“Azərbaycan muzeylərində Çin sənəti” mövzusunda seminar keçirilib
Azərbaycan
Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda
"Azərbaycan muzeylərində Çin sənəti” mövzusunda seminar keçirilib.
Açılış nitqi ilə çıxış edən
Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov muzey
işi sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı haqqında danışıb, Ümummilli
lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı Azərbaycan və Çin arasında mədəniyyət
sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini vurğulayıb. O,
Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə etdiyi dövlət səfəri çərçivəsində
Pekində Paytaxt Muzeyi və Sian şəhərində Terrakota Ordusu Muzeyində Çinin qədim
tarixini və mədəniyyətini əks etdirən zəngin kolleksiyalar ilə tanış olduğunu
xatırladıb.
Azərbaycan Milli İncəsənət
Muzeyinin Arxeoloji saxsı və farfor fondunun müdiri Fidan Muradəliyeva muzeyin
kolleksiyasında olan Çin farforunun bədii xüsusiyyətləri və əsas növləri barədə
məlumat verib.
Azərbaycan Milli Tarix Muzeyinin
işçisi Günel Alıyeva muzeyin fondunda qorunub saxlanılan və Azərbaycan – Çin
ticarət əlaqələrinin Böyük İpək Yolunda tarixi ilə bağlı olan nadir eksponatlar
haqqında danışıb.
Azərbaycan Musiqi
Mәdәniyyәti Dövlәt Muzeyinin kütləvi işlər şöbəsinin müdiri Xanım Abdinova
muzeydə olan Çin musiqi alətləri kolleksiyasının xüsusiyyətləri və Böyük İpək Yolunda
mədəni əlaqələrin genişlənməsində türk ənənəvi musiqi mədəniyyətinin rolundan
söz açıb.