Azərbaycan məhsulları Körfəz ölkələrinə ixrac olunacaq
"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar
Cəmiyyətinin mərkəzi ofisində Bəhreyn Krallığının "Riyada Group” holdinqinə
daxil olan "Riyada Consulting” şirkəti ilə strateji tərəfdaşlığın yaradılmasına
dair anlaşma memorondumu imzalanıb. Sənədi Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri
Əbülfət Qocayev, qarşı tərəfdən isə Sergey Tsvetkov imzalayıblar.
Tərəflər Azərbaycanın kənd təsərrüfatı məhsullarının
Körfəz ölkələrinə ixracı, alternativ bazarların araşdırılması və ölkəmizin
aqrar sektoruna xarici investisiyaların cəlb edilməsi istiqamətində əməkdaşlıq
edəcəklər.Körfəz ölkələrinin bazarlarında Azərbaycan məhsullarına təlabat böyük
olduğu üçün "Riyada Consulting” şirkəti qarşılıqlı razılaşma əsasında yeni müştərilərin
tapılması üçün məsləhət xidmətləri göstərəcək. İmzalanmış sənədlə Səhmdar Cəmiyyət
xarici bazarların təlabatına uyğun məhsulların tədarük olunmasını, qarşı tərəf
isə müəyyən olunmuş ərazilərdə satışının idarəedilməsinə məsuliyyət daşıyacaq.
Əməkdaşlığın həyata keçirilməsi üçün işçi qrupu
yaradılıb. Qrupa Səhmdar Cəmiyyət tərəfindən İdarə Heyətinin sədr müavini Elşən
Əsədov, Bəhreyn tərəfdən isə Sergey Tsvetkov rəhbərlik edəcək.
"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycan
məhsullarının Körfəz ölkələrinə ixracı istiqamətində ardıcıl işlər aparır. Bir
müddət əvvəl Səhmdar Cəmiyyətin nümayəndə heyəti Bəhreyn Krallığı və Birləşmiş Ərəb
Əmirliyinə səfər edərək bir sıra holdinq və satış şəbəkələrinin rəhbərləri ilə
müzakirələr aparıb. Nümayəndə heyəti "Mumtalakat” Holdinq prezidenti Mahmud Alkhocayi, "Arcapita” İnvestisiya Fondunun baş icraçı
direktoru Atif Əbdülmalik, "Bəhreyn İqtisadi İnkişaf Şurası”nın icraçı
direktoru Simon Qalpin, Bəhreyn Kral ailəsinin üzvü, "Riyada Şirkətlər
Qrupu”nun prezidenti xanım Şeyxa Dheya Bin İbrahim Əl Xəlifə ilə işgüzar görüşlər
keçirib, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin kənd təsərrüfatı
potensialı haqda geniş təqdimatlarla çıxış edib. Müzakirələrin davamı olaraq "Ərzaq
məhsullarının tədarükü və təchizatı” ASC-nin təşkilatçılığı ilə Bəhreyn şirkətləri
üçün Azərbaycan məhsullarının sərgisi təşkil olunub, sərgidə iştirak etmiş
"Meyvəli”, "Balxurma”,” Gilan”, "Azərsun”, "Ballı”, "Veysəloğlu”, "Milla”,
"AzQranata”, "GlobalFoodService”, " AhmedTodor”, "AstaraÇay”, "Qoç Ət” və "Tovuz-Baltiya” şirkətlərinin məhsulları bəhrenyli
iş adamları tərəfindən həm görünüşünə, həm də dadına görə yüksək qiymətləndirilmişdi.
"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin
nümayəndələri Bəhreyn Krallığının
paytaxtı Manama şəhərinin market şəbəkələrində ərzaq məhsullarının keyfiyyət və
daxili bazar qiymətlərini araşdırıblar. "Carrefur” və digər satış şəbəkəsində aparılan araşdırmalar nəticəsində
məlum olub ki, daxili bazarda meyvə və tərəvəz,
habelə digər ərzaq məhsullarının qiyməti Azərbaycanla müqayisədə dəfələrlə baha
olması ilə bərabər keyfiyyət baxımından da qənaətbəxş deyildir. Bu məqsədlə də,
Azərbaycan Respublikasından kənd təsərrüfatı məhsullarının ixracı üçün əlverişli
imkanlar mövcuddur. Logistika imkanları formalaşarsa Bəhreyn bazarlarında Azərbaycan
məhsulları yüksək qiymətə satıla və tez bir zamanda keyfiyyət göstəricilərinə
görə bazarda güclü mövqe tuta bilər.