərindən biri də turizm sahəsidir. Belə ki, turizm sahəsi ölkənin ümumdaxili məhsulunun 9 faizini təşkil edib. ÜDM-in həcmi 1,3 trilyon dollar təşkil edir. Bu da Rusiyanın ÜDM-ə yaxın göstəricidir. Meksikanın turistlərə təklif edəcəyi bir çox məkanlar - çimərliklər, piramidlər, müstəmləkə dövrünün abidələri, ispanların gəlişindən əvvəlki dövrə aid tarixi yerlər var. Həmçinin ləzzətli Meksika təamlarını təqdim edə bilirik. Bu təkliflər əsnasında Meksika hazırda dünyanın ən çox ziyarət olunan 8-ci ölkəsidir. Keçən il ölkəyə gələn turistlərin sayı 35 milyon nəfərə çatıb. Bu il Meksikanı ziyarət edən turistlərin sayının 37 milyon olacağı ehtimal edilir. Gələn turistlərin 86 faizi yenidən Meksikaya qayıtmaq istəyir. Meksikanın 11 min kilometr məsafəni əhatə edən çimərlikləri var. Ölkəyə gələn turistləri cəlb edən cəhət çoxşaxəlilikdir. Siz Meksikaya gələndə həm müasir, həm müstəmləkə, həm qədim dövrlərə aid şəhərlərə, tarixi məkanlara rast gələ bilərsiniz. Meksikada metro xətləri çəkilərkən qazma işləri aparılanda çox vaxt piramidlərə rast gəlinir. Hal-hazırda da vəziyyət belədir. Meksikada 200 mindən çox arxeoloji məkan var. Meksikanı cəzbedici edən tərəflərdən biri də dediyim kimi onun ləzzətli təamlarıdır. Meksikanın asteklərə aid mətbəxi YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi İrsi siyahısına daxil edilib. Azərbaycanlılar Meksikaya gedəndə yeni mədəniyyətlə tanış olurlar. Onlar ölkələrimiz arasında mübadilə apara, oxşar olmayan cəhətləri öyrənə bilərlər. Mən həmişə bu ifadəni təkrar edirəm: biz reallığı mədəniyyət, təbiətin bizə verdiyi nemətlər vasitəsilə qəbul edirik.«Sehirli kəndlər»ə gəlincə, hər bir kənd turistlərə müxtəlif təkliflər edir. Bir «Sehirli kənd»də turistlər müstəmləkə dövrünə, həmçinin ispanların gəlişinə qədərki dövrə aid abidələrə rast gələ bilərlər. Maraqlı festivallar keçirilən bu yerlərdə, çimərliklərlə əhatə olunan məkanları gəzmək və bir çox mədəni zənginliklərə rast gəlmək olur. Meksikada 111 «Sehirli kənd» mövcuddur. Bu kəndlər ölkəmizin turizmində əsas yer tutur. Turizmin bu sahəsinin inkişafına görə 2 milyon meksikalı ailə mənfəət görür. Bu, sırf «Sehirli kənd» anlayışına aiddir. Ümumilikdə isə bu kəndləri hər il ziyarət edənlərin sayı 4 milyondan çoxdur və həmin sahənin illik gəlir göstəricisi 6 milyard Meksika pesosu (təxminən 330 milyon ABŞ dolları) cıvarındadır. «Sehirli kənd»lər yalnız cənubda və şimalda deyil, ölkənin bütün ərazində yerləşir. Bəzi "sehirli kəndlər”də müasir texnologiyalardan uzaq insanlar yaşayır, onlar təsərrüfata sıx bağlıdırlar. Həmin yerlərə səyahət edəndə gündəlik həyatımıza daxil olan bu texnologiyalardan qaça bilərik. Mexiko şəhəri də «Sehirli kənd» adını daşıyır. Biz bu şəhərdə həm müasirliyin, həm də qədimliyin vəhdətini görürük: qalalar, piramidlər, ləzzətli təamlar, abidələr…

