• cümə axşamı, 18 aprel, 18:56
  • Baku Bakı 21°C

Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsində

15.01.14 17:48 1627
Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsində
"Sülh naminə tərəfdaşlıq" proqramına 20 il üzvlük müddəti ərzində Azərbaycan və NATO münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Trend-in məlumatına görə, dünən Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə mətbuat konfransında deyib.
Prezident bildirib: "Mən NATO və Azərbaycan arasında strateji əməkdaşlıq üzrə müzakirələrimizin davam etdirilməsindən çox şadam. Bu mənim NATO-nun mənzil-qərargahına beşinci səfərimdir və əməkdaşlığın səviyyəsini göstərir".
İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenin 2012-ci ildə Azərbaycana səfərini xatırladıb: "Bu gün bir çox məsələlər, ISAF-da iştirakımızla bağlı məsələlər üzrə müzakirələri davam etdiririk. Biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanın təhlükəsizliyinə sadiqliyimizi qoruyacağıq. Hazırda silah və döyüş sursatları olmayan yüklərin təqribən 40 faizi Azərbaycan ərazisi ilə Əfqanıstana çatdırılır və Azərbaycan ərazisi üzrə marşrut ən etibarlı və təhlükəsizdir. Biz əfqan ordusuna dəstək fonduna 1 milyon avro ayırmışdıq və yardımı davam etdirəcəyimizi vəd etmişdik. Bu gün mən demək istəyirəm ki, biz daha 1 milyon avro ayıraraq bunu Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar edilməsinə öz töhfəmiz sayırıq”.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan regionda sülh və təhlükəsizliyi möhkəmləndirmək məqsədi ilə səylərini davam etdirəcək: "NATO-nun sülhməramlı əməliyyatlarında iştirak əməkdaşlığımızın mühüm tərkib hissəsidir".
İlham Əliyev deyib ki, Azərbaycan terrorçuluqla mübarizədə əməkdaşlıq edir və NATO-nun standartlarına uyğun olmaq üçün yenidən formalaşan Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlara verdiyi dəstəyə görə alyansa minnətdardır: "Eyni zamanda, Azərbaycanda NATO-nun yardımı ilə ərazilərin minalardan təmizlənməsi üzrə layihələr həyata keçirilir".
Prezident qeyd edib ki, tərəflər, həmçinin Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər: "Ermənistan və Azərbaycan arasında münaqişə regionun sabitliyi və təhlükəsizliyi üçün əsas təhdiddir. Biz tezliklə münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan həllini tapmalıyıq".
Dövlət başçısı Ermənistan tərəfinin danışıqlar prosesində səmimi olduğuna hələ də şübhə etdiklərini söyləyib: “Mənim Ermənistan prezidenti ilə son görüşüm əvvəlki ilə müqayisədə nikbinliyə daha çox əsas verən bir görüş oldu. Ermənistanın danışıqlar aparmaq istəməməsi ilə əlaqədar prosesdə uzun durğunluq dövrü yaranmışdı”. İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistan tərəfinin danışıqlar prosesində səmimi olduğuna hələ də şübhə yanaşır və qarşı tərəfin mövcud status-kvonu saxlamaq niyyətində ola biləcəyini düşünür. Azərbaycan prezidenti xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin dövlət başçıları öz bəyanatlarında mövcud status-kvonun saxlanmasının yolverilməz olduğunu dəfələrlə vurğulayıblar: “Biz düşünürük ki, bu, Ermənistana ciddi mesajdır. Onlar status-kvonu dəyişmək istəyirlərsə, bizim ərazilərimizin işğalına son qoymaq vacibdir”.
Prezident bu ay iki ölkə xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyini və bu görüşün Ermənistanın həll prosesində nə dərəcədə səmimi olduğunu göstərəcəyini söyləyib: “Ermənistanda vəziyyəti real qiymətləndirən baxış üstünlük təşkil edərsə, biz tezliklə münaqişənin həllinə nail ola bilərik”.
İlham Əliyev bildirib ki, bir aydan az müddət əvvəl Azərbaycan "XXI əsrin layihəsi" olacağı hesab edilən "Şahdəniz-2" layihəsi üzrə saziş imzalayıb: "Azərbaycan qazının Avropaya tədarükü üçün nəqliyyat infrastruktunun tikintisi tezliklə başlayacaq və Azərbaycan bu layihəni vaxtında həyata keçirmək məsuliyyəti və təşəbbüsünü öz üzərinə götürüb. Bu, Avropanın iri infrastruktur layihəsi olacaq enerjinin şaxələndirilməsi, enerji təhlükəsizliyi, enerji əməkdaşlığı layihəsinə çevriləcək və onun mövcud layihədə iştirak edən ölkə və şirkətlərin əlavə koordinasiyasına ehtiyacı var".
Dövlət başçısının sözlərinə görə, beləliklə, NATO və Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir: "Bu gün NATO-nun baş katibi ilə əməkdaşlığın gələcək perspektivləri, onun dərinləşdirilməsi imkanları və gələcəkdə əməkdaşlığın yeni formalarının tapılması məsələsi müzakirə edilib. Biz, həmçinin gələcəkdə NATO üçün yaxın və etibarlı tərəfdaş olmaq istəyirik. Mən əminəm ki, bu belə də olacaq".
banner

Oxşar Xəbərlər