• çərşənbə axşamı, 19 mart, 10:42
  • Baku Bakı 8°C

Azərbaycan MN: Əsir düşəndə Akop İnciqulyanı görəni dəhşət bürüyürdü

13.08.13 12:43 1438
Azərbaycan MN: Əsir düşəndə Akop İnciqulyanı görəni dəhşət bürüyürdü
“Kirin-pasağın içində, ayaqqabılarının altı sökülmüş, paltarı nimdaş, cırıq-cırıq, iydən, bitdən yaxın düşmək olmurdu”
Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçərkən əsir götürülmüş erməni hərbçi Akop İnciqulyandan müsahibə götürülməsini Cenevrə Konvensiyasının pozulması kimi qiymətləndirib.
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, Ermənistan Müdafiə Nazirliyi rəsmisinin belə bir bəyanatla çıxış etməsi anlaşılmazdır: “Ovannisyan belə bir fikri gərək dilinə gətirməyəydi. Ondan soruşmaq istəyirəm: Cenevrə Konvensiyasının pozulmasını bizə xatırladarkən Ermənistandakı azərbaycanlı əsirlərlə necə rəftar etdiklərini heç ağlına gətirdimi?! Təzyiq altında azərbaycanlı əsirlərdən götürülən müsahibələr İrəvanın telekanallarında demək olar ki, hər gün təkrar-təkrar nümayiş etdirilirdi. Bu günədək də bu görüntülərdən istifadə olunur. Bəlkə bu, Cenevrə Konvensiyasının müvafiq maddələrinin pozulması demək deyil?! Erməni hərbçi Akop İnciqulyan əsir düşərkən onun hansı qiyafədə olduğunu görəndə adamı dəhşət bürüyürdü. Kirin-pasağın içində, ayaqqabılarının altı sökülmüş, paltarı nimdaş, cırıq-cırıq idi. İydən, bitdən yaxın düşmək olmurdu. Dərhal hamamlandı, biti təmizləndi, əyninə Azərbaycan əsgərinin təzə forması geyindirildi. Əsir deyir ki, hərbi hissədə vaxtlı-vaxtında yemək olmurdu, olanda da yarısını komandirlər əllərindən alıb evlərinə aparır, uşaqlarına verirdilər. Ovannisyan bundan danışmaz, çünki utanc hissi keçirəcək. Amma fakt budur ki, Ermənistanda hökm sürən aclıq, səfalət orduya da sirayət edib. Valideynlər əsgər övladlarına yemək daşımaqdan təngə gəliblər. Bu cür dözülməz vəziyyət əsgər analarını tez-tez İrəvanın küçələrində aksiyalar keçirməyə məcbur edir. Ovannisyan ölkəsindəki bu gerçəkliyi hansı beynəlxalq konvensiyaya uyğunlaşdıra bilər? Cavabını gözləyirəm”.
banner

Oxşar Xəbərlər