• cümə, 19 Aprel, 01:40
  • Baku Bakı 18°C

Azərbaycan Prezidentinin nitqi həm siyasətçilər, həm də cəmiyyət üçün bir tarix dərsidir

30.05.20 10:21 531
Azərbaycan Prezidentinin nitqi həm siyasətçilər, həm də cəmiyyət üçün bir tarix dərsidir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 28 May - Respublika Günündə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər. "Qobu Park-1”, "Qobu Park-2” və yeni istifadəyə verilən "Qobu Park-3” yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Görülən işlər dövlət siyasətinin əsasında vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini deməyə əsas verir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev söyləyib.
Deputat deyib: "Kompleksin açılışında diqqətimi cəlb edən əsas üç məqama toxunmaq istəyirəm. Birincisi, ilk dəfə idi ki, məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksinin istifadəyə verilməsi ilə yanaşı, iş yerlərinin də açılması təmin olundu. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası layihəsi əsasında məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifahının daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Layihəyə il ərzində "Qobu Park-1”, "Qobu Park-2” və "Qobu Park-3” yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi köçkün cəlb ediləcək. Emalatxananın fəaliyyəti Qarabağın maddi-mədəni irsinin qorunması baxımından çox önəmlidir. Burada doğma Qarabağımıza aid zərgərlik nümunələri hazırlanacaq. Məhsullar yerli bazarla yanaşı, məcburi köçkünlərin əl işləri kimi xarici bazara da çıxarılacaq. Bundan başqa, biznes layihəsi çərçivəsində yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının istehsal olunacağı müəssisədə 40-dan çox iş yerinin yaradılması nəzərdə tutulur. Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə təmin olunacaq. İş yerlərinin açılması, məcburi köçkünlərin işlə təmin olunması çox mühüm məsələdir və hökumətimiz bu məsələyə böyük önəm verir”.
Müsahibimizin sözlərinə görə, ikinci diqqətçəkən məqam "Paşa Holding” şirkətinin fəaliyyəti və gördüyü işlərlə bağlıdır. Belə ki, "Qobu-3” bu şirkətin məcburi köçkünlər üçün tikib istifadəyə verdiyi üçüncü yaşayış kompleksidir. Biz koronavirus pandemiyası dövründə "Paşa Holding” şirkətinin nə qədər məsuliyyətlə işlədiyinin şahidi olduq. Ölkənin digər tikinti şirkətləri də onların nəcib təşəbbüsünə qoşularaq məcburi köçkünlər üçün yaşayış binalarının inşasına başlayıblar və artıq iki binanın tikintisi gedir.
"Nəyahət, üçüncü məqam ondan ibarətdir ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə və pandemiya ilə əlaqədar iqtisadiyyat böhranına baxmayaraq dövlətimiz vətəndaşların sosial rifahının və şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Müqayisə etsək görərik ki, ötən il 5 min ailə mənzillə təmin olunduğu halda, bu il onların sayı təqribən 7-8 mini əhatə edəcək. Bu bir daha onu göstərir ki, 2008, 2015-ci illərdə - çətin böhran illərində olduğu kimi Azərbaycan hökuməti heç bir ixtisara, qənaətə getmir və əksinə, həssas qrupdan olan vətəndaşların məmnunluğunun təmin edilməsi üçün əməli işlər görür”, - deyə S.Alıyev vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə salınmış və keyfiyyəti ilə seçilən yeni şəhərciklərdə ümumilikdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək. Bu, nə qədər insanın, uşağın, gəncin sevinci deməkdir!
Deputat bildirib ki, Azərbaycan Prezidenti haqlı olaraq qeyd edib ki, əgər o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı, bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi. 1987-ci ilin noyabrında Heydər Əliyev Siyasi Büronun üzvlüyündən istefa verəndə haylar bunu bayram edirdilər və sevinirdilər ki, məkrli məqsədləri üçün yolları açılıb. Bu hadisədən heç bir il keçməmiş azərbaycanlılar Ermənistandan qovuldular. Bu hadisədən də bir il keçməmiş Qarabağda iğtişaşlar, mitinqlər başladı. Nəticədə, nəinki Dağlıq Qarabağ, ətrafyanı 7 rayon işğal olundu. Azərbaycanı arxasız görənlər üçün fürsət yaranmışdı çünki. Dövlət başçısının da dediyi kimi, o vaxt buradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri Siyasi Büroya yazırdılar, indikilər isə Qərb ölkələrinə donos yazırlar. Onlar da, bunlar da Azərbaycan xalqının düşmənləridir.
Sahib Alıyev deyib: "Tarixin dərslərindən nəticə çıxaranları mükafatlandırmaq, nəticə çıxarmayanları isə cəzalandırmaq qisməti gözləyir. Təəssüflə qeyd etməliyəm ki, xalqımız məhz ikincilərin sırasındadır. Məhz ikincilərin sırasında yer aldığımıza görə də ötən əsrin əvvələrində qurduğumuz Azərbaycan Xalq Cümhuriyyəti iki yaşı tamam olmamış süqut etdi. Həmin dövrdə də torpaq itkisi ilə qarşılaşdıq, İrəvanı ermənilərə verməli olduq. Halbuki rus imperiyasına ən gec tabe olan məhz İrəvan xanlığı idi. Bu hələ son deyildi, ardınca Zəngəzur, Göyçə xanlıqları gəlirdi. Bu itkilərdən dərs götürmədik deyə ötən əsrin sonlarında yenidən müstəqillik qazananda Qarabağın itkisi ilə üzləşdik. Prezident İlham Əliyev nitqində bu mühüm məsələlərə toxundu, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də Azərbaycan Xalq Cəbhəsinin fəaliyyətindən söz açdı, mühüm məqamlara toxundu. Haqlı olaraq bildirdi ki, Cümhuriyyət tərəfindən İrəvanın Ermənistana verilməsini heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz”.
Bildirib ki, əsil dövlət xadimi həm keçmişə, həm gələcəyə baxmağı bacarmalıdır. Bir sözlə, dövlətin rəhbəri savadlı, səriştəli, qətiyyətli, cəsarətli olmalıdır. Dövlətin lideri üçün onun xalqının iradəsindən üstün heç nə yoxdur. Prezident İlham Əliyev məhz bu keyfiyyətləri özündə daşıyır. Dağlıq Qarabağ probleminə toxunan dövlətin başçısı vurğuladı ki, bu, tarixi məsələdir və birdəfəlik həll olunacaq: "Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik”. Bildirdi ki, biz buna beynəlxalq hüquq, hərbi qüdrətimiz sayəsində nail olacağıq. Dövlətimizin başçısı dədə-baba torpaqlarını itirmiş qaçqın və məcburi köçkündən daha çox narahatdır.
"Düşünürəm ki, Azərbaycan Prezidentinin nitqi həm siyasətçilər, həm cəmiyyət üçün bir tarix dərsidir. Siyasətçilər də, tarixçilər də tarixi unuda bilər, amma cəmiyyət heç vaxt unutmamalıdır və özü üçün dərs götürməlidir”, - deyə S.Alıyev diqqətə çatdırıb.

banner

Oxşar Xəbərlər