Azərbaycan məhsulları üçün cəlbedici məkan olan İsveçrə bazarı
Avqustun 24-dən 28-dək bir sıra
İsveçrə şirkətinin nümayəndələri Azərbaycanda səfərdə olacaqlar. Azərbaycanın
İsveçrədəki səfirliyindənAZƏRTAC-a verilən məlumata əsasən, İsveçrənin
fındıq idxalı üzrə fəaliyyət göstərən şirkətlərinin Azərbaycanda çoxsaylı
görüşləri nəzərdə tutulur. Səfər zamanı İsveçrə şirkətləri azərbaycanlı tərəfdaşları
ilə Azərbaycandan İsveçrəyə fındıq idxalı imkanlarını müzakirə edəcəklər.
Nümayəndə heyətinin səfəri Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası
və Lixtenşteyn Knyazlığındakı Səfirliyi və Azərbaycan Fındıq İstehsalçıları və
İxracatçıları Assosiasiyasının dəstəyi ilə həyata keçiriləcək. Dünyanın
qabaqcıl şokolad istehsalçılarından biri olan İsveçrə, əsasən şokolad
istehsalında istifadə etmək üçün illik 20 min tona yaxın fındıq idxalı həyata
keçirir. Qeyd edək ki, 2018-ci il iyunun 25-29-da İsveçrəyə təşkil olunan
Azərbaycanın fındıq istehsalı ilə məşğul olan 14 şirkətin nümayəndələrindən
ibarət ixrac missiyası çərçivəsində İsveçrənin aparıcı şirkətləri ilə görüşlər
təşkil olunmuşdu. Keçirilmiş görüşlərdə Azərbaycandan fındıq alımına ciddi maraq
göstərilmiş, İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli
fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılıq əldə olunmuşdu.
2018-ci ildən etibarən Azərbaycan şirkətləri İsveçrəyə fındıq ixracına
başlayıblar.
Onu da qeyd edək ki, İsveçrənin
"www.zeitung.ch” internet portalında Azərbaycanın İsveçrə şirkətləri üçün
cəlbedici məkan olmasına dair məqalə də dərc olunub. "Azərbaycan İsveçrə
şirkətləri üçün böyük şanslar təqdim edir” başlıqlı məqalədə iqtisadi, siyasi
və maliyyə sabitliyi, böyük tranzit potensialı, həyata keçirilən regional
layihələr və münbit investisiya mühitinin Azərbaycanı beynəlxalq investorlar
üçün maraqlı məkana çevirdiyi qeyd edilir. Bildirilir ki, müstəqilliyi bərpa
etdikdən sonra Azərbaycana 260 milyard ABŞ dolları həcmində investisiya
yatırılıb və onun tam yarısı xarici investisiyaların payına düşür, indiyədək
Azərbaycan investisiyaların qorunmasına dair 49 ikitərəfli saziş imzalayıb.
Məqalədə, həmçinin diqqətə çatdırılır ki, qeyri-neft sektorunun inkişaf
etdirilməsi hökumət siyasətinin mühüm prioritetləri sırasındadır. Ölkədə
sənayeləşmə siyasəti çərçivəsində yeni sənaye əraziləri və parkları salınıb,
özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına dəstək
layihələri həyata keçirilir. İsveçrənin, Azərbaycan qeyri-neft sektoruna mühüm
investisiyası kimi dəyərləndirilən və tikinti məhsulları istehsal edən SİKA
şirkəti mühüm amil kimi qeyd edilib.
Müəllif daha sonra qeyd edir ki,
Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti beynəlxalq
qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan
dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək, dünyanın ən çox
islahat aparan ölkəsi elan olunub, dünyanın bir çox ölkələrini geridə qoymaqla
MDB-də lider mövqeyə yüksəlib. Azərbaycan "Ease of Doing Business” renkinqində
190 ölkə içərisində 25-ci yerdə qərarlaşıb. Qeyd edilib ki, ötən il "Made in
Azerbaijan” brendinin tanıtımı məqsədilə Azərbaycandan ixrac missiyası İsveçrədə
səfərdə olub. Missiya yerli satış şirkətləri və potensial müştərilərlə mümkün
ixrac imkanları ətrafında müzakirələr aparıb. Ticarət iki ölkə arasında
qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri sırasındadır. Azərbaycan Cənubi
Qafqazda İsveçrənin əsas ticarət tərəfdaşıdır və İsveçrənin bu regionla ticarət
həcminin 52 faizi Azərbaycanın payına düşür. Yekunda qeyd edilib ki, sadalanan
faktorlar əməkdaşlığın daha da güclənməsi üçün böyük potensialın mövcudluğunu
və İsveçrə bazarının Azərbaycan məhsulları üçün cəlbedici məkan olduğunu
göstərir.
Aqrar sahənin ən gəlirli
sahələrindən olan fındıqçılıq sahəsində İsveçrə ilə əməkdaşlıqda ilbəil
irəliləyişlər əldə olunur. Bəs görəsən cəlbedici İsveçrə bazarına daha hansı
məhsullarımızı çıxarda bilərik: Ümumiyyətlə, İsveçrə ilə aqrar sahədə əməkdaşlıq
bizə nə vəd edir?
İqtisadçı-ekseprt
Ramin Rəhimov deyir ki, Azərbaycan fındığı əsasən Almaniya
və Türkiyəyə ixrac olunur. İsveçrənin bu məhsula maraq göstərməsi Azərbaycan
fındığının digər ölkələrlə müqayisədə daha
keyfiyyətli olmasından xəbər verir: "Bu məqam, hər şeydən əvvəl, ixracla
bağlı rəqabətyönümlü ölkələrin çoxalması deməkdir. Beləliklə, istehsal edilən fındıq məhsulu daha qısa müddətdə
və uyğun qiymətə satıla bilər. İsveçrə ilə Azərbaycan arasında ticarət əlaqələr
var. Bu ölkəyə fındıqdan başqa, digər
kənd təsərrüfatı malları da ixrac edilə bilər. Amma məsafələrin uzaq olması,
tez xarab olan məhsulların bu ölkəyə ixracı baxımından əlverişli hesab olunmur.
Həmçinin, nəqliyyat xərcləri də bir qədər baha başa gəlir. Hələlik,
Azərbaycanın ixrac potensialı o qədər böyük deyil və Avropa bazarlarına
çıxarılan məhsulun həcmi çox azdır. Bu mənada biz öz ixrac potensialımızı
genişləndirməli və yeni Avropa bazarlarına çıxış əldə etməliyik. İsveçrə də bu
ölkələrdən biri sayılır. Düzdür, hələlik
bizim aqrar məhsullar daha çox Türkiyə və Rusiya bazarlarına çıxarılır. Həmçinin, Almaniya, İtaliya kimi Avropa ölkələri
ilə iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Bu münasibətlər gələcəkdə
daha da inkişaf etdirilməli, sahibkarların yeni bazarlara çıxışı təmin
olunmalıdır. Mərkəzi və Şərqi Avropa ölkələri bizim əsas hədəflərimiz ola
bilər. Çünki bu bazarlar bizim üçün daha əlverişlidir. Biz bu bazarlara təkcə meyvə
tərəvəz deyil, eyni zamanda emal edilən məhsullar ixrac edə bilərik. Fındıq,
qoz, badam kimi məhsulların ixrac potensialı çox böyükdür. Biz öz
imkanlarımızdan maksimum yararlanmalıyıq. Bu məhsullar xarab olmadığı üçün
İsveçrə və digər uzaq ölkələrə asanlıqla ixrac edilə bilər”.
Kənd
təsərrüfatı sahəsi üzrə ekspert Nicat
Nəsirli deyir ki, belə bir görüşün keçirilməsi iki ölkə
arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da gücləndirə bilər:
"İndiki halda bu, bizim üçün çox vacibdir. Azərbaycanın bir sıra məhsullarına,
o cümlədən də fındığa xarici bazarlarda böyük maraq var. Bu yaxınlarda dünyanın
ən böyük fındıq istehsalçılarından biri olan İtaliyanın iki şirkətinin
nümayəndəsi Azərbaycanda oldu. Elmi-Tədqiqat İnstitutunda fındıqçılığın inkişafı
ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb. Trendlər göstərir ki, fındıq
dünyada strateji məhsullardan biri hesab olunur. Hətta bir çox parametrlərinə
görə, fındıq çörək qədər vacib məhsullardan sayılır. Fındıq istehsalı ilə
məşğul olan ölkələrdə bu məsələ ilə bağlı yeni araşdırmalar aparılır,
resursların tapılması üzrə çalışmalar həyata keçirilir. İsveçrə elə bir ölkədir
ki, orada fındığa böyük tələbat var.
Fındıq şirniyyat sənayesində xammal kimi istifadə olunur. Bu tələbat nəzərə
alınaraq, Azərbaycanda da fındıq bağları artmaqdadır. İstehsal həcmimiz hələlik
56 min tondur. Yəni ən böyük fındıq istehsalçısı olan ölkələrdən sayılırıq.
Amma hələlik öz potensialımızı tam olaraq istifadə edə bilmirik. Çünki müəyyən
problemlər və qarşıda böyük hədəflər var. Fındıqçılıqla bağlı təkcə İsveçrə ilə
deyil, bir sıra ölkələrlə iqtisadi münasibətlər qura bilərik. Hal-hazırda
xurma, nar və sitrus meyvələrinə olan maraq artır. Bu trendlər bizə də öz
təsirini göstərir. Bu məhsulların əkin sahələri artırılır və müasir texnologiya
tətbiq olunur. Amma etiraf etmək lazımdır ki, Avropa bazarlarına çıxmaq heç də
asan deyil. Çünki sertifikatlaşdırma məsələləri, məhsulun keyfiyyət
standartlarına olan tələblər çox yüksəkdir. İstehsalçılar bu tələbləri
ödəməlidir. Məhsulların markalaşdırılması, qablaşdırılması standartların
yaradılması ilə bağlı müəyyən problemlər var. Bu tələbləri, hələlik ödəyə
bilmədiyimizə görə, məhsullarımızı Avropa bazarına çıxarmaqda çətinlik çəkirik”.
Şəbnəm Mehdizadə