• cümə axşamı, 25 aprel, 20:34
  • Baku Bakı 21°C

Azərbaycan-Monteneqro əlaqələri inkişaf edir

17.04.14 16:58 1625
Azərbaycan-Monteneqro əlaqələri inkişaf edir
Bu gün iqtisadiyyat və sənaye naziri (İSN) Şahin Mustafayev Bakıda səfərdə olan Monteneqro Parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, görüşdə nazir Ş.Mustafayev Azərbaycan-Monteneqro əlaqələrinin inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.
Bu ilin mart ayında Azərbaycan nümayəndə heyətinin Monteneqroya səfərini xatırladan nazir Ş.Mustafayev səfər çərçivəsində Azərbaycan Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının, görüşlərin, həmçinin iş adamlarının iştirakı ilə biznes forumun keçirildiyini qeyd edib. Bildirilib ki, ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması və ölkələrimizin potensialı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır: “Ötən il TAP layihəsi üzrə imzalanmış anlaşma memorandumu Azərbaycan və Monteneqro arasında enerji sahəsində əməkdaşlıq üçün gözəl imkandır. Hazırda iki ölkə arasında bir sıra investisiya layihələri nəzərdən keçirilir və bu layihələrin uğurlu icrası ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edəcəkdir. Kənd təsərrüfatı, turizm, infrastruktur və investisiya qoyuluşu sahələrində ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır”.
Nazir Ş.Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını bir daha vurğulayıb, təəssüflə qeyd edib ki, münaqişə ilə bağlı hələ də ikili standartlar tətbiq olunur, işğalçı Ermənistanın və qondarma rejimin nümayəndələrinə Avropaya səfər etmək üçün vizalar verilir, beynəlxalq tribunalarda onlara çıxış etmək imkanı yaradılır. Nazir Ş.Mustafayev beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Monteneqro Parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç inkişaf edən Azərbaycan-Monteneqro əlaqələrindən məmnunluğunu ifadə edib, Azərbaycanın dinamik inkişafının ölkəsinin diqqət mərkəzində olduğunu vurğulayıb. Monteneqro barədə məlumat verən cənab Krivokapiç ölkəsinin Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafında, xüsusilə də investisiya qoyuluşu sahəsində maraqlı olduğunu diqqətə çatdırıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər