• cümə, 19 Aprel, 21:16
  • Baku Bakı 24°C

“Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda tədbir keçirilib - Fotolar

25.08.16 18:44 1121
“Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda tədbir keçirilib - Fotolar
Bu gün Mətbuat Şurasında (MŞ) "Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda tədbir keçirilib.

APA-nın xəbərinə görə, MŞ-nın təşkilatçılığı ilə keçirilən tədbirdəPrezident Administrasiyasıvə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, millət vəkilləri, müxtəlif mətbuat orqanlarının baş redaktorları iştirak edib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Azərbaycanda dini azadlıq mövcuddur: "15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycan mediasında da qardaş ölkədə baş verənlər barədə yazılar yayımlanır. Son günlər Fətullah Gülən, "nurçuluq” məfhumlarına bizim mediada tez-tez rast gəlinir. Əslində, bu, yeni hal deyil. İllər əvvəl də bu barədə yazılar yayımlanıb. Bu cür yazıları yazanda bir qədər ehtiyatlı olmaq lazımdır, tələskənliyə yol verməyə ehtiyac yoxdur”.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənovdeyib ki,Azərbaycan mediası yarandığı gündən daim xurafata, dini radikalizmə qarşı mübarizə aparıb: "Eyni zamanda, Azərbaycan mediası öz üzərinə bir maarifçilik missiyası götürüb. Azərbaycan mətbuatı hər zaman olduğu kimi, bu gün də maarifçilik missiyasını daşıyır”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki Azərbaycan prezidentiİlham ƏliyevTürkiyədə 15 iyulda baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirib və Türkiyədə qanuni, xalq tərəfindən seçilmiş hakimiyyətin yanında olduğunu bəyan edib: "Biz məsələyə ilk olaraq elə məhz bu prizmadan, Azərbaycan prezidentinin çevrilişə cəhdlə bağlı bəyanatından yanaşmalıyıq. Bütün radikal dini cərəyanlar siyasi xarakterlidir. İstər vəhhabilik, istər radikal şiəlik, istərsə də nurçuluğun mahiyyətində siyasi hakimiyyətə gəlmək dayanır. Fətullah Gülən Türkiyənin milli maraqlarına qarşı çıxıb, FETÖ-nun nə dinlə, nə də məzhəblə əlaqəsi var. Azərbaycanda da bunu hamı dərk edir. Mən bir məsələni də qeyd etmək istəyirəm. Cənab prezident çıxışında qeyd edib ki, bizim dini mədəniyyətimiz milli mədəniyyətimizin komponentlərindən biridir. Biz bu amili də nəzərə almalıyıq”.

"APAHolding”in prezidenti, MŞ İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı deyib ki, 2013-cü ilə qədər gülənçilərin keçirdikləri tədbirlərdə dünyanın müxtəlif ölkələrinin ən tanınmış şəxsləri, dövlət rəsmiləri iştirak ediblər: "Çünki bu, həmin vaxt Türkiyə dövlətinin yaxın müttəfiqinin tədbirində iştirak kimi qəbul olunurdu. Ona görə də mən hamının bu gün ucdantutma qınanılmasının, bu məsələ ilə bağlı kampaniyaçılığın əleyhinəyəm. Lakin 2013-cü ildən sonra artıq Türkiyə dövləti belə bir müttəfiqi olmadığını açıqladı, bunlara qarşı mübarizəyə başladı. Məhz bundan sonra bu dairə ilə sıx əlaqə saxlayanlar, əməkdaşlığı davam etdirənlər mütləq araşdırılmalı və cəzalandırılmalıdır".

V. Mahirqızı bildirib ki, Azərbaycan mediası dövlətin maraqlarına təhlükə ola bilən istənilən cərəyanla mübarizədə dövlətin yanındadır: "Düşünürəm ki, bu, birmənalı və mübahisəsizdir”.

Millət vəkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoruMusa Qasımlınurçuluğun təhlükəli dini cərəyan olduğunu diqqətə çatdırıb. Nurçuların məhz təhsil amilindən istifadə etdiyini xatırladan M. Qasımlı əcnəbilərin Azərbaycanda məktəb açmağının əleyhinə olduğunu bildirib: "Biz Fətullah Gülənin tərəfdarlarının məktəb amilindən necə istifadə etdiyinin şahidi olduq”.

Millət vəkili əlavə edib ki, Bakı İslam Universitetinin fəaliyyəti gücləndirilməlidir: "Bunun vaxtı çoxdan çatıb. Bakı İslam Universitetinin fəaliyyəti gücləndirilməli, Azərbaycan öz din xadimlərini yetişdirməlidir. Digər tərəfdən də radikal dini cərəyanlara qarşı mübarizəni daha da gücləndirmək lazımdır”.

Azərbaycanın FETÖ ilə mübarizədə qətiyyətli addımlar atdığını bildirən "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan dövləti bu cür məsələlərdə diqqətlidir: "Eyni zamanda, bu məsələdə Azərbaycan mediasının da üzərinə böyük yük düşür. Hesab edirəm ki, Azərbaycan dövləti belə məsələlərə daim həssas yanaşıb və məqamında bunun qarşısını alıb. Mətbuat dövlətin maraqlarının qorunmasında dövlətin yanındadır. Bizim üçün ən başlıca prinsip dövlət və dövlətçilikdir. Bu məsələdə də mətbuat öz fəallığını ortaya qoyub və qoyacaq”.

"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, rəhbəri olduğu qəzetdə FETÖ və "gülənçilər”lə bağlı silsilə və ciddi araşdırmalar yayımlanır: "Biz bu araşdırma yazıların çapını davam etdirəcəyik və növbəti yazılarda daha ciddi faktlar və konkret adlar göstərəcəyik. Fətullah Gülənin tərəfdarları 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış hərc-mərclikdən istifadə edərək ölkəmizə ayaq açdılar. Onların ilk hədəfi Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi oldu. Digər tərəfdən də onlar əsas məqsədi 20-30 illiyə hesablanır. Onlar özləri də etiraf edir ki, onların strategiyası 20-30 ili hədəfləyir. Düşünürəm ki, bu cür həssas məqamlarda ictimai-siyasi institutlar birləşməyi bacarmalıdır”.
"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, burada Türkiyə də daxil olmaqla, türkdilli ölkələri sarmış bir şəbəkədən söhbət gedir: "Mən tədbirdə iştirak edə-edə internetdə yüngülvarı bir araşdırma apardım. Biz 7-8 il öncə rəhbəri olduğum qəzetdə onlar haqda məlumatlar çap edirdik. O zaman həqiqətən bu yazılardan sonra bizim vəziyyətimiz yaxşı deyildi. Gülənçilər 2002-ci ildən iqtidarda olan bir partiyanın müttəfiqi idi. Onların sözü bu ölkədə mənim sözümdən daha keçərli idi. Gülənin tərəfdarları Azərbaycana Türkiyənin adı ilə gəlib, təhsildə və başqa sahələrdə möhkəmləndilər. Gülənçilər gedib Afrikada yaşayan xalqlara İstiqlal marşını oxutmaqla və digər hərəkətlərlə özlərinə xal qazanmağa çalışıblar. Mənim Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana münasibətim o qədər də yaxşı deyil. Çünki adam həddin artıq ərəbçidir, nəinki türkçü. Çıxışında 10 dəfə "Fələstin” deyir, 1 dəfə "Qarabağ”. Lakin Ərdoğan 15 iyulda Türkiyəni böyük bir bəladan xilas etdi. Digər tərəfdən, mən bu məsələdə 1937-ci il qaydaları ilə hərəkət etməyin də qəti əleyhinəyəm. Bu məsələdə fəallıq nümayiş etdirməyimiz həm dövlətimiz, həm də gələcəyimiz üçün çox önəmlidir. Azərbaycan da öz prezidenti, öz dövlət ilə bu məsələdə çox mühüm və düzgün addımlar atır”.

Millət vəkili, politoloq Elman Nəsirov qeyd edib ki, Fətullah Gülənin tərəfdarlarının dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da təşkilatlanıblar: "15 iyulda FETÖ-çuların Türkiyədə dövlət çevrilişinə cəhd etdiyini nəzərdən qaçırmaq olmaz. TürkiyəNATOölkəsidir. Onlar belə nəhəng dövlətdə dövlət çevrilişinə cəhd etməkdən belə çəkinmədilər. Türk xalqı prezidenti ətrafında birlik nümayiş etdirib buna imkan vermədi. Bu, çox ciddi siqnaldır. Nə qədər ki, Fətullah Gülən həbs edilməyib, heç bir halda arxayınlaşmaq olmaz. Türkiyədə baş vermiş hadisənin çox böyük dərsləri var. Türkiyədə belə bir cinayətə əl atan adamların Azərbaycanda da əlaqələri var. Çünki onların şəbəkəsi müxtəlif ölkələrə, hətta Afrika ölkələrinə qədər geniş yayılıb. Belə olan halda onlar Azərbaycanda müəyyən strukturlarda yerləşiblər. Hesab edirəm ki, onlar münasib bir şəraiti gözləyirdilər. Əgər Türkiyədə çevriliş baş tutsaydı, biz Azərbaycandakı fətullahçıların əsl simasını görəcəkdik”.
Millət vəkili bildirib ki, bu məsələdə tələsik qərar da qəbul etmək olmaz: "Çox ciddi araşdırmalardan, Türkiyənin xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan sonra Azərbaycanda da bu terror təşkilatı ilə əlaqəsi olan qüvvələr müəyyən edilməlidir. Yalnız o adamlar tapılmalıdır ki, onlar FETÖ-ya xidmət göstəriblər, Azərbaycanda gərginliyin pozulmasında maraqlı olublar. Mətbuatın da burada üzərinə böyük iş düşür. Azərbaycan prezidentiİlham Əliyev15 iyul hadisələri ilə bağlı bəyanatında Azərbaycan dövlətinin, Azərbaycan xalqının Türkiyə dövlətinin və prezidentinin yanında olduğunu birmənalı şəkildə bildirdi. Azərbaycan prezidentinin köməkçisiƏli Həsənov2009-cu ildə "Dialoq Avrasiya”nın tədbirində onlarla bağlı qətiyyətli mövqeyini bildirib. Bugünkü reallıqlar göstərir ki, bu nə qədər düzgün yanaşmadır. Mediamız da real faktlara əsaslanıb hərəkət etməlidir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov qeyd edib ki, Komitə bu məsələni daim diqqətdə saxlayıb. O əlavə edib ki, Azərbaycanda dövlət radikal dini cərəyanlara qarşı geniş tədbirlər həyata keçirilir.

"Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər bildirib ki, Fətullah Gülənin tərəfdarları bu gün də müəyyən qurumlarda öz fəaliyyətlərini davam etdirirlər: "Gülənin buradakı adamları Şah İsmayıl Xətaini təhqir etməklə məşğuldurlar. Təəssüf ki, FETÖ təhlükəsi hələ də qalır”.










banner

Oxşar Xəbərlər