- Siz həmişə deyirsiniz ki, ölkələrimizin mətbəxi arasında oxşarlıq var. Araşdırsaq bəlkə də tarixi yaxınlığımızın daha dərin kökləri mövcuddur?
- Sizinlə razıyam... Mən mətbəxdən ona görə söz açdım ki, təamlar həyatımızın önəmli hissəsindən biridir. Həm Azərbaycanda, həm də Meksikada biz ləzzətli təamları yeməsək yaşaya bilmərik. 2 il əvvəl mən Bakıya gələndə burada "tərxun” gördüm. Bizdə isə buna "estraqon” deyirlər. Siz tərxundan sərinləşdirici içki, limonad hazırlayırsınız. Biz isə ondan ədviyyat kimi istifadə edirik. Mən "Yaşıl bazar”da "pərpətöyün” gördüm, biz ona "verdolagas” deyirik. Bizdə daha çox bu bitkinin yarpağından istifadə olunaraq isti, sizdə isə gövdəsindən soyuq qəlyanaltı hazırlanır. Biz Meksikada azərbaycanlılara tanış olan təamları bir qədər fərqli şəkildə təqdim edə bilərik. Bu cür oxşarlıqlar əsnasında biz iki xalqın bir-birinə daha yaxın olmasının şahidi oluruq. Xaçmaz və Qəbələ şəhərlərində keçirilən dolma və mürəbbə festivallarında iştirak etdik. Biz dolma festivalında azərbaycanlılar üçün "tamal” deyilən təamı təqdim etdik. Biz ona "Meksika dolması” deyirik. Bu, ya qarğıdalı, ya da banan yarpağına bükülmüş və xəmirin içinə əlavə olunmuş içlikdir. Festivala gələn qonaqlar bu təamla maraqlandılar və onun "dolma” olduğunu hesab etdilər. Qəbələ rayonundakı mürəbbə festivalı da bizim üçün çox maraqlı idi. Mən 6 mürəbbə bişirdim. Meksika mürəbbələrini Azərbaycanda əldə edilən tərəvəzlər və meyvələr vasitəsilə hazırladım. İçərisində Çili bibəri də var idi. Bizdə bir çox şirniyyatlarda çili bibərindən istifadə olunur. Qırmızı və yaşıl rəngli acı bibərlərdən də istifadə etdim. Qonaqlara qarpız, alma və Çili bibəri mürəbbələri təklif olundu. Onlar çili mürəbbəsini dadmaqdan bir qədər ehtiyat edirdilər. Ancaq sonra mürəbbənin şirin olduğunu gördülər. Biz Azərbaycan ictimaiyyəti üçün bu təamları təqdim etmək istəyirik. Düzdür, onlarda acılıq var, ancaq bizim üçün artıq onlar normal təamlara çevrilib. Biz yerli Azərbaycan məhsulları əsasında dadlı Meksika təamları hazırlaya biləcəyimizə əmin olduq. Biz Meksikada bütün göy-göyərtini salat şəklində qəbul etməyə öyrəşmişik. Mən Azərbaycanda masalara bütöv şəkildə tərəvəzlər qoyulduğunu gördüm. Əvvəlcə bunun bəzək üçün olduğunu düşündüm. Sonra ətrafdakıların həmin tərəvəzlərdən daddıqlarını gördüm. Mən artıq Meksikaya gedəndə oradakı dostlarıma göyərtiləri və digər tərəvəzləri bütöv şəkildə təqdim edirəm.
Xaricilər üçün 1800-dən çox təqaüd proqramı

- Cənab səfir, müsahibələrinizin birində Meksikada Azərbaycanla əməkdaşlıq etmək istəyən ali məktəblərin olduğunu söyləmiş, hətta, «Tələbə və müəllim mübadiləsi etmək mümkündür» - demisiniz. Bu sahədə hansısa addımlar atılıbmı? Azərbaycan tələbələri üçün təqaüd proqramları varmı?
- Artıq Azərbaycan və Mexiko universitetləri arasında yaxınlıq hiss olunur. Meksikanın Anauak del Sur (Anáhuac del Sur) Universiteti artıq Azərbaycandakı 6 universitetlə təmasdadır. Bu ilin yanvar ayında həmin universitetdə yaxın Şərq və Qafqaz Regionunun Öyrənilməsi Mərkəzi açılıb. Hazırda o universitetlə Azərbaycandakı universitetlər arasında əməkdaşlıq sazişləri hazırlanır. Artıq bir saziş imzalanıb. Azərbaycan Turizm və Menecment Universiteti Meksika tərəfindən bir çox universitetlərin diqqətini cəlb etdi. ADA Universiteti, İqtisadiyyat Universiteti, Bakı Dövlət Universitetlərinin də adlarını çəkə bilərəm. Məhz bu universitetlərlə Meksikanın ali məktəbləri arasında əməkdaşlığın qurulmasında yardımçı oluruq. Meksikada azərbaycanlılar üçün təqaüd proqramları mövcuddur. Artıq bir azərbaycanlı tələbə Meksikada tibb üzrə təhsil alır. Bu cür təqaüdlərin alınması müəyyən bir sistem vasitəsilə həyata keçirilir. Tələbə universitetə müraciət edərək oradan müsbət cavab almalı, sonra da təqaüd üçün müraciət etməlidir. Sonra da Elm və Texnologiya üzrə Milli Şura adlanan müvafiq quruma müraciət olunmalıdır. Digər bir sistem də əvvəlcədən təqaüdün alınması və sonra universitetlərə müraciət edilməsi ilə bağlıdır. Birinci sistemlə qəbul olunanların sayı daha coxdur. Hazırda Meksikada xarici vətəndaşlar üçün 1800-dən çox təqaüd proqramı var. Xaricilər müxtəlif sahələr üzrə təhsil alırlar. Bizim ölkədə iqtisadiyyat, tibdən başqa, başqa ölkələrdə tez-tez rast gəlinməyən "Dəniz elmləri” sahəsi də tədris olunur. Bu cür təqaüdlər magistratura və doktorantura pillələri üzrə yönəlib. Bakalavr pilləsi üzrə qəbul olmaq üçün tələbə gərək istədiyi universitetlə əlaqə saxlasın və həmin ali məktəbin təklif edəcəyi imkanlar barədə xəbər əldə etsin ([email protected]).Bizim Meksika Milli Muxtar Universiteti (UNAM) dünyanın ən böyük təhsil ocaqlarından biri sayılır. Burada tələbələrin sayı 350 min, müəllim heyəti isə 50 min nəfərdir. Bu, nəhəng bir universitetdir. Onu da deyim ki, biz artıq səfirliyə daxil olan zənglərdə Meksikada magistraturaya daxil olmaqla bağlı istəklərin şahidi oluruq. Biz onları müvafiq təhsil ocaqlarına yönləndirməyə çalışırıq.

- Təbii ki, iki ölkə arasındakı münasibətlərdə iqtisadiyyat böyük rol oynayır. Azərbaycanla Meksika arasındakı iqtisadi əlaqələri necə qiymətləndirirsiniz? Gələcəklə bağlı hansı planlar düşünülür?
- İkitərəfli münasibətlərdə müəyyən inkişaf baş verib. 2015-ci ildən bəri ikitərəfli ticarət, turizm əməkdaşlığı üç dəfə artıb. 1993-2015-ci il ərzində ikitərəfli ticarət üzrə orta illik göstərici 1,5 milyon dollar həcmində idi. Azərbaycan tərəfinin təqdim etdiyi statistik göstəricilərə əsasən, 2015-ci ildə ikitərəfli ticarətin həcmi 22 milyon dollardan çox idi. 2016-cı ildə də oxşar rəqəm qeyd olunmuşdu. Əsas odur ki, illik həcm artıb. Meksikanın xarici ticarəti 800 milyard dollardan çoxdur. Hər dəqiqə ərzində 1,5 milyon dollar həcmində ticarət həyata keçirilir.Siyasi əlaqələrə gəlincə, ölkələrimiz arasında sazişlər üzərində çalışırıq. Bir neçə sazişin hazırlanmasının son mərhələsindəyik. Əsas odur ki, iki ölkə arasında yaxınlaşma var, bir-birimizdən xəbərdarıq. Bu, sadəcə bir-birimizi tanımaqdan ibarət deyil. Bir-birimizə tərəfdaş gözü ilə baxırıq.Mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək üçün 2015-ci ildə rəssamlıq sərgisi təşkil etdik. Bu sərgi təkcə Bakı üçün deyildi. Mən bütün Azərbaycan üzrə səfirəm. Ona görə Gəncə, Mingəçevir, Şamaxı və Qəbələ şəhərlərində də həmin rəssamlıq incilərini təqdim etdik. 2016-cı ilin oktyabrında Heydər Əliyev Mərkəzində məşhur meksikalı heykəltəraş Xorxe Marinin «Varlığın canlanması» adlı sərgisinin açılış mərasimini keçirdik. Həmin sərgi çərçivəsində 10 əsər təqdim olundu ki, hər bir əsərin çəkisi 3,5 tondan çox, hündürlüyü də 2 metrdən artıq idi. Əslində bu sərgi mart ayına kimi davam etməli idi. Ancaq marağı nəzərə alaraq sentyabrın 15-ə kimi uzandı. Bundan əlavə, Azərbaycanda Meksika filmlərindən ibarət festival həyata keçirdik. Meksikanın "Mariaçi” musiqisini tanıtmaq da mədəni tədbirlərimiz sırasındandır.
Uzun sürən münaqişə

- Cənab səfir, siz Meksikanı dünya sivilizasiyasının mərkəzlərindən biri adlandırdınız. Yeri gəlmişkən, Azərbaycan da bu kateqoriyadan olan ölkələr sırasındadır. Məsələn, Füzuli rayonundakı Azıx mağarası nın 350-400 min yaşı var. Çox təəssüf ki, həmin mağaranın yerləşdiyi ərazi Ermənistanın işğalı altındadır. Bu kontekstdən çıxış edərək Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması ilə bağlı sizin fikirlərinizi bilmək istərdik.
- Meksika beynəlxalq hüquq tərəfindədir. Biz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinin icra edilməsinin tərəfindəyik. Şəxsən mənim üçün bu, həddindən artıq uzun sürən bir münaqişədir. Biz münaqişənin tezliklə sülh yolu ilə həllini tapmasının tərəfdarıyıq. İstərdim ki, bu münaqişə ölkələrin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində həllini tapsın.

Tanrılarla görüş

- Dünyanın hər bir ölkəsinin qədim şəhərləri vardır. İçərişəhər də Bakının qədim şəhəridir. YUNESKO-nun maddi irs siyahısındadır. Siz İçərişəhərin dar küçələrində gəzmisinizmi? Orada bişirilən təndir çörəyindən dadıb, samovar çayından içmisinizmi?
- Mən Azərbaycana iki il öncə gəlmişəm. Tədricən ölkədaxili səyahətlər əsnasında Azərbaycanı tanımağa başlamışam. Mənim üçün Azərbaycan Qafqazın incisidir. Bəli, İçərişəhəri gəzmişəm, Şirvanşahlar sarayını görmüşəm. İçərişəhər əsrarəngiz bir yerdir. Azərbaycanın turistlərə təklif edə biləcəyi gözəl məkanlar çoxdur: Altıağac, Şamaxı, Sumqayıt, Qəbələ, Şəki, Lənkəran, Mingəçevir, Qax, Gəncə, Quba, Qusar... Qaxdan 15 dəqiqə aralıda yerləşən İlisuya getmişəm. Kimsə orada olmayıbsa, mütləq getməlidir. 15 dəqiqə ərzində dağa qalxırsan, orada qədim və yarımdağılmış bir qala var. Həmin dağdan düzənliklər görürsən və təbiətlə bilavasitə əlaqədə olduğunu hiss edirsən. Ora, mənim üçün sanki tanrılarla bir görüş yeridir. İlisu əsrarəngiz bir yerdir. Qobustan da çox xoşuma gəldi. Qobustandan sonra mən 15 dəqiqə avtomobillə getməklə palçıq vulkanlar məkanına çatdım. Burada özümü digər planetdəki kimi hiss etdim. Bilirsiniz, hər gün bu gözəllikləri və zənginlikləri görəndə onlara öyrəşirik və onlara diqqət yetirmirik. Məsələn, mən artıq Meksikaya qayıdanda özümü Mexiko şəhərində turist kimi hiss edirəm və müstəmləkə dövrünə aid abidələrə heyranlıqla baxıram.
Oxumaq, yazmaq, fotoqrafiya...

- Dil təfəkkür hadisəsidir. Hər dil yeni təfəkkür forması deməkdir. Bir neçə ölkənin eyni dildə danışması onların müxtəlif təfəkkür formalarını məhdudlaşdırmır ki?
- Bir xalqın mədəniyyətini tanımaq üçün onun dilindən başlamaq lazımdır. Baxmayaraq ki, müxtəlif xalqlar ispan dilində ünsiyyət qurur, ancaq hər bir xalqın milli koloriti mövcuddur. Dialektlər müxtəlifdir və bunların əsasında biz milli koloriti itirmirik. Həmçinin dillər arasında qrammatik sistemlər fərqli ola bilər. Danışdığımız dil bizə digər dilləri tanımağa imkan yaradır. Bioloji xüsusiyyətlərə keçdikdə, dilləri öyrənmək insan üçün faydalı prosesdir. Xüsusən çoxlu dilləri bilən insanda altsheymer xəstəliyinin olması riski azalır.

- Bu yaxınlarda Nobel mükafatçılarının adı açıqlandı. Ədəbiyyat üzrə Nobel mükafatına yaponiyalı yazıçı layiq görüldü. Meksikanın da yenidən bu mükafata iddiası varmı?
- Ədəbiyyat üzrə Meksikanın Nobel mükafatına layiq görülən yazıçıları var. Məşhur Oktavio Paz bu mükafatı 1990-cı ildə alıb. Sülh mükafatına 1982-ci ildə layiq görülən digər məşhur meksikalı Alfonso Qarsiya Roblesdir. Həmçinin kimya və fizika üzrə bu mükafata layiq görülən meksikalılar hazırda Amerikada yaşayırlar, onlardan biri Mario Molinadır. Əslən kolumbiyalı olan, ancaq həyatını Meksikada keçirən Qabriel Qarsia Markes uzun müddət bizim ölkədə yaşayıb-yaradıb. Sizin ölkənizdə olduğu kimi, bizim üçün də ədəbiyyat çoxəsrlik tarixə malikdir. Əsas mövzular eşq, drama və s. mövzulardır. Sizdə «Leyli və Məcnun», «Əli və Nino» əsərləri var. Bizim «Sadəcə Mariya», «Varlılar da ağlayır» kimi əsərlərimizi hamı tanıyır. Sizin Nizami kimi dahi şairiniz var. Bizdə isə Sor Juana İnes de la Kruzun adını çəkə bilərəm. Ədəbiyyat hər bir xalqın mədəniyyətini və tarixini insanlara çatdıran vasitədir. Meksika yazıçılarının Azərbaycan dilinə tərcümə olunan əsərləri də var.

- 1986-cı ildə Meksikanın futbol üzrə dünya çempionatına etdiyi ev sahibliyi hələ də yaddaşlardadır. Gələn il dünya çempionatı Azərbaycanla qonşu olan Rusiyada keçiriləcək. Meksika yığması artıq o çempionata vəsiqə qazanıb. Sizin futbola münasibətinizi öyrənmək bizim üçün maraqlı olar. Komandanızı dəstəkləmək üçün Rusiyaya gedəcəksinizmi?
- 1970 və 1986-cı illərdə Meksika dünya çempionatına ev sahibliyi edib. Meksika yığması nəyi bacaracaqsa, gələn il onlardan o nəticəni də gözləyirəm. Əlbəttə, çox istərdim ki, dünya çempionluğunu qazansınlar. Hətta istərdim ki, finalda Meksika ilə Azərbaycan oynasın. Bu cür oyun olsa, əlbəttə ki, orada mütləq iştirak edərəm. Ümumiyyətlə, idmandan xoşum gəlir.

- Cənab səfir, hobbiniz nədir, boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- İdmanla məşğul oluram. Üzgüçülüklə, futbolla məşğul olmağı xoşlayıram. 4 ay əvvəl futbol oynayarkən ayağımı sındırmışam. Hər gün piyada bir kilometr məsafəni qət etməyə çalışıram. İnanıram ki, iki həftə ərzində yenidən qaçışa başlayacağam. Çünki futbolda ayağımı sındırandan sonra uzun müddətdir, piyada gəzməyə ara vermişəm. Əsas məşğuliyyətlərimdən biri də ədəbiyyatdır – oxumaq və yazmaq. Artıq tərcüməçi bir əsərimi Azərbaycan dilinə tərcümə edib. «Yoxluq» deyilən bir hekayə yazmışam. Poetik proza da adlandırmaq olar. Həmçinin fotoqraf kimi şəkil çəkməyi xoşlayıram.
Təranə Məhərrəmova






banner

Oxşar Xəbərlər