• cümə, 19 Aprel, 18:26
  • Baku Bakı 24°C

Azərbaycan Prezidenti: Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər görüləcək

14.01.20 10:51 821
Azərbaycan Prezidenti: Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər görüləcək
Biz həm qonşu dövlətlərdən investisiya alırıq, həm də investisiya qoyuruq. Qoyulan investisiyalar da nəticə etibarilə bizə böyük gəlirlər gətirir.
Trend-in məlumatına görə, bunu yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuşmüşavirədə giriş nitqində deyib.
Dövlət başçısı bildirib:"Bizim qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılması çox müsbət haldır. Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatıbdır. Bu, böyük artımdır. Ticarət dövriyyəmiz Rusiya ilə 20-25 faiz, İranla 30 faiz artıbdır. Gürcüstanla da ticarət dövriyyəsi artıb. Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk. O cümlədən energetika və nəqliyyat sahələrində. Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Nəyə görə? Düşünülmüş siyasətə, qonşularla yaxın münasibətlərimizə görə. Ona görə qonşularla bağlı həm ikitərəfli, həm üçtərəfli formatda bu il də aparılacaq əməkdaşlıq diqqət mərkəzində olmalıdır, bütün infrastruktur layihələri icra edilməlidir.
Rusiya sərhədinə gedən yolun böyük hissəsi bu il tamamlanmalıdır. Astara şəhərindən İran sərhədinə qədər yeni avtomagistral yolun tikintisi əminəm ki, tam başa çatacaqdır. Həmçinin Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsi də. Bu layihənin böyük hissəsi bu il başa çatmalıdır. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpü təkcə Rusiya-Azərbaycan ticarət əlaqələrini möhkəmləndirməyəcək, eyni zamanda, bu, Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçasıdır. Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan öz marağını bildirmişdir, müvafiq sənədlər də imzalanmışdır. Əminəm ki, bu istiqamətdə bizim fəaliyyətimiz bu il təsirli olacaqdır. Bütövlükdə, deyə bilərəm ki, beynəlxalq ticarət əlaqələri bizim üçün çox önəmlidir, həm əməkdaşlıq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması və investisiya qoyuluşu baxımından. Biz həm qonşu dövlətlərdən investisiya alırıq, həm də investisiya qoyuruq. Qoyulan investisiyalar da nəticə etibarilə bizə böyük gəlirlər gətirir.
Qeyd etdiyim kimi, keçən il makroiqtisadi vəziyyət sabit olmuşdur, inflyasiya cəmi 2,6 faiz təşkil etmişdir. Baxmayaraq ki, çox böyük sosial paket icra edildi. Bu barədə mən dedim. Eyni zamanda, problemli kreditlərin qaytarılması üçün böyük vəsait təmin edildi. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədə qalmışdır. Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər görüləcək. Mərkəzi Bank 2019-cu il ərzində öz valyuta ehtiyatlarını artırıbdır. Mənə verilən məlumata görə, 630 milyon dollar səviyyəsində vəsait daxil edilib. Bütövlükdə, Mərkəzi Bankın 6,2 milyard dollar səviyyəsində valyuta ehtiyatları var. Keçən il Mərkəzi Bankın funksiyaları genişləndirildi".

banner

Oxşar Xəbərlər