• cümə, 19 Aprel, 04:05
  • Baku Bakı 18°C

Azərbaycan mebelini xaricdə təmsil edən gənc - "Uğur hekayəsi"

09.06.17 13:30 5284
Azərbaycan mebelini xaricdə təmsil edən gənc - "Uğur hekayəsi"
Uğursuzluqlardan qorxmur. Deyir ki, bəzən uğursuzluqlar uğura gedən yolda ən böyük stimuldur. Bir qapının bağlanmağı, daha yaxşı bir qapının açılacağına işarədir. Sadəcə buna inanmalı və məqsədinə doğru səbirlə irəliləməlisən. Müsahibimiz "Embawood” şirkətinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri, hazırda Gürcüstanda şirkətin regional satış inkişaf meneceri Elçin Babaşovdur.
E.Babaşov Gürcüstanda anadan olub. 5-ci sinifdən orta təhsilini Türkiyədə davam etdirib. 4 il oxuduqdan sonra yenidən Bakıya qayıdıb. Bakı Özəl Türk liseyində 3 il təhsil alıb. Məktəbi bitirdikdən sonra Qafqaz Universiteti, sənaye mühəndisliyi fakültəsində daxil olub. ABŞ departamentinin təşkil etdiyi mübadilə proqramı ilə təhsil almaq üçün ABŞ-a yollanıb. Daha sonra Gürcüstanda və Qafqaz universitetində magistratura təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra qısa müddət DNS kompüterdə çalışdıqdan sonra "Embawood” şirkətindən iş təklifi alıb: "Şirkət CV-mə və bacarıqlarıma baxdıqda məni "Embawood”un xarici nümayəndəliklərində dəyərləndirdilər. İl yarım Gürcüstanda logistika şöbəsinin müdiri kimi çalışdım. Sonra Ukraynada da yenə bu işi icra etdim, 2 il sonra əməliyyatlar departamenti quruldu. Departamentə logistika, planlama, təchizat şöbələri daxil idi və mən bu qrupun rəhbəri oldum. 2014-cü ildən isə "Embawood” şirkətinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri kimi çalışdım.
- Azərbaycan, Türkiyə, Gürcüstan, Amerika. 4 ölkənin təhsilini görübsünüz. Fərqli təhsil sistemi sizə nə verdi?
- Təhsil karyeranın ən böyük sütunudur. Əgər o sağlam olmasa, sonrakı dövrdə insan nə qədər uğur qazansa da, bir gün mütləq axsayacaq. Mən təhsilimi istədiyim kimi ala bildim. Fərqli ölkələrdə təhsil sistemindən yararlanmağın müsbət tərəfləri çoxdur. Uşaq yaşlarımdan öz ayaqlarımın üstündə durmağı, çətinliklərlə mübarizə aparmağı və müstəqil qərar verməyi mənə Türkiyə təhsili öyrətdi. Mənim oxuduğum illərdə Azərbaycanda ibtidai təhsil daha çox əzbərçilik üzərində qurulmuşdu. Hekayələr, şerlər əzbərlətdirirdilər. Amma Türkiyədə və Amerikada bizi praktiki sahələrə yönəldir və öyrəndiyimizi tətbiq etməyə məcbur edirdilər. Amerikada politologiya üzrə təhsil alırdım. Aldığım dərsdən əlavə, ayda 10 saat ictimai işlərdə iştirak etməli idim. Respublikaçılar partiyasının seçim kompaniyasında könüllü oldum. Belə olduqda araşdırmağa həvəs olur və insan öz üzərində daha çox işləyir. Hazırda bizdə test imtahanından çox bal toplayanlar uğur göstəricisi kimi təqdim olunur. Amma xarici ölkələrdə bu uğurlu olmaq demək deyil. Təhsil sadəcə, sənin bazandır və bu, sənin borcundur. Ondan gələcəkdə düzgün istifadə etmək insanın öz bacarığından asılıdır. Fərqli ölkələrdə təhsil almaq mənə fərqli dünyagörüş, dünyaya fərqli baxış bucağı verdi.
- Gənc yaşınızda "Embawood”a şöbə rəisi dəvət olundunuz. Bu yaşda belə məsuliyyətli iş sizi qorxutmadı?
- O hissin iki açıqlaması var, birincisi qorxu, ikincisi iftixar. Gürcüstanda şöbəmdə 120 nəfər işçi var idi və mən onlara rəhbərlik edirdim. Yeni kadra 120 nəfərlik şöbənin həvalə olunması özü böyük məsuliyyət idi. Bu şirkətin kadrlara güvənməsini göstərirdi. O məsuliyyət hissi ilə mənə olan etimadın qarşılığını vermək üçün maksimum çalışdım.
- Gürcüstandan sonra Ukraynada ölkə nümayəndəliyinin rəhbəri oldunuz. Fərqli ölkələrdə çalışıb həmin ölkənin öz vətəndaşlarına rəhbərlik etmək necə hissdir? Bu sizi narahat edirdimi?
- Qətiyyən. Azərbaycanlı olmağımla fəxr etsəm də, iş prosesində milli və dini görüşlər mənim üçün ikinci planda olub. Elə bir dünyada yaşayırıq ki, hər birimiz istənilən millət və din mənsubu ilə ünsiyyətdə oluruq. Biz hiss etdirməməliyik ki, aramızda fərqliliklər var. İnsanlar ortaq nöqtələri tapıb bir birinə yaxın olmaqdansa, uzaqlaşmağı seçirlər. Mənim də baxışım elə idi ki, heç kimə fərqli millətdən olduğumu hissi etdirmirdim. Sadəcə, bu, bayramlarda hiss olunurdu. Fərqli bayramları qeyd edirik. Amma işçilərimin və mənim bir məqsədim var idi: işimizi mükəmməl görmək. Dost münasibəti qurub, işlərin öhdəsindən gəldikdən sonra rəhbər azərbaycanlı olub, işçi rus olsa da, işdə heç bir problem olmur.
- Gənclərin tabeçiliyində çalışan yaşlılar adətən onların daha bacarıqlı olmasını qəbul etmir. Belə halla rastlaşıbsınız?
- Bəli, belə hallar olur. Kiyevə tabeçiliyimdə çalışan insanların 4-ü məndən yaşca böyük idi. Amma nə qədər yaş və vəzifə fərqimiz olsa da, çalışırdım ki, balans yaradım. Yaşlı insanlar belə halları həmişə özlərinə kompleks edirlər. Dost münasibəti qurur və onlarla fikir mübadiləsi aparırdım ki, inciklik olmasın. Çünki belə hallar bəzən iş prosesinə də mənfi təsir edir. Bir çox hallarda fikrim qəti olsa da, həmişə özümdən böyüklərə yumşaq dillə çatdırırdım ki, balansı qoruyum və məndən inciməsinlər.
- Elçin bəy, idarə edən olmaq çətindir yoxsa idarə edilən?
- Məncə idarə edilən. Çünki əgər insan özü ədalətli rəhbərdirsə, o, idarə etməkdən heç vaxt çəkinməməlidir. Hər zaman fərqli, düşüncəli insanların cəmləşdiyi yerdə ədalətli idarəçi varsa, işinin öhdəsindən gələ bilir. Amma idarə edilərkən sənin rəhbərin də ədalətli olacağına təminat yoxdur. O zaman artıq rəhbərin vicdanından və ədalətindən asılı olursan.
- Yaxşı rəhbər necə olmalıdır?
- Rəhbəri rəhbər edən onun təcrübəsidir. Bəzən elə nüanslarla rastlaşırsan ki, bunu kitablarda oxuduğun kimi tətbiq edəndə belə, səhv addım atmış olursan. Ona görə insanın oxumaqla yanaşı, çox çalışması, təcrübə toplaması vacibdir. İnsanın öz təcrübəsi ilə qazandığı bilik hər bir kitabdan daha dəyərlidir. Mənim də ən böyük çətinliklərim bir çox hallarda təcrübəsizliyimdən başıma gəlib. Bəzən elə səhvlər edirdim ki, indi heç vaxt onları etmərəm. Bu səbəbdən, təcrübənin əhəmiyyəti böyükdür. Amma yaxşı rəhbər etdiyi səhvlərdən nəticə çıxaran və bəzən səhv etdiyini qəbul edən rəhbərdir. Rəhbər idarəçiliyin verdiyi eqo hissini kənara qoymalı, özünün də səhv edə biləcəyini başa düşməlidir. Anlamalıdır ki, heç kim mükəmməl deyil və hər insan səhv edə bilər.
- Şans, yoxsa çox çalışmaq...
- Şansa qətiyyən inanmıram. Çünki həyatda heç nə şansla olmur. Bütün uğur hekayələrinə baxsanız, arxasında illərlə yığılan əziyyət, zəhmətin olduğunu görərsiniz. Aldığımız təhsil, diş-dırnağımızla çalışmalarımızın nəticəsində karyerada müəyyən pillələri adlayırıq. Bunun adına şans demək günahdır.
- Ənənəvi sualımız, uğurunuzun sirri nədir?
- Uğurun ilk qanunu çox çalışmaqdır. Əzm, çalışmaq və inanmaq. İnsan qarşısına məqsəd qoyub ona doğru getməyə çalışırsa, mütləq o məqsədə nail olur. Gənclərin bəziləri düşünür ki, pulun yoxdursa, uğur qazana bilməzsən. Bu, çox səhv fikirdir. Mənim atamın nə pulu var idi , nə də mənim daydayım olmayıb. Karyeramı özüm qurdum. Atamın mənə etdiyi ən böyük yaxşılıq verdiyi təhsil olub. O təhsil də bir açar idi. Mən o təhsildən yararlanıb özümü şirkətlərdə göstərə bildim. Hər şey insanın özündən asılıdır. Əgər insan qarşısına məqsəd qoyubsa, mütləq buna nail olacaq.
- Uğurlu karyerada yalnız ağıllı olmaq kifayət edirmi?
- Xeyr. İnsanın ağıldan başqa vicdanı, düzgünlüyü və inancı olmalıdır. O qədər ağıllı insanlar var ki, ağlından düzgün istifadə edə bilməyiblər. Ağıl hər zaman hər şeyi həll etmir. Ağılın yanında dürüstlük, vicdan kimi müsbət hisslər olsa, o zaman o ağılın qarşısında heç nə dayana bilməz.
- Uğursuzluqdan qorxursunuz?
- Uğursuzluqdan qorxan insan heç vaxt uğurlu ola bilməz. Uşaqlar da yeriməyə başlayanda yıxıla-yıxıla yeriyirlər. Uğursuzluq hər kəsin taleyində var. Universitetdən sonra BP şirkətini praktika proqramında çalışırdım. Mənə demişdilər ki, praktika bitdikdən sonra işə düzələcəksən. Artıq BP-də işləyəcəyimdən əmin idim. Amma BP sənaye mühəndislərini işə götürmədi və bizi kənarlaşdırdılar. Həyatımda özümü uğursuz hiss etdiyim ən böyük an o idi. Çox üzüldüm. Amma sonrakı mərhələ göstərdi ki, elə ən yaxşısı bu imiş. Çünki BP də çalışsaydım, rahat olacaqdım . Daimi inkişaf haqqında düşünməyəcəkdim. Orada əməkhaqqı yüksəkdir və bu da məni arxayınlaşdıracaqdı. Sonra aşağı maaşla da olsa, çalışdığım yerlərdə işimi daha yaxşı öyrəndim. Azərbaycan mebelini və biznesini xaricdə təmsil etdik. Bəzən uğursuzluqlar elə uğurun açarı olur. İnsan belə vəziyyətə düşəndə qətiyyən pis düşünməməlidir. Bəlkə elə o qapının bağlanması daha yaxşı qapının açılacağına işarədir.
- Rəhbər kimi, işçidə ən çox diqqət etdiyiniz xüsusiyyətlər nələrdir?
- İşçinin təhsili, hansı vaxtlarda çalışması mənim üçün önəmlidir. Bəzi CV-lərdə diqqət edirəm, işçi 1 il ərzində 4 şirkət dəyişib. Belə CV-ləri olan insanların bir yerdə uzun müddət çalışa biləcəyinə təminatım olmur. Stabillik CV-də çox önəmlidir. Digər keyfiyyətlər isə komanda şəklində çalışmaq bacarığı və özünə güvənməsidir.
- Elçin bəy, gənclərə nə tövsiyə edərdiniz?
- Çalışsınlar maksimum insanı keyfiyyət və dəyərlər üzərində öz həyatlarını qursunlar. İnsan nə qədər peşəkar olsa da, şəxsi keyfiyyətləri, vicdanı yüksək səviyyədə deyilsə, uğur qazana bilməz. Belə olan halda onun ətrafındakılar da müvəqqəti və vəzifə xətrinə olan insanlardan ibarət olacaq. Bu səbəbdən, gənclər təhsillə yanaşı, fərdi keyfiyyətlərini də inkişaf etdirməlidirlər.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər