Azərbaycan Mətbuat Şurası müraciət yayıb
Bu il fevralın 26-da cəbhə xəttində atəşkəsin pozulması
nəticəsində hərbçilərimiz həlak oldu. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti
və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli
gələrək əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı. Onların
dövriyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı video-görüntü də məhz
həmin müddətdə hazırlanmışdı.
Məlum video-görüntü Azərbaycan ictimaiyyəti içərisində xof
yaratmaq, qorxu aşılamaq məqsədi daşıyır. Təəssüf ki, bəzi internet informasiya
resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə istifadəçiləri bunun fərqinə
varmırlar, məsələyə sentimentallıq çalarları gətirərək paylaşımlar edirlər.
Qabardılan cəhət isə əsgərlərin əl-ələ tutaraq şəhid olmalarıdır. Hər bir halda
yerdəki cansız cəsədlər Azərbaycan hərbçilərinindir, yaxud Ermənistan
tərəfindən Azərbaycan hərbçilərinə məxsus olduğu iddia edilir.
Nəzərə almaq lazımdır ki, övladı, qardaşı, qohumu hazırda
cəbhə xəttində xidmət edən vətəndaşlarımız var. Onların həmin görüntüləri
izləyərkən hansı ağır hisləri keçirdiklərini təsəvvür etmək çətin deyil.
Ermənistan hakimiyyət dairələri də məhz ağır hislərə toxunmaq, inamsızlıq
aşılamaq «məqsədi» güdürdülər.
Azərbaycan Mətbuat Şurası internet informasiya
resurslarına, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinə müraciət edərək
Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan hərbçilərinin
cəsədlərinin yer aldığı iddia olunan video-görüntüləri yaymamağa çağırır. Şura
kütləvi informasiya vasitələrinə, KİV kimi fəaliyyət göstərdiyini iddia edən
hüquqi və fiziki şəxslərə cəmiyyətdə ruh düşkünlüyü yarada bilən, yaratması
ehtimal olunan meyllərdən uzaq durmağı, həssas davranmağı tövsiyə edir.
Bir daha bildiririk ki, həssas olmaq peşəkarlıq
göstəricisidir. Peşəkarlıq isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin
materiallarına istinad, əldə edilmiş məlumatların bu qurumla
dəqiqləşdirilməsidir.