Azərbaycan - Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumu keçirilib
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan
- Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına(KƏŞ) üzv ölkələri biznes forumu
keçirilib.
Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata
keçirilən islahatlar barədə KƏŞ biznes dairələrin məlumatlandırılması, Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq
Şurasına üzv ölkələri iş
adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş müzakirə
edildiyi biznes forumda çıxış edən İqtisadiyyat
naziri Şahin Mustafayev təşkilata üzv dövlətlərlə Azərbaycan arasında siyasi əlaqələrin
yüksək səviyyədə olduğunu, qarşılıqlı hörmət və dostluq münasibətlərinin uğurla
inkişaf etdiyini diqqətə çatdırıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin
genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycanda
islam həmrəyliyinə böyük önəm verilir. 2017-ci il Azərbaycanda İslam Həmrəyliyi
İli elan edilib, Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları keçirilib. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrdən 100-ə yaxın iş adamının ölkəmizə
səfəri, turizm, maliyyə, sənaye, kənd təsərrüfatı, qida, təhsil, səhiyyə,
konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 120-ə yaxın azərbaycanlı iş
adamının iştirakı ilə keçirilən biznes forum bu əməkdaşlığa verilən önəmin göstəricisidir.
Forum bu formatda ilk belə tədbirdir və iş adamları arasında birbaşa ünsiyyət
qurmağa, konkret biznes layihələrini müzakirə etməyə şərait yaradır. Bildirilib ki, Şuraya üzv olan ölkələr tərəfindən Azərbaycan
iqtisadiyyatına 1,3 mlrd. dollar, Azərbaycan tərəfindən isə 300 mln. dollar
investisiya yatırılıb. Azərbaycanda körfəz ölkələrindən olan 280 şirkət fəaliyyət
göstərir. 2016-cı ildə Azərbaycan və körfəz ölkələri arasında ticarət dövriyyəsi
86 mln. dollar, 2017-ci ilin 8
ayı ərzində isə 40 mln. dollardan çox olub. Vurğulanıb ki, Azərbaycanda fəaliyyət
göstərən körfəz ölkələri şirkətlərinin sayının artırılması, ticarət əlaqələrinin
genişləndirilməsi üçün imkanlar genişdir.
Nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan
siyasi sabit, təhlükəsiz ölkədir, xalqla iqtidar arasında böyük etimad və
bağlılıq var. Azərbaycan investisiyalar üçün əlverşli ölkədir. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycana investisiya
qoyması üçün yaxşı imkanlar var. Bununla yanaşı, KƏŞ iş adamları ölkəmizdə fəaliyyət
göstərən sənaye parklarındakı güzəştli rejimdən istifadə edərək istehsal müəssisələri
yarada, KƏŞ-ə üzv ölkələr Azərbaycanın tranzit imkanlarından istifadə edə bilərlər.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı baxımından KƏŞ ölkələri önəmli
bazardır. Artıq bir sıra Körfəz ölkələrinə ixrac missiyaları təşkil edilib, Azərbaycan
məhsulları KƏŞ ölkələrinin iri ticarət şəbəkələrində satılır. Dekabr ayında Azərbaycanın
ixrac missiyası Səudiyyə Ərəbistanına səfər edəcək. Eyni zamanda maşınqayırma,
kimya, alternativ enerji, İKT sahələrində də əməkdaşlıq imkanları genişdir.
Körfəz ölkələri şirkətləri Azərbaycan İnvestisiya Şirkəti ilə müxtəlif layihələr
çərçivəsində əməkdaşlı edə bilər. Birgə investisiya fondları yaradıla bilər.
Artıq bu sahədə təcrübə var – Xəzər Beynəlxalq İnvestisiya Şirkəti fəaliyyət
göstərir. Qətərlə də birgə investisiya fondunun yaradılması istiqamətində
müzakirələr aparılır. Nazir Şahin Mustafayev qeyd edib ki, viza rejiminin sadələşdirilməsi,
eləcə də körfəz ölkələri ilə Azərbaycan arasında həftə ərzində həyata keçirilən
50 aviareyis nəticəsində ölkəmizə gələn körfəz ölkələri turistlərinin sayı
artıb. Gələcəkdə aviareyislərin sayı daha da artırılacaq.
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq
Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəni Azərbaycanın dövlət müstəqilliyinin
bərpa olunmasının 26-cı ildönümü ilə bağlı təbriklərini çatdırıb. Azərbaycana
ikinci dəfə səfər etdiyini qeyd edən Əbdüllətif bin Raşid Əl-Zəyyəni ölkəmizin
yüksək inkişafını vurğulayıb. Qeyd edilib ki, Şuraya üzv ölkələr Azərbaycanla əməkdaşlığa
xüsusi önəm verir, əlaqələrimiz uğurla inkişaf edir. Azərbaycana geniştərkibli
nümayəndə heyəti ilə səfər bu əlaqələrin genişləndirilməsinə olan böyük marağın
göstəricisidir. Əbdüllətif bin Raşid Əl-Zəyyəni səfər zamanı KƏŞ nümayəndə heyətinin
Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiyini və görüşdə
iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığa dair geniş fikir mübadiləsinin
aparıldığını vurğulayıb. Qeyd edilib ki, bu gün ilk dəfə keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq
Şurasına üzv ölkələri biznes forumunun Azərbaycanın dövlət başçısı tərəfindən
elan edilmiş İslam Həmrəyliyi İlində keçirilməsi diqqətə layiqdir. Forum iqtisadi əməkdaşlığın genişləndirilməsi,
qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi baxımından əhəmiyyətlidir.
Sonra
biznes forum çərçivəsində AZPROMO ilə KƏŞ Ticarət Palataları Federasiyası arasında
qarşılıqlı əməkdaşlığa dair, AZPROMO ilə Səudiyyə Ərəbistanının Yanbu şəhərinin
Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında və Azərbaycan
Standartlaşma İnstitutu və KƏŞ Standartlaşdırma Təşkilatı
arasında anlaşma memorandumları imzalanıb.
Körfəz
Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyasının baş
katibi Abdulrahim Hasan Naqi Şuraya üzv ölkələrin iqtisadi-ticarət
əlaqələri barədə məlumat verib, Körfəz ölkələrində Azərbaycan istehsalı olan məhsullara
böyük maraq olduğunu qeyd edib. Abdulrahim Hasan Naqi keçirilən görüşlərin və aparılan müzakirələrin
ticarət əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib, əməkdaşlığın
genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb, 2018-ci ildə
Bakıda körfəz ölkələri məhsullarının sərgisinin keçirilməsinə, birgə
investisiya fondunun yaradılmasına dair təkliflərlə çıxış edib.
Azərbaycanın investisiya
mühiti və biznes imkanları barədə İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) rəhbəri Rüfət Məmmədovun təqdimatı dinlənilib.
Körfəz Sənaye Məsləhəti Təşkilatının
baş katibi Abdulaziz Al Agil KƏŞ
dövlətlərində ticarət və investisiya məsələləri, Şuranın Standartlaşdırma Təşkilatının
baş katibi Nabil Molla standartlaşdırmanın
iqtisadiyyatda rolu və KƏŞ-in üzv dövlətləri ilə Azərbaycan arasında ticarətin
təşviqi, Səudiyyə Ərəbistanının Yanbu şəhərinin Ticarət və Sənaye Palatasının sədri
Murad Əli Alorvai turizm və
investisiya imkanları mövzusunda təqdimatlarla çıxış ediblər.
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ticarət
nümayəndəsi Elnur Əliyev ölkəmizlə Səudiyyə Ərəbistanı arasında iqtisadi-ticarət
əlaqələrinə dair məlumat verib, iş adamlarını fəal əməkaşlığa dəvət edib.
Biznes forum çərçivəsində iş adamları
arasında ikitərəfli görüşlər təşkil edilib, əməkdaşlığın genişləndirilməsi məsələləri
müzakirə olunub.