• çərşənbə, 24 Aprel, 18:03
  • Baku Bakı 23°C

Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir

26.03.20 12:53 3450
Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir
Nuran Abdullayev: "Dövlətin mübarizəsi və xalqın iradəsi ilə virusun yayılmasının qarşısı daha çox alınar”
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı hər keçən gün artmaqdadır. Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır. Onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir. İndiyə qədər bu xəstəliklə əlaqədar iki nəfər dünyasını dəyişib. Bütün bunlar nəzərə alınaraq, vətəndaşların bir daha gigiyena qaydalarına, ÜST-ün, Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməsi tövsiyə olunur. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Dünyada yayılan yeni növ koronavirus infeksiyası, buna qarşı mübarizə tədbirləri, ölkəmizdəki vəziyyət və sair məsələlərlə bağlı suallarımızıAlmaniya Azərbaycan Radiologiya və Neyroradiologiya cəmiyyətinin sədri, Köln Universitet Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevcavablandırır.
- Nuran həkim, dünyada, o cümlədən Azərbaycanda yeni növ koronavirusa qarşı mübarizə tədbirləri həyata keçirilməkdə, bir sıra mühüm addımlar atılmaqdadır. Bu baxımdan ölkəmizdə görülən işləri necə qiymətləndirirsiniz?
- ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğu nəzərə alınaraq, həmçinin virusun qarşısının alınması istiqamətində sözügedən beynəlxalq təşkilatın tövsiyə və tələblərindən irəli gələrək, Azərbaycan ərazisində təxirəsalınmaz tədbirlər indi də həyata keçirilməkdədir. Bildiyim qədərilə ilk növbədə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, ardınca mühüm qərarlar qəbul edilib. O cümlədən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Ümumiyyətlə, son günlər Azərbaycanda atılan alqışa layiq profilaktik tədbirlərə nəzər salsaq, onların birbaşa insanların sağlamlığına hesablandığını görürük. Bu da Avropa ölkələrindən heç də fərqlənmir. Hətta diqqətlə nəzər salsaq görərik ki, bəzi profilaktik tədbirlər bir çox ölkələrdən fərqli olaraq iqtisadiyyata dəyə biləcək zərər göz önünə alınmadan daha tez atıldı və bu da birbaşa xalqın sağlamlığının ön planda olmasının bariz nümunəsidir. Ona görə də cəsarətlə pandemiya dövründə Azərbaycanda ölüm sayının çox olmayacağı proqnozlaşdırılır. Bu günədək xəstələnənlərin sayı o qədər çox deyildir. Lakin təkcə dövlətin mübarizəsi ilə deyil, eyni zamanda xalqın iradəsi ilə birgə virusun yayılmasının qarşısı daha çox alınar. Daha dəqiq desək, yoluxma əmsalını aşağı salmaq mümkün olar. Statistik məlumatlara baxsaq görərik ki, əgər insanlar bir-biri ilə heç bir sosial məsafə saxlamasa və hər kəs istədiyi kimi hərəkət etsə, əhalinin 80 faizə qədərində yoluxma ola bilər. Bir tək sosial məsafənin saxlanılması ilə, məsələn, əhalinin 1/5-i hərəkət edir və yerdə qalanı evdə qalıb digər insanlarla məsafə saxlaya bilərsə, bu rəqəmi 15 faizə qədər endirmək mümkün olar.
- Qərbdə, ümumən Avropada bu təhlükəli virusla mübarizə tədbirləri hansı səviyyədədir? Hansı təcrübədən daha effektiv mübarizə üsulu kimi yararlanırlar?
- Son elmi araşdırmalar göstərir ki, 5 xəstədən 4-də virusun simptomları gizli və ya çox yüngül formada keçir ki, bunu da onlar özləri hiss etmir. Virusu təhlükəli edən də elə budur ki, xəstələr daşıyıcı olduqlarını bilmirlər və insanları virusa yoluxdururlar. Bu da ilkin mərhələdə ölkələrin virusla mübarizəsini çətinləşdirir və əmsalın 1-ə salınmasının qarşısını alır. Ona görə belə olan məqamda xalqın öncədən və davamlı maarifləndirilməsi çox vacib bir məqamdır ki, onlar özlərini vaxtında müayinə etdirib gizli daşıyıcı olduqlarını təsdiq etdirsinlər və buna müvafiq karantinə və izolyasiyaya alınsın. Adətən aparılan statistikalar yerdə qalan bir xəstənin aparılan statistikasıdır. Ona görə də dövlətlərin bu virusla mübