Azərbaycan mebelini xaricdə təmsil edən gənc - "Uğur hekayəsi"
Uğursuzluqlardan
qorxmur. Deyir ki, bəzən uğursuzluqlar uğura gedən yolda ən böyük stimuldur. Bir
qapının bağlanmağı, daha yaxşı bir qapının açılacağına işarədir. Sadəcə buna
inanmalı və məqsədinə doğru səbirlə irəliləməlisən. Müsahibimiz "Embawood” şirkətinin Ukrayna üzrə nümayəndəliyinin
rəhbəri, hazırda Gürcüstanda şirkətin regional satış inkişaf meneceri Elçin
Babaşovdur.
E.Babaşov
Gürcüstanda anadan olub. 5-ci sinifdən orta təhsilini Türkiyədə davam etdirib.
4 il oxuduqdan sonra yenidən Bakıya qayıdıb. Bakı Özəl Türk liseyində 3 il təhsil alıb. Məktəbi bitirdikdən sonra
Qafqaz Universiteti, sənaye mühəndisliyi fakültəsində daxil olub. ABŞ
departamentinin təşkil etdiyi mübadilə proqramı ilə təhsil almaq üçün ABŞ-a
yollanıb. Daha sonra Gürcüstanda və
Qafqaz universitetində magistratura təhsilini davam etdirib. Universiteti
bitirdikdən sonra qısa müddət DNS kompüterdə çalışdıqdan sonra "Embawood” şirkətindən
iş təklifi alıb: "Şirkət CV-mə və bacarıqlarıma baxdıqda məni "Embawood”un
xarici nümayəndəliklərində dəyərləndirdilər. İl yarım Gürcüstanda logistika şöbəsinin
müdiri kimi çalışdım. Sonra Ukraynada da
yenə bu işi icra etdim, 2 il sonra əməliyyatlar departamenti quruldu.
Departamentə logistika, planlama, təchizat şöbələri daxil idi və mən bu qrupun
rəhbəri oldum. 2014-cü ildən isə "Embawood” şirkətinin Ukrayna üzrə nümayəndəliyinin
rəhbəri kimi çalışdım.
- Azərbaycan, Türkiyə, Gürcüstan, Amerika. 4 ölkənin
təhsilini görübsünüz. Fərqli təhsil sistemi sizə nə verdi?
- Təhsil
karyeranın ən böyük sütunudur. Əgər o sağlam olmasa, sonrakı dövrdə insan nə qədər
uğur qazansa da, bir gün mütləq axsayacaq. Mən təhsilimi istədiyim kimi ala
bildim. Fərqli ölkələrdə təhsil sistemindən yararlanmağın müsbət tərəfləri
çoxdur. Uşaq yaşlarımdan öz ayaqlarımın üstündə durmağı, çətinliklərlə mübarizə
aparmağı və müstəqil qərar verməyi mənə Türkiyə təhsili öyrətdi. Mənim oxuduğum
illərdə Azərbaycanda ibtidai təhsil daha çox əzbərçilik üzərində qurulmuşdu.
Hekayələr, şerlər əzbərlətdirirdilər. Amma Türkiyədə və Amerikada bizi praktiki
sahələrə yönəldir və öyrəndiyimizi tətbiq etməyə məcbur edirdilər. Amerikada politologiya
üzrə təhsil alırdım. Aldığım dərsdən əlavə, ayda 10 saat ictimai işlərdə
iştirak etməli idim. Respublikaçılar partiyasının seçim kompaniyasında könüllü
oldum. Belə olduqda araşdırmağa həvəs olur və insan öz üzərində daha çox işləyir.
Hazırda bizdə test imtahanından çox bal toplayanlar uğur göstəricisi kimi təqdim
olunur. Amma xarici ölkələrdə bu uğurlu olmaq demək deyil. Təhsil sadəcə, sənin
bazandır və bu, sənin borcundur. Ondan gələcəkdə düzgün istifadə etmək insanın
öz bacarığından asılıdır. Fərqli ölkələrdə təhsil almaq mənə fərqli dünyagörüş,
dünyaya fərqli baxış bucağı verdi.
- Gənc yaşınızda "Embawood”a şöbə rəisi dəvət olundunuz. Bu yaşda belə məsuliyyətli
iş sizi qorxutmadı?
- O
hissin iki açıqlaması var, birincisi qorxu, ikincisi iftixar. Gürcüstanda şöbəmdə
120 nəfər işçi var idi və mən onlara rəhbərlik edirdim. Yeni kadra 120 nəfərlik
şöbənin həvalə olunması özü böyük məsuliyyət idi. Bu şirkətin kadrlara güvənməsini göstərirdi. O
məsuliyyət hissi ilə mənə olan etimadın qarşılığını vermək üçün maksimum çalışdım.
- Gürcüstandan sonra Ukraynada ölkə nümayəndəliyinin
rəhbəri oldunuz. Fərqli ölkələrdə çalışıb həmin ölkənin öz vətəndaşlarına rəhbərlik
etmək necə hissdir? Bu sizi narahat edirdimi?
- Qətiyyən. Azərbaycanlı olmağımla fəxr etsəm də, iş prosesində milli və
dini görüşlər mənim üçün ikinci planda olub. Elə bir dünyada yaşayırıq ki, hər
birimiz istənilən millət və din mənsubu ilə
ünsiyyətdə oluruq. Biz hiss etdirməməliyik ki, aramızda fərqliliklər
var. İnsanlar ortaq nöqtələri tapıb bir birinə yaxın olmaqdansa, uzaqlaşmağı
seçirlər. Mənim də baxışım elə idi ki, heç kimə fərqli millətdən olduğumu hissi
etdirmirdim. Sadəcə, bu, bayramlarda hiss olunurdu. Fərqli bayramları qeyd
edirik. Amma işçilərimin və mənim bir məqsədim var idi: işimizi mükəmməl görmək.
Dost münasibəti qurub, işlərin öhdəsindən gəldikdən sonra rəhbər azərbaycanlı
olub, işçi rus olsa da, işdə heç bir problem olmur.
- Gənclərin tabeçiliyində çalışan yaşlılar adətən onların
daha bacarıqlı olmasını qəbul etmir. Belə halla rastlaşıbsınız?
- Bəli,
belə hallar olur. Kiyevə tabeçiliyimdə çalışan insanların 4-ü məndən yaşca
böyük idi. Amma nə qədər yaş və vəzifə fərqimiz
olsa da, çalışırdım ki, balans yaradım. Yaşlı insanlar belə halları həmişə özlərinə
kompleks edirlər. Dost münasibəti qurur və onlarla fikir mübadiləsi aparırdım
ki, inciklik olmasın. Çünki belə hallar bəzən iş prosesinə də mənfi təsir edir.
Bir çox hallarda fikrim qəti olsa da, həmişə özümdən böyüklərə yumşaq dillə
çatdırırdım ki, balansı qoruyum və məndən inciməsinlər.
- Elçin bəy, idarə edən olmaq çətindir yoxsa idarə
edilən?
- Məncə idarə edilən. Çünki əgər insan özü ədalətli
rəhbərdirsə, o, idarə etməkdən heç vaxt çəkinməməlidir. Hər zaman fərqli,
düşüncəli insanların cəmləşdiyi yerdə ədalətli idarəçi varsa, işinin öhdəsindən
gələ bilir. Amma idarə edilərkən sənin rəhbərin də ədalətli olacağına təminat
yoxdur. O zaman artıq rəhbərin vicdanından və ədalətindən asılı olursan.
- Yaxşı rəhbər necə olmalıdır?
- Rəhbəri rəhbər edən onun təcrübəsidir. Bəzən elə nüanslarla
rastlaşırsan ki, bunu kitablarda oxuduğun kimi tətbiq edəndə belə, səhv addım
atmış olursan. Ona görə insanın oxumaqla yanaşı, çox çalışması, təcrübə
toplaması vacibdir. İnsanın öz təcrübəsi ilə qazandığı bilik hər bir kitabdan
daha dəyərlidir. Mənim də ən böyük çətinliklərim bir çox hallarda təcrübəsizliyimdən başıma gəlib. Bəzən elə səhvlər edirdim ki,
indi heç vaxt onları etmərəm. Bu səbəbdən, təcrübənin əhəmiyyəti böyükdür. Amma
yaxşı rəhbər etdiyi səhvlərdən nəticə çıxaran və bəzən səhv etdiyini qəbul edən
rəhbərdir. Rəhbər idarəçiliyin verdiyi eqo hissini kənara qoymalı, özünün də səhv
edə biləcəyini başa düşməlidir. Anlamalıdır ki, heç kim mükəmməl deyil və hər
insan səhv edə bilər.
- Şans, yoxsa çox çalışmaq...
- Şansa
qətiyyən inanmıram. Çünki həyatda heç nə şansla olmur. Bütün uğur hekayələrinə
baxsanız, arxasında illərlə yığılan əziyyət, zəhmətin olduğunu görərsiniz.
Aldığımız təhsil, diş-dırnağımızla çalışmalarımızın nəticəsində karyerada müəyyən
pillələri adlayırıq. Bunun adına şans demək günahdır.
- Ənənəvi sualımız, uğurunuzun sirri nədir?
- Uğurun
ilk qanunu çox çalışmaqdır. Əzm, çalışmaq və inanmaq. İnsan qarşısına məqsəd
qoyub ona doğru getməyə çalışırsa, mütləq o məqsədə nail olur. Gənclərin bəziləri düşünür ki, pulun yoxdursa,
uğur qazana bilməzsən. Bu, çox səhv fikirdir. Mənim atamın nə pulu var idi , nə
də mənim daydayım olmayıb. Karyeramı özüm qurdum. Atamın mənə etdiyi ən böyük
yaxşılıq verdiyi təhsil olub. O təhsil də bir açar idi. Mən o təhsildən
yararlanıb özümü şirkətlərdə göstərə bildim. Hər şey insanın özündən asılıdır.
Əgər insan qarşısına məqsəd qoyubsa, mütləq buna nail olacaq.
- Uğurlu karyerada yalnız ağıllı olmaq kifayət
edirmi?
- Xeyr.
İnsanın ağıldan başqa vicdanı, düzgünlüyü və inancı olmalıdır. O qədər ağıllı insanlar var ki, ağlından
düzgün istifadə edə bilməyiblər. Ağıl hər zaman hər şeyi həll etmir. Ağılın
yanında dürüstlük, vicdan kimi müsbət hisslər olsa, o zaman o ağılın qarşısında
heç nə dayana bilməz.
- Uğursuzluqdan qorxursunuz?
-
Uğursuzluqdan qorxan insan heç vaxt
uğurlu ola bilməz. Uşaqlar da yeriməyə
başlayanda yıxıla-yıxıla yeriyirlər. Uğursuzluq hər kəsin taleyində var. Universitetdən sonra BP şirkətini praktika
proqramında çalışırdım. Mənə demişdilər ki, praktika bitdikdən sonra işə düzələcəksən.
Artıq BP-də işləyəcəyimdən əmin idim. Amma BP sənaye mühəndislərini işə götürmədi
və bizi kənarlaşdırdılar. Həyatımda özümü uğursuz hiss etdiyim ən böyük an o
idi. Çox üzüldüm. Amma sonrakı mərhələ
göstərdi ki, elə ən yaxşısı bu imiş. Çünki BP də çalışsaydım, rahat olacaqdım .
Daimi inkişaf haqqında düşünməyəcəkdim. Orada əməkhaqqı yüksəkdir və bu da məni
arxayınlaşdıracaqdı. Sonra aşağı maaşla da olsa, çalışdığım yerlərdə işimi daha
yaxşı öyrəndim. Azərbaycan mebelini və biznesini xaricdə təmsil etdik. Bəzən
uğursuzluqlar elə uğurun açarı olur. İnsan belə vəziyyətə düşəndə qətiyyən pis
düşünməməlidir. Bəlkə elə o qapının bağlanması daha yaxşı qapının açılacağına
işarədir.
- Rəhbər kimi, işçidə ən çox diqqət etdiyiniz
xüsusiyyətlər nələrdir?
-
İşçinin təhsili, hansı vaxtlarda çalışması mənim üçün önəmlidir. Bəzi CV-lərdə
diqqət edirəm, işçi 1 il ərzində 4 şirkət dəyişib. Belə CV-ləri olan insanların
bir yerdə uzun müddət çalışa biləcəyinə təminatım olmur. Stabillik CV-də çox önəmlidir.
Digər keyfiyyətlər isə komanda şəklində çalışmaq bacarığı və özünə güvənməsidir.
- Elçin bəy, gənclərə nə tövsiyə edərdiniz?
- Çalışsınlar maksimum insanı keyfiyyət və dəyərlər üzərində öz həyatlarını qursunlar. İnsan nə qədər peşəkar olsa da, şəxsi keyfiyyətləri, vicdanı yüksək səviyyədə deyilsə, uğur qazana bilməz. Belə olan halda onun ətrafındakılar da müvəqqəti və vəzifə xətrinə olan insanlardan ibarət olacaq. Bu səbəbdən, gənclər təhsillə yanaşı, fərdi keyfiyyətlərini də inkişaf etdirməlidirlər.
Aygün ƏZİZ
Aygün ƏZİZ