• şənbə, 20 Aprel, 08:54
  • Baku Bakı 14°C

Azərbaycan MDB-də liderdir

12.02.14 10:07 1476
Azərbaycan MDB-də liderdir
İqtisadi göstəricilərini ilbəil yüksəldən Azərbaycan artıq Cənubi Qafqazda deyil, postsovet məkanının da lider dövlətinə çevrilib. Təsadüfi deyil ki, beynəlxalq təşkilatların hesabatlarında, eləcə də nüfuzlu mətbu orqanlarında dərc edilən əksər məqalələrdə Azərbaycanın iqtisadi nailiyyətlərinə geniş yer verilir, həyana keçirilən islahatların nəticələri barədə danışılır. Elə Rusiyanın nüfuzlu “Kommersant” nəşrində dərc edilən iqtisadi təhlil yazısı da buna həsr edilib. “MDB məkanında adambaşına düşən ümumdaxili məhsulun həcminə görə lider dövlət Azərbaycandır. Son on il ərzində Azərbaycanın iqtisadi göstəriciləri səkkiz dəfə yüksəlib” - deyə Rusiyanın “Kommersant-Vlast” nəşri yazıb.
Nəşrdə dərc edilən hesabatda bildirilib ki, Qazaxıstanın ümumdaxili məhsulu bu dövr ərzində 5,9, Türkmənistanda 5,3 dəfə artıb. Rusiyada bu göstərici 4,7 dəfə, Özbəkistanda isə 4,3 dəfə olub. Siyahıda Ermənistan və Gürcüstan 3,8 faizlə bir yerdə qərarlaşıblar. Nəşr yazır ki, postsovet məkanının yeddi dövləti 3-4 faiz inkişaf edib, əvvəllər lider olan dövlətlər indi autsayder vəziyyətinə düşüblər. Baltikyanı ölkələrində isə ümumdaxili məhsulun inkişafı tərpənməz, sabit vəziyyətdə qalıb. Materialda vurğulanır ki, hər bir ölkənin özünəməxsus özəllikləri var:
“Məsələn, Belarus ekoloji cəhətdən ən təmiz məhsulları ilə, Baltikyanı dövlətlər ən yaxşı yolları, Türkmənistan ən aşağı kommunal xərcləri ilə, Gürcüstanda polis rüşvət almaması ilə seçilir. Lakin burada unudurlar ki, Belarusun sabitliyi prezident Aleksandr Lukaşenkonun Brüssel və Moskva arasında necə hərəkt etməsindən asılıdır. Türkmənistanda prezident Qurbanqulu Berdımuhammedov siyasi azadlığı sıfır həddinə çatdırıb”. Rusiya və Belarusun iqtisadi göstəricilərini şərh edən ekspertlər bildirir ki, ən aşağı göstərici Ermənistandadır. Gürcüstanda isə ən dinamik inkişaf qeydə alınıb: “On illiyi 18 balla başlayan Gürcüstan 2013-cü ildə 54 bala kimi yüksəlməyə müvəffəq olub. Baltikyanı ölkələri əvvəlki göstəricilərində 71-73 balda, Estoniya isə 84-86 bal göstəricisində qalıblar”. Bu müddət ərzində ölkələrdə miqrasiya ilə bağlı çox ciddi problemlər yaşanıb. Gürcüstanın bu sahədə göstəricisi stabil olub - ölkəni tərk edənlərin sayı qədər insan geri qayıdıb. 2013-cü ildə postsovet məkanında cəmi üç ölkə qalıb ki, miqrasiya səviyyəsi dəyişməyib. Əgər Belarus və Rusiya son on il ərzində miqrantların axınına görə, ən stabil dövlət idilərsə, Qazaxıstan artıq bu yaxınlarda lider dövlət kimi üçlüyə düşə bilib. Bu ölkə 2001-ci ildəki 6 faiz göstəricisini 2013-cü ildə 0,42-yə sala bilib. Azərbaycan da bu sahədə qürrələnə bilər. Ölkəmizin müvafiq göstəricisi 5,16-dan 0-a düşüb. Ermənistanda isə 2004-cü ildə 32 faiz insan iş yeri tapa bilmirdi.
Burada daha sonra Rusiyadan MDB ölkələrinə maliyyə axını məsələsinə də toxunulub. Rusiya Mərkəzi Bankı 2013-cü ilin 9 ayı ərzində Rusiyadan MDB ölkələrinə köçürülən şəxsi vəsaitin həcmini açıqlayıb. Bəlli olub ki, rəsmi məlumatda ötən il pul köçürmələrinin əvvəlki illərə nisbətən 20,2% artdığını və 16,84 milyard dollar təşkil etdiyini açıqlayıb. Pul vəsaitlərinin yönəlmə istiqamətinə görə, Özbəkistan ilk pillədə qərarlaşıb. Bu ölkəyə ötən ilin ilk yarısında Rusiyadan 5,443 milyard dollar vəsait yönəldilib. 2012-ci illə müqayisədə 25% artıb. İkinci pillədə isə 2,709 milyard dollarla (14,7% artımla) Ukrayna, üçüncü pillədə isə 2,708 milyard dollarla (23,4 %-lə) Tacikistan qərarlaşıb. Yuxarıda göstərilən müddətdə, Rusiya Federasiyasından Moldovaya 1,514 milyard dollar, Qırğızıstana 1,42 milyard, Ermənistana 1,2 milyard, Azərbaycana 892 milyon dollar, Belarus 679 milyon, Qazaxıstana 254 milyon, Türkmənistana isə 24 milyon dollar vəsait köçürülüb.
O da qeyd edilir ki, ötən əsrin 90-cı illərində Azərbaycanı tərk etmiş şəxslər geri qayıtmağa başlayıblar. Buna səbəb, ölkədə gedən iqtisadi artımdır. Həyata keçirilən tikinti və iri layihələr ölkəyə işçi qüvvəsinin axın etməsinə səbəb olur.
Ümumiyyətlə, 2003-cü ildən indiyə qədər ölkəmizdə qeyri-neft ümumi daxili məhsulun 2,4 dəfə, son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatlarının 28,8 dəfə artaraq 46 milyard dolları ötdüyü bildirilir. Yoxsulluğun səviyyəsi 44,7%-dən 6%-ə, işsizlik isə 5,2%-ə qədər azalıb. 2003-2012-ci illər ərzində Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil edib və xarici ticarət dövriyyəsi 6,4 dəfə artıb. Dünyanın ən nüfuzlu “Standard & Poor`s”, “Fitch” və “Moody`s” beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə görə Azərbaycan ilk ölkə olub.
Məlumat üçün bildirək ki, Dünya İqtisadi Forumunun da məlumatlarında da Azərbaycan Cənubi Qafqaz ölkələri arasında insan kapitalı indeksi üzrə liderlik etdiyi göstərilir. Məsələn, “Human Capital Report-2013” hesabatında deyilir ki, Azərbaycan 122 dövlət arasında - 0,157 ballıq nəticə ilə 64-cü yeri tutur. Ermənistan 73-cü yerdə qərarlaşıb (-0,218 bal). Regionda ən pis vəziyyət - 0,258 ballıq nəticə ilə 77-ci yeri tutan Gürcüstana məxsusdur. Eləcə də, “Global Competitiveness Report- 2012-2013” adlı hesabata əsasən, Azərbaycan 144 ölkənin reytinq cədvəlində 46-cı yeri tutub. Bundan əvvəlki reytinqdə respublika 142 ölkə arasında 55-ci yeri tutmuşdu. Azərbaycan rəqabətlilik indeksi üzrə MDB ölkələri arasında liderlik edir. Ondan sonra Qazaxıstan, Rusiya, Ukrayna və digər ölkələr gəlir. “ 2005-ci ildən başlayaraq MDB ölkələri arasında Azərbaycandan başqa Ukrayna, Qazaxıstan ,Rusiya və Tacikistan da öz mövqelərini yaxşılaşdırıb. Azərbaycan 23, Ukrayna 11, Qazaxıstan 10, Rusiya 8, Tacikistan 4 pillə irəliləyib. Başqa sözlə, Azərbaycan irəliləmə tempinə görə də liderlik edir”.
Qeyd edək ki, rəqabətlilik indeksinin hesablanmasında hər ölkə üçün 12 əsas göstəricidən istifadə olunur; institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi sabitlik, səhiyyə və ibtidai təhsil, ali təhsil və peşə hazırlığı, ticarət bazarının effektivliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabətliliyi, innovasiya potensialı.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər