• çərşənbə axşamı, 16 aprel, 16:50
  • Baku Bakı 19°C

Azərbaycan layihələri

13.01.17 10:30 1096
Azərbaycan layihələri
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında özünəməxsus yerə malik olduğu məlum məsələdir. Təsadüfi deyil ki, bu istiqamətdə müqavilələr imzalanıb, anlaşmalar əldə olunub. Azərbaycan təbii sərvətlərə, neft-qaza malik olduğu üçün keçmişdə də, indi də müəyyən qədər başı ağrısa da, bu sərvətlərdən fayda əldə etməyə də müvəffəq olub.
"Əsrin müqaviləsi” ilə yeni neft strategiyasına başlayan ölkəmiz bu sahədə uğurlar əldə etməyə davam edir. Hətta Azərbaycan böyük ölkələrə rəqib olub Avropanı asılılıqdan xilas etmə işinə qoşulur. Məlumdur ki, Avropa Rusiyadan qaz asılılığı yaşayır. Ona görə də Avropa alternativ mənbələr axtararaq bu asılılıqdan qurtulmaq istəyir. Bunun üçün əsaslı səbəblər də var. Məlumdur ki, Rusiya ilə Qərb arasında hər zaman soyuq küləklər əsir və bunun daha sərt duruma çevrilməsi an məsələsidir. Belə hallarda isə Rusiya Avropanı qazını kəsmək kimi məsələlərlə hədələyir və onu çətin durumda qoyacağını deyir. Ona görə də Avropa Rusiyadan qaz asılılığını azaltmağa bir növ, məcburdur. Bu məsələlərdə ən yaxşı alternativ yol və ən etibarlı tərəfdaş kimi isə Azərbaycana üstünlük verilir. Bu, həm də Azərbaycanın siyasi iradəsini göstərən məqamdır. Bu istiqamətdə razılaşdırılan layihələrin reallaşması yönündə işlər 2016-cı ildə də uğurla davam etdirilib.
Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı bu məsələlər haqda da danışıb. Bildirib ki, neft gəlirlərimiz üç-dörd dəfə azalsa da, xaricdən kreditlər alaraq və daxili vəsait hesabına "Cənub” qaz dəhlizi və "Şahdəniz-2” layihələrinin icrası ilə bağlı bütün lazımi addımlar atılıb. Məlumdur ki, "Şahdəniz” dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından biridir və bu layihə üzrə işlərin 90 faizi artıq tamamlanıb. Onun gələn il tamamilə başa çatacağı gözlənir. TANAP layihəsinin böyük hissəsi icra edilib və "Cənub” qaz dəhlizinin digər seqmentləri istiqamətində də işlər gedir: "Biz keçən il Bakıda "Cənub” qaz dəhlizi Məşvərət Şurasının ikinci toplantısını keçirdik. O toplantıda iştirak edən bütün ölkələr, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları və "Cənub” qaz dəhlizinin bütün üzvləri qəbul edilmiş bəyanatda Azərbaycanın liderliyini bir daha göstərmişlər. Biz bu layihənin lideriyik, təşəbbüskarıyıq, aparıcı qüvvəsiyik. Biz o layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik”.
Keçən il nəqliyyat sektorunda da önəmli hadisələrlə yadda qalıb. Xüsusilə, Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılıb. Prezident göstəriş vermişdi ki, ilin sonunadək dəmir yolu xətti İran sərhədinə çatsın. Təqribən 7-8 ay ərzində çatışmayan o hissə inşa edilib. Həmçinin Astaraçay üzərində də körpü tikilib istifadəyə verilib. Yəni, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirib. Bu layihə həm Azərbaycana, həm də qonşu ölkələrə lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcək. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Prezident iclasda vurğulayıb ki, bu layihənin icrası ilə Naxçıvan da dəmiryolu blokadasından çıxacaq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək.
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı da üzərinə düşən vəzifəni yerinə yetirib. Prezident nəzərə çatdırıb ki, bizdən nə asılı idisə, hər şeyi etmişik, həm investisiyaları qoymuşuq, həm kreditlər vermişik və sadəcə, layihənin tamamlanmasını gözləyirik: "Bununla bərabər, Şimal-Cənub layihəsi ilə bağlı da bir il ərzində bizim üzərimizə düşən bütün vəzifələri icra etdik. Nəyi demişiksə, onu da etmişik. İran sərhədinə qədər dəmir yolunu uzatdıq, körpünü tikdik, əlavə tədbirlər görüldü. Bu il bu layihənin maliyyələşməsində də iştirak etməyə hazırıq və bunu bildirmişik. İndi danışıqlar gedir ki, hansı formada Azərbaycan öz maliyyə resurslarını bu layihənin tam icrası üçün səfərbər edə bilər. Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır. Bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşıblar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər. Ona görə bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər”.
Göründüyü kimi, Azərbaycan gələcəyə hesablanmış ciddi layihələrə imza atır. Prezident isə nəinki ölkə üçün əhəmiyyətli layihələrlə çıxış edir, təşəbbüslər irəli sürür, həmçinin onların reallaşması prosesi ilə də yaxından maraqlanır və lazım gəldikdə, öhdəliyini normal qaydada yerinə yetirməyən, məsuliyyətsizlik edənlərə qarşı sərt xəbərdarlıqlar edir.
H.Əsgər
banner

Oxşar Xəbərlər