• cümə axşamı, 28 mart, 16:10
  • Baku Bakı 16°C

“Azərbaycan - NATO münasibətləri davamlı inkişaf tempinə malikdir”

17.01.14 10:17 2121
“Azərbaycan - NATO münasibətləri davamlı inkişaf tempinə malikdir”
Bu günlərdə Prezident İlham Əliyev Belçika Krallığında işgüzar səfərdə olub. Səfər çərçivəsində Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort, NATO-nun baş katibi Anders Foq Rasmussen, həmçinin NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşləri keçirilib. Görüşlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyətinə və perspektivlərinə, NATO - Azərbaycan əlaqələrinin uğurlu inkişafına dair fikir mübadiləsi aparılıb, mətbuat nümayəndələrinin sualları cavablandırılıb. Dövlət başçısı İ.Əliyevin Brüssel səfəri, NATO - Azərbaycan əlaqələri, Alyansla əməkdaşlığın ölkəmiz üçün əhəmiyyəti və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Elman Nəsirov cavablandırır.
- Elman müəllim, Prezident İ.Əliyevin Brüssel səfəri hansı məqamlarla yadda qaldı?
- Ölkə başçısı İlham Əliyevin Brüsselə səfəri sayca beşincidir. Son səfər də əvvəlkilər kimi çox böyük siyasi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində əhəmiyyətli görüşlər keçirilib, mühüm fikir mübadilələri aparılıb. NATO beynəlxalq münasibətlər sistemində ən böyük hərbi siyasi potensialı olan təşkilatdır. Ona görə də son səfərdə hərbi və enerji təhlükəsizliyi məsələləri, regional təhlükəsizlik, xüsusilə Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində saxlanılıb. Bütün bunlar bir daha səfərin əhəmiyyətini göstərir. Bu səfər həm də o həqiqəti yenidən təsdiqlədi ki, Azərbaycan və NATO qarşılıqlı şəkildə bir-biri ilə əməkdaşlıqda maraqlıdırlar. Onlar arasındakı əlaqələr strateji xarakter daşıyır. Azərbaycan NATO-ya Əfqanıstandakı hərbi əməliyyatlar, yüklərin daşınması zamanı tranzit ölkə kimi gərəklidir. Bununla yanaşı, ölkəmiz Əfqanıstanda milli ordunun yaranması ilə bağlı hazırlıq təlimlərinə dəstək verir, həmçinin bu ordunun etimad fonduna maliyyə yardımı ayırır. Yeri gəlmişkən, Azərbaycan həmin fonda 1 milyon dollar vəsait köçürüb. Cənab Prezidentin bu səfəri zamanı həm də məlum oldu ki, Azərbaycan Əfqanıstan Milli Ordusunun Etimad Fonduna əlavə 1 milyon dollar da köçürmək qərarına gəlib. Bu səfər onu da sübut etdi ki, NATO Azərbaycan ordusunun güclənməsi, onun potensial imkanlarının genişlənməsi üçün də çox böyük töhfələr verir. Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır. Azərbaycan ərazilərinin minadan təmizlənməsi prosesinə NATO maddi və texniki dəstək verir. Bütün bunlar da nəticə olaraq Qarabağ münaqişəsinin həlli prosesinə birbaşa olmasa da, dolayısı ilə dəstək verməkdir. Onu da unutmaq olmaz ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa iştirakçı deyil. Amma Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması, NATO ölkələrindən ən müasir silah-sursat alınması ordumuzun güclənməsi deməkdir. Bu da münaqişənin həlli ilə bağlı Azərbaycanın imkanlarını xeyli genişləndirir. Məsələyə bu kontekstdən yanaşsaq, prezidentin bu səfəri bir daha göstərdi ki, Azərbaycan - NATO münasibətləri davamlı inkişaf tempinə malikdir. Hər iki tərəf qarşılıqlı olaraq bir-birinin maraq dairəsindədir. Ona görə də Azərbaycan prezidentinin Brüsselə sayca 5-ci səfərini iqtisadi, siyasi, hərbi və geopolitik baxımdan olduqca əhəmiyyətli sayıram.
- Azərbaycanın Avropa, eləcə də NATO üçün əhəmiyyəti üzərində xüsusilə dayanmaq istərdik. Avropalılar üçün ölkəmizi cəlbedici edən nədir?
- NATO-nun baş katibi Rasmussenin də vurğuladığı kimi Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəkdən yararlanırlar. Həmçinin Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə tədbirlərində, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm ölkə kimi də diqqət çəkir. Bütövlükdə NATO-Azərbaycan əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir. Rəsmi Bakı da NATO ilə əlaqələri Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi kimi görür, əməkdaşlığı gələcəkdə genişləndirmək istəyir. Bütünlükdə Avropa İttifaqı üzvləri üçün Azərbaycanın ən böyük əhəmiyyəti ölkəmizin zəngin enerji ehtiyatlarına malik olmasıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində fəal iştirakçıdır. Ölkəmiz iri həcmdə neft və qaz ehtiyatlarına malikdir. Avropa ölkələri isə bu imkandan məhrumdurlar. Avropa ölkələrinin qaza olan tələbatının 40 faizdən çoxu Rusiyanın hesabına ödənilir. Bu da Rusiyanın həmin ölkələrə qarşı siyasi təzyiq elementlərini işə salmağa şərait yaradır. Təbii ki, bu, heç bir halda Avropa ölkələrinin mənafeyinə uyğun deyil. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığı sahəsində memorandumun imzalanması, sonradan TANAP, TAP layihələrinə ölkəmizin dəstək verməsi, XXI əsrin layihəsi hesab edilən “Şahdəniz-2” sənədlərinin, Vilnüsdə viza rejiminin sadələşdirilməsinə dair sazişin imzalanması bir daha sübut edir ki, əlaqələrimizin genişlənməsi üçün çox geniş potensial var. Bütün bunları nəzərə alsaq, Azərbaycan Avropa və NATO üçün kifayət qədər cəlbedici ölkədir.
- Bu əməkdaşlığın Azərbaycan üçün siyasi əhəmiyyəti nədən ibarətdir?
- Rəsmi Bakı bütün hallarda Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək istəyir. Çünki ölkəmiz Avropanın müasir texnologiyasını, əsrlər boyu formalaşmış və getdikcə bəşəri xarakter alan Avropa dəyərlərini, xüsusilə demokratik dəyərləri öyrənməkdə, Azərbaycanda tətbiq etməkdə maraqlıdır. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfə fonunda ölkəmizin bir nömrəli problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həllində də gözləntilərimiz var. O ki, qaldı NATO-ya, Alyansla münasibətlərimizin 20 ili tamam olur. Sülh naminə tərəfdaşlıq proqramının ilk üzvlərindən biri də Azərbaycandır. Azərbaycan NATO-nun Kosova, İraq, Əfqanıstanda sülhməramlı əməliyyatlarına birbaşa hərbi dəstək verib. Bununla da NATO üçün çox etibarlı tərəfdaş olduğunu ortaya qoyub. Hazırda NATO ən güclü hərbi potensiala malik təşkilatdır. Transformasiya nəticəsində Alyans təkcə hərbi deyil, eyni zamanda siyasi təşkilata çevrilib. NATO ilə əməkdaşlıq Azərbaycan ordusunun güclənməsi deməkdir. Ən müasir silah-sursatla təchiz olunmuş, təcrübəyə yiyələnmiş Azərbaycan ordusu isə ölkəmizin mövqelərinin güclənməsinə təsir edir. Bundan başqa Avropa ölkələrində demokratik ənənələrin oturuşduğunu nəzərə alsaq, Azərbaycanın da NATO ilə əməkdaşlığı ölkəmizdə demokratik mühitin daha da güclənməsinə təkan verir. Elə Azərbaycanın seçimi də məhz budur. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi yol dəyişən dünyanın reallıqları nəzərə alınmaqla ölkə başçısı İlham Əliyev tərəfindən çox uğurla, çevik şəkildə davam etdirilir.
- Gələcəkdə Azərbaycanın NATO-ya üzv olması üçün müraciət etməsi mümkündürmü?
- Bugünkü diplomatiyada “mümkün deyil” ifadəsini işlətmək düzgün olmazdı. İndiki geopolitik reallıqları, beynəlxalq konyukturanı nəzərə alsaq, Azərbaycan NATO-ya daxil olmağı strateji hədəf kimi qarşısına qoymayıb. Digər tərəfdən, Azərbaycan 2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv oldu. Məlumat üçün bildirim ki, bu təşkilatda 120 ölkə təmsil olunur və Azərbaycan da bura üzv olmaqla hər hansı ölkənin, təşkilatın hərbi bazasını öz ərazisində yerləşdirməyə, hansısa hərbi quruma üzv olmağa tələsmədiyini bəyan etdi. Fikrimcə, rəsmi Bakının bu mövqeyi ən doğru seçim idi. Çünki, nəticə etibarilə BMT Təhlükəsizlik Şurasına üzv seçilərkən 120 ölkənin dəstəyini, əlavə olaraq da 35 ölkənin səsini qazanmış olduq. Lakin gələcəkdə geopolitik reallıqlar dəyişilərsə, Azərbaycanın hədəfləri də həmin reallıqlar kontekstində dəyişərsə ölkəmizin NATO-ya üzv olması gündəmə gətirilə bilər. 23 may 2007-ci il tarixində təsdiqlənmiş Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında yalnız Avratlantik məkana inteqrasiyanı hədəf seçilib.
- Keçmiş SSRİ respublikalarının NATO ilə yaxınlaşması Rusiyada hər zaman qıcıq doğurur. Sizcə, Azərbaycan Kremlin bu narahatlığını necə neytrallaşdırmalıdır?
- Azərbaycanın xarici siyasətini ümummilli lider Heydər Əliyev müəyyən edib. Həmin xarici siyasət çox vektorluluğu, balanslı və tarazlı olması ilə seçilir. Cənab İlham Əliyev bu siyasəti daha çevik etməyə, hücum taktikasından yararlanmağa üstünlük verməyə başlayıb. Belə olan halda çoxşaxəli xarici siyasətin mənası ondan ibarətdir ki, bu, çox böyük geopolitik məkanda kiçik dövlətlərin manevr imkanlarını gücləndirir. Amma konkret bir istiqamət seçdikdə isə təzyiqlər daha çox olur və bu, ölkənin oturuşmasına, onun suverenliyinin möhkəmlənməsinə maneələr yaradır. Azərbaycan tərəfi NATO ilə əlaqələrin inkişafı məsələsinə yanaşarkən, həm də onun fərqindədir ki, paralel olaraq Rusiya, ABŞ və sair ölkələrlə də münasibətləri genişləndirmək lazımdır. Beləliklə çoxşaxəli, dinamik və novator siyasət həyata keçirmək zərurəti yaranır. Bu siyasəti hazırda dövlət başçısı İlham Əliyev uğurla həyata keçirir. Biz onun da fərqindəyik ki, NATO ilə münasibətlər yaxşılaşarkən, qonşu dövlətlərin bu məsələyə mövqeyi necə olacaq. Biz bütün bunları nəzərə alırıq. Elə siyasət həyata keçiririk ki, bu, Azərbaycana əlavə problemlər yaratmasın. Onsuz da Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ kimi böyük bir problemimiz var. Bu səbəbdən Azərbaycan Alyansla əlaqələrini gücləndirərkən Rusiya - NATO münasibətlərinin real vəziyyətini də nəzərə alır, ən optimal siyasəti reallaşdırır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər