• cümə, 29 Mart, 00:48
  • Baku Bakı 7°C

Azərbaycan Prezidentinə beynəlxalq miqyasda olan ehtiramın göstəricisi

01.07.20 21:52 645
Azərbaycan Prezidentinə beynəlxalq miqyasda olan ehtiramın göstəricisi
Çağdaş zəmanəmizdə bəşəriyyəti çətin vəziyyətə salan koronovirus epidemiyası heç şübhəsiz ki, mövcud geosiyasi sahədə də ciddi dəyişikliklərə əsas verir. Üçüncü minilliyin başlamasından cəmi 20 il keçməsinə baxmayaraq artıq əksər beyin mərkəzləri və analitiklər yenicə formalaşmağa başlayan geosiyasi konfiqurasiyanın konturlarının tamamilə yeni istiqamətdə dəyişəcəyini proqnozlaşdırırlar. Bu, əlbəttə ki, heç də ürəkaçan nəticələrə gətirib çıxaracağına ümid vermir. Pandemiya insanlar üçün ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Təəssüf ki, indiyədək beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurası, eləcə də dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə, geosiyasi rəqabət və özünütəcridə kökləniblər.
Pandemiyanın dünyada tüğyan etdiyi bir zamanda Azərbaycanı Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi və bu ideyanın dünyanın 130-dan çox dövləti tərəfindən dəstəklənməsi ölkəmizə, onun liderinə beynəlxalq miqyasda olan ehtiramın göstəricisidir. Prezident İlham Əliyevin qlobal əməkdaşlığa verdiyi töhvə onun beynəlxalq aləmdəki nüfuzunu, dünya dövlətləri tərəfindən qiymətləndirilməsini bir daha sübut edir. Başqa sözlə desək, dünyanın 130-dan çox dövlətinin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi dövlətimizin beynəlxalq aləmdə böyük diplomatik uğurudur.
Qeyd etmək lazımdır ki, BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər və indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın "Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT-yə üzv 97 ölkə təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Artıq rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.
Təəssüflə qeyd etməliyik ki, bu humanist təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Azərbaycanın artan nüfuzu, dünya miqyasında sözünün eşidilməsi Ermənistanı narahat etdiyindən bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə özünün iç üzünü bir daha göstərdi, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Təbii ki, bu münasibət işğalçı Paşinyan hökumətinin diplomatik səbatsızlığını bir daha sübut etdi.
Ermənistanın əksinə olaraq ölkəmiz koronavirus pandemiyasından daha çox zərər çəkən 30-dan artıq ölkəyə yardımlar göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə etdi. Bütün bunlar isə xeyirin şər üzərindəki qələbəsinin bir daha göstəricisidir.
Mayis Əliyev
"Sosial hüquqların Araşdırılması”İctimai Birliyinin sədri, professor
banner

Oxşar Xəbərlər