• cümə, 19 Aprel, 04:41
  • Baku Bakı 18°C

Azərbaycan Prezidentinin çıxışı beynəlxalq güclərə açıq mesaj idi

23.09.17 09:00 2974
Azərbaycan Prezidentinin çıxışı beynəlxalq güclərə açıq mesaj idi
Sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı zamanı Prezident İlham Əliyev beynəlxalq aləmin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Dövlət başçısı ən mötəbər kürsüdən çıxış edərək, 25 ildən çoxdur ki, Azərbaycanın 20 faiz ərazisinin - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu Ermənistan tərəfindən işğal altında saxlandığını söyləyib. O, Dağlıq Qarabağın Azərbaycanın əzəli və tarixi torpağı olduğunu vurğulayaraq, münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü söyləyib. Dövlət başçısı qeyd edib ki, Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.
Prezident deyib ki, beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. O, Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu xatırladıb. Eyni zamanda, bəyan edib ki, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır.

Millət vəkili, politoloq Rasim Musabəyov BMT-nin sessiyasında Azərbaycan prezidentinin çıxışına toxunaraq, onun dünyaya, beynəlxalq güclərə verdiyi mesajları xatırlatdı. Bildirdi ki, əgər dünya liderləri, BMT, beynəlxalq aləm doğurdan da sülh istəyirsə, bu sülhü təmin edən ciddi fəaliyyət ortaya qoyulmalıdır. Millət vəkilinin sözlərinə görə, əgər bu baş verməyəcəksə, işğalçıya "dur” deyən tapılmayacaqsa, Azərbaycan öz suveren hüququndan istifadə etməklə Dağlıq Qarabağ problemini, ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. O, qeyd etdi ki, beynəlxalq hüquq, BMT-nin Nizamnaməsində yer alan müddəalar Azərbaycana müstəqil dövlət kimi bu haqqı tanıyır: "Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyev BMT-dəki çıxışı ilə yalnız Ermənistanı, onun siyasi rəhbərliyini ifşa etmədi. Prezidentin çıxışını sadəcə hərbi cinayətkar Serj Sarkisyanın yalanlarına cavab kimi qəbul etmək olmaz. Dövlətimizin başçısı Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar, işğalçı siyasəti barədə həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Nəzərə almaq lazımdır ki, o sessiyada dövlət başçıları, xarici işlər nazirləri, digər diplomatlar, siyasətçilər də iştirak edirdi. Azərbaycan Prezidenti öz çıxışı ilə reallığı, həqiqətləri tam çılpaqlığı ilə hər kəsə bəyan etdi. Bu baxımdan, onun çıxışı dünya liderlərinə, beynəlxalq güclərə açıq mesaj idi. Azərbaycan prezidenti öz çıxışında Sarkisyanın yalanlarını ifşa etməklə bərabər, dövlətlərin ərazi bütövlüyünün qorunması, ona hörməti ifadə etdi. Hansı ki, bunu ABŞ prezidenti Donald Tramp, eləcə də orada çıxış edən əksər dövlət başçıları xüsusi olaraq vurğuladılar. Ancaq Sarkisyan işğal etdiyi ərazilərdə öz müqəddəratını təyinetmə məsələsini gündəmə gətirməyə çalışdı. Onun aləmində problemin sülh yolu ilə həll olunması işğalın rəsmiləşdirilməsidir. Sarkisyan bunun ardınca həmin əraziləri Ermənistana birləşdirmək niyyətindədir. Bu baş vermədikcə onlar danışıqların dondurulmasının tərəfdarı kimi çıxış edirlər. Təbii ki, onların istəyi baş tutmayacaq”.

Politoloq bildirdi ki, Azərbaycanın hərbi, iqtisadi, siyasi gücü hər gün artmaqdadır. Onun fikrincə, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına, yaxud ərazi bütövlüyümüzün danışıqlar predmeti olmasına heç bir halda imkan verilməyəcək: "Təsəvvür edin, Donald Tramp BMT-də islahatların həyata keçirilməsindən danışır, bunun üçün BMT baş katibi ilə birlikdə tədbir keçirir, islahatlarla əlaqədar xüsusi sənəd hazırlanır, ancaq Nyu-Yorkda olan Sarkisyan özündə cəsarət tapıb həmin sənədə imza atmır. Bu cür adam durub BMT tribunasından yalanları beynəlxalq aləmə sırımağa çalışırdı. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil bir ölkənin rəhbəri kimi öz çıxışında həm Sarkisyanı yerində oturtdu, həm də cəsarətlə bildirdi ki, əgər sülhün qorunub saxlanmasını istəyirsinizsə, ikili standartlara son qoyulmalı, işğalçıya təzyiq edilməli, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilməli, ərazi bütövlüyü prinsipi əsas götürülməlidir”.

Millət vəkili, tarixçi-alim Fəzail İbrahimli vurğuladı ki, BMT-nin son sessiyasında hər bir dövlət başçısı özünə və millətinə dəyər müstəvisində düşüncələrini ortaya qoyub. O qeyd etdi ki, Sarkisyan millətinin, dövlətinin qarşısında hansı dəyərin sahibi olduğunu dünyaya nümayiş etdirdi: "Bu adamın dəyəri, xamırı yalanla yoğurulub. Ona görə də öz çıxışında hadisələri təhrif etməklə, işğalçı mahiyyətini növbəti dəfə ortaya qoymaqla dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa çalışdı. Ancaq Sarkisyan etiraf etməsə də, sanksiyalar tətbiq edilməsə də, ikili standartlar davamlı olsa da, Ermənistanın işğalçı dövlət olduğunu, oradakı hərbi xuntanın cinayətkar əməllərini dünya bilir. Çünki, bütün dünya dövlətlərinin əksəriyyətinin səfirliyi həm Ermənistanda, həm də Azərbaycanda var. Bu səfirliklər topladığı məlumatlar əsasında vaxtlı-vaxtında öz dövlətlərini məlumatlandırırlar. Ona görə də beynəlxalq aləm Sarkisyan rejiminin əməllərindən, işğalçı mahiyyətindən, Dağlıq Qarabağ probleminin səbəblərindən xəbərdardır. Forpost ölkənin cinayətkar rəhbəri Dağlıq Qarabağ problemi üzərində öz hakimiyyətini qurmaqla, qoruyub saxlamaqla erməni xalqını məhvə sürükləyir. Üstəlik, BMT-nin 4 qətnaməsinə məhəl qoymayan belə bir adam təşkilatın tribunasından çıxış edərək dünyanı aldatmağa çalışır. Azərbaycan tərəfi isə reallığa söykənən, ədalətli yanaşması ilə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə, ərazi bütövlüyünə, bununla da Cənubi Qafqazda sabitliyin əbədi olmasına çalışır. Bu prinsiplərdən çıxış edən Azərbaycan dövlət başçısı İlham Əliyev Sarkisyanın yalanlarını ifşa etməklə bərabər, BMT-yə, beynəlxalq aləmə mesajlar verdi, onları ikili standartlara son qoymağa, işğalçıya təzyiq göstərməyə çağırdı. Öz çıxışında Azərbaycanın real mənzərəsini ortaya qoyan dövlət başçısı İlham Əliyev müstəqil ölkənin cəsarətli lideri kimi yadda qaldı. Ancaq işğalçı Ermənistanın prezidenti Sarkisyanın fiziki baxımdan boyu nə qədər bəstə idisə, öz çıxışı ilə düşüncələrinin də bəsit olduğunu nümayiş etdirdi”.
Millət vəkili Zahid Oruc bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyev BMT-nin son toplantısında Ermənistanı mühakimə etdi: "Bu, dünya dövlətləri qarşısında onların etmədiyini həyata keçirmək idi. Digər tərəfdən, bu çıxış həm də Qarabağın tanıdılması üçün BMT-də dil tökən şəxsin ani bir effekt doğurmağa, özünə tərəfdarlar toplamağa çalışan siyasətinin darmadağın edilməsiydi. Zatən ölkə başçısının daşıdığı liderlik keyfiyyətləri, analitik təfəkkür, iradə, strateji düşünmə qabiliyyəti bölgə dövlətlərinin rəhbərləri ilə müqayisə olunmur. Bu mənada Ermənistan rəhbərinin orada nə deməsinin hər bir komponenti və eləcə də Azərbaycan prezidentinin əsas hədəflərinin məhz ona qarşı yönəlməsinin üzərində dayanmaq istəmirəm. Amma reallıq ondan ibarətdir ki, BMT tənqid olunmağına, zəif nöqtələrinin olmasına baxmayaraq, dünya birliyinin toplaşdığı və ölkə liderlərinin hər birinin söz dediyi yeganə ümumi tribunadır”.

Z.Oruc qeyd etdi ki, bu məkanda illər ərzində Azərbaycan Ermənistanın hərbi təcavüzünün qarşısını almaq üçün siyasi mövqe göstərib: "Elə hesab edirəm ki, Azərbaycan prezidenti orada özünün mövqeyi ilə, ölkəmizi təqdim etməklə, bu illər ərzində keçdiyimiz yolu göstərməklə, siyasi uğurlarımızı qeyd etməklə çoxlu tərəfdarlar qazandı. Eləcə də Ermənistanın media məkanı öz ölkələrinin rəhbərləri haqqında yazmaq, onun fikirlərini təhlil etmək əvəzinə, Prezident İlham Əliyevin hər bir tezisi ətrafında diskussiyalar açmaqdadırlar. Bunun özü də bir qalibiyyət göstərcisidir”.
Politoloq Fikrət Sadıxov bildirdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin çıxışı arasında fərq çox böyük idi: "Xarici şərhçilər də Prezident İlham Əliyevin çıxışını yüksək qiymətləndirdilər. Çünki dövlət başçısı real, konkret mövzulardan danışdı. Burada Dağlıq Qarabağ münaqişəsi, onun 25 ilə ərzində həll olunmaması, Ermənistanın qeyri-kostruktiv, beynəlxalq hüquq normalarına zidd mövqeyi öz əksinin tapmışdı. Həmçinin o qeyd etdi ki, torpaqların işğaldan azad olunması üçün sərt mövqeyimiz öz qüvvəsindədir, ötən ilin aprelində Azərbaycan bunu bir daha sübut etdi. Əgər Ermənistan özünü eyni qaydada aparacaqsa, bundan sonrada həmin mövqeyi nümayiş etdirməyə hazırıq. Eyni zamanda Prezident İlham Əliyev bəyan etdi ki, problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Azərbaycan bu mövqeyindən bir addım belə geri çəkilməyib və hər zaman buna hazırdır. Amma problem qarşılıqlı şəkildə öz həllinin tapmalıdır və torpaqlar azad olunmalıdır”.

F.Sadıxov əlavə etdi ki, Sarkisyanın BMT tribunasında heç bir dövlətin tanımadığı "Artsax”dan danışması məntiqsizliyin bariz nümunəsi idi: "Bu onu göstərir ki, Sarkisyanın nəinki beynəlxalq hüquq normalarından, primitiv dövlətlərarası münasibətlərdən belə xəbəri yoxdur. Göründüyü kimi, Sarkisyanın nitqi məntiqsizlik bir yana, adi məişət səviyyəsində olan çıxış idi. Bu mənada Sarkisyanın adi əyalət səviyyəsindəki çıxışı Azərbaycan Prezidenti İlham Əliyevin nitqi qarşısında olduqca məntiqsiz səsləndi. Ona görə də hər iki prezidentin çıxışı müqayisə olunmazdır və Sarkisyan faktiki olaraq BMT kürsüsündə özünü biabır etdi”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər