• çərşənbə, 24 Aprel, 15:37
  • Baku Bakı 27°C

Azərbaycan mədəniyyətinin aynası

04.02.20 19:57 5503
Azərbaycan mədəniyyətinin aynası
İncəsənət nümayəndələri "Kaspi” qəzetinin yaşamasını zəruri hesab edirlər

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı qərar qəbul edilib. Amma Azərbaycan və rus dillərində nəşr olunan "Kaspi” və "Kaspiy” qəzetlərinə maliyyə yardımı ayrılmayıb. Fondun bu qərarı ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Məsələ ilə bağlı mədəniyyət nümayəndələri də öz fikirlərini bildirdilər.

"Bu qəzetdə peşəkar kollektiv ənənələri formalaşıb”

Xalq artisti Nurəddin Mehdixanlı "Kaspi” qəzetinin fəaliyyəti dayanarsa, bunun Azərbaycan mətbuatına bir zərbə və böyük itki olacağını deyir: "Kaspi” qəzetinin fəaliyyət tarixi dünəndən başlamayıb. 3 əsr yaşı olan "Kaspi” qəzeti Azərbaycan mətbuatında uzun müddətdir ki, külüng çalır, cəmiyyətimizdə güzgü rolunu oynayır. Belə ki, mətbuatın söz dünyasında, ictimai-siyasi həyatda yeri və rolu danılmazdır. Ölkə üçün mühüm işlər görən qəzetin fəaliyyətinin dayandırılmasının əleyhinəyəm. Qəzet bağlanarsa, bir millət, cəmiyyət, ən əsası da oxucu olaraq biz ancaq itirə bilərik. Heç arzu etməzdim ki, Azərbaycanda hansısa mətbuat orqanı bu və ya digər səbəbdən öz fəaliyyətini dayandırsın. Xüsusilə də, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında çox aktiv və doğru-düzgün mövqeyi olan, Azərbaycan mədəniyyətini, ədəbiyyatını obyektiv şəkildə işıqlandıran bir mətbuat orqanı. "Kaspi” qəzeti Azərbaycan mətbuatının ayrılmaz bir parçasıdır. Mən artıq 8 ildir ki, bu qəzetin "Ədəbiyyat” və "Teatr” əlavəsini oxuyuram. İndi belə çıxır ki, artıq bu əlavələr də olmayacaq? Bunu təsəvvür edə bilmirəm”.

N.Mehdixanlı "Kaspi” qəzetində peşəkar kollektiv ənənələrinin formalaşdığını qeyd etdi: "Ölkəmizin başçısı cənab prezident İlham Əliyev iş yerlərinin açılması, eləcə də Azərbaycan mətbuatında azad sözün davamlılığı, ona geniş meydan verilməsi ilə bağlı kifayət qədər ciddi göstərişlərini verib. Belə bir məqamda "Kaspi” qəzetinin geniş kollektivinin işsiz qalması sual doğurur. Bunun səbəbləri nədir? Axı burda peşəkar kollektiv ənənələri formalaşıb. Bu kollektiv dünənin uşaqlarından ibarət deyil. Belə bir kollektivin işsiz qalması ehtimalı məni məyus edir. Heç xoşagələn hal deyil, mən bunu arzulamazdım. İnanıram ki, bu, baş verməyəcək. "Kaspi” qəzeti öz fəaliyyətini davam etdirəcək, mən buna inanıram. Çünki bu gün Azərbaycanın ictimai-siyasi həyatındakı şəffaflıq, açıq sözə verilən meydan, cənab İlham Əliyevin apardığı siyasət ona əsas verir ki, mətbuat yaşasın, mədəni-ədəbi həyatı işıqlandırsın. "Kaspi” qəzeti bu istiqamətdə çox ciddi işlər görür. Arzu edirəm ki, qəzet fəaliyyətini davam etdirsin”.

"Onların qələmindən çıxan yazıları oxumaq insana zövq verir”

Xalq artisti Fidan Hacıyeva "Kaspi” qəzetinin incəsənətə, mədəniyyətə hər zaman dəyər verdiyinin şahidi olduğunu söylədi: "Bu qəzet bizim kimi sənətkarın uğurlarını işıqlandırıb. Hər zaman doğru, dürüst, şəffaf şəkildə fəaliyyətimiz əks olunub. Eləcə də zaman-zaman "Kaspi” qəzetində gənclərin uğurlarının işıqlandırıldığının şahidi olmuşam ki, bu da istedadlı gənclərə böyük stimul verib. Bunun özü gənclərə böyük dəstəyin göstəricisidir. "Kaspi” qəzetində çox istedadlı, işinin peşəkarı, işini bilən yaradıcı kollektiv var. Hansı ki, onların qələmindən çıxan yazıları oxumaq həqiqətən insana zövq verir. Qəzet mədəniyyət nümayəndələrinə daim dəstək olub. Mən "Kaspi” qəzetinin fəaliyyətini dayandırmasını istəməzdim. Ümid edirəm ki, "Kaspi” 3 əsrlik tarixini davam etdirəcək”.

"Bu kollektiv Azərbaycan naminə hələ çox işlər görməyə qadirdir”

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya” şöbəsinin müdiri Vidadi Qafarov "Kaspi” qəzetinin yarandığı 1881-ci ildən bu yana üç əsrdir ki, şərəfli yol keçərək Azərbaycan xalqına xidmət etdiyini bildirdi: "Bu qəzetin milli mədəniyyətimizin inkişafında, qorunmasında və təbliğində xüsusi payı var. Bu mötəbər qəzet hər zaman ölkəmizin ictimai-siyasi-mədəni həyatında böyük rol oynayıb, dövlətçiliyin, müstəqilliyimizin keşiyində durub. "Kaspi” qəzetinin çağdaş dövrdəki fəaliyyəti də məhz bu istiqamətdə qurulub, milli-mədəni dəyərlərə, dövlətçilik ənənələrinə sadiqliyi ilə oxucuların xüsusi rəğbətini qazanıb. "Kaspi” qəzeti incəsənətə, ədəbiyyata, bütövlükdə mədəniyyətə yüksək diqqəti və qayğısı ilə həmişə seçilib ki, bu da qəzeti sənət aləmində ən sevilən və oxunan qəzetlərdən birinə çevirib. Qəzetin səhifələrində həftənin ayrı-ayrı günlərində işıq üzü görən "Ədəbiyyat”, "Gənclik”, "Teatr” əlavələri özünün daimi oxucu auditoriyasını yaradıb, bu sahələr üzrə prosesin intensivləşməsində böyük rol oynayıb və oynamaqdadır. Mən 2011-2018-ci llər ərzində "Teatr” əlavəsinin redaktoru olmuş bir şəxs kimi deyə bilərəm ki, "Kaspi” qəzetinin redaksiyası yüksək peşəkarlığı ilə seçilən əməkdaşların mehriban kollektividir. Və bu kollektiv Azərbaycan naminə hələ çox işlər görməyə qadirdir. İnanıram ki, gələn 2021-ci ildə "Kaspi” qəzeti 140 illik yubileyini öz oxucuları ilə birlikdə keçdiyi tarixə layiq şəkildə qeyd edəcək və hələ uzun illər oxucuların qarşısına şərəflə çıxacaq”.

"Kaspi” ilə əməkdaşlıq etmək də xoşdur, oxucusu olmaq da”

Sənətşünaslıq elmləri doktoru, professor, Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri İsrafil İsrafilov "Kaspi”nin klassik ənənələrdən bəhrələnərək, çağdaş mətbuatın mütərəqqi prinsiplərini rəhbər tutaraq, müasir medianın sevilən, oxunan nümunəsini yaratdığını vurğuladı: "Bu qəzetin uzun illər abunəçisi olmuşam, "Kaspi”də bilavasitə yazılarım dərc olunub. Yazımın hansı şəkildə maraq kəsb etdiyinin şahidi olmuşam. "Kaspi” ilə əməkdaşlıq etmək də xoşdur, oxucusu olmaq da. Mən bu qəzetin "Teatr”, "Ədəbiyyat” əlavələrinin daimi oxucusuyam. Sözügedən qəzet bu gün öz ənənələrini uğurla davam etdirir. Bu qəzet bütün sahələri özündə əhatə edir. Bunun özü olduqca əhəmiyyətli və vacib məqamdır. "Kaspi” qəzeti siyasi-ictimai, iqtisadi məsələlərlə yanaşı, mədəniyyət sahəsini də çox uğurla işıqlandırır. Əlbəttə ki, bu qəzetinin təkcə mənim yox, gənc nəslin, qələm sahiblərinin fəaliyyətində, onların yetişməsində müstəsna xidmətləri olub. Qəzetin xüsusilə mədəniyyətlə bağlı işıqlandırdığı mövzular, əhatə etdiyi məsələlər yetərincə ciddi, səriştəli, maraqlı olur. Əsas məsələ odur ki, "Kaspi” qəzetinin ölkəmizdə mədəniyyət, incəsənət, teatr həyatı ilə bağlı faydalı iş əmsalı çox yüksəkdir. Qəzetdə istedadlı jurnalistlər çalışır. Onların ölkəmizin mədəni həyatı üçün gördüyü işləri yalnız alqışlamaq lazımdır”.

"Bir dəfə də olsun, qalmaqal xarakterli yazı oxumamışıq”

Azərbaycan Dövlət YUĞ Teatrının direktoru İslam Həsənov "Kaspi” qəzetinin daimi oxucusu olduğunu qeyd etdi: "Qəzetin "Teatr” əlavəsini məmnuniyyətlə oxuyuruq. Sevindirici haldır ki, teatr sənətinin təbliği işinə böyük töhfələr verən bu əlavə artıq 8 ildir işıq üzü görür. Teatrşünasların ərsəyə gətirdiyi bu yazılarda ölkənin və dünyanın teatr prosesi qismən də olsa əhatə olunur. Ona görə də teatr sənəti sahəsində çalışan insanlar bu sferada baş verən yeniliklərdən xəbər tutmaq üçün "Kaspi” qəzetinin "Teatr” əlavəsini ən mötəbər mənbə hesab edirlər. Eləcə də, YUĞ Teatrının fəaliyyətini geniş işıqlandırdığına görə əlavənin bütün heyətinə minnətdarıq. Bu əlavə ölkədə teatra peşəkar münasibəti ilə seçilən az sayda mətbu orqanlardandır. 8 il ərzində bu qəzetin səhifələrində tənqidə də, tərifə də, təhlilə də rast gəlmişik, ancaq bir dəfə də olsun, qalmaqal xarakterli yazı oxumamışıq. Çünki burada çalışan insanlar öz işlərini gözəl bilən və sevən peşəkarlardır. Teatrın isə peşəkar mütəxəssis rəyinə həmişə ehtiyacı var”.

"Bu gün "Kaspi” əhatəli oxucu auditoriyasına malikdir”

Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan bildirir ki, "Kaspi” media aləminə gəlişi ilə sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı bacarıb, digər tərəfdən də dünyanın ən mütərəqqi inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirib: "Bu qəzet qarşısına məqsəd qoyaraq, söz, mətbuat azadlığının gətirdiyi azadfikirliliyin ölçü-biçisini düzgün dərk edib. "Kaspi” media etikasına daim sadiq qalan bir mətbuat orqanıdır. Şəxslərin təhqirinə heç zaman yol verməyərək, istər sadə vətəndaşların, istərsə də müəyyən sahəyə aid yetkililərin şərəf və ləyaqətini qorumaq baxımından lazımi məqamlarda balanslı mövqe nümayiş etdirib. Danılmaz faktdır ki, bu gün "Kaspi” əhatəli oxucu auditoriyasına malikdir. "Kaspi” qəzeti adi bir qəzet kimi yox, tarixi keçmişi olan, 145 illik Azərbaycan mətbuat tarixini çiynində daşıyan mətbuat orqanıdır. Bu, bir tarixdir. Tarixi məhv etmək isə günah olardı. "Kaspi” qəzeti ölkənin aparıcı media orqanları arasında layiqli yer tutub və ictimaiyyətdə böyük nüfuz qazanıb”.
İ.Soltan qeyd etdi ki, "Kaspi” qəzeti həmişə daxili aristokratlığını saxlayıb: "Həmişə qəzetin kollektivinə rəğbətlə yanaşmışam. Çünki bu kollektiv hər zaman ədalətin tərəfində olub. Bununla yanaşı, peşəkar prinsipləri intriqalara qurban verməyib. İnanıram ki, "Kaspi” qəzetinin yaşaması üçün çıxış yolu tapılacaq”.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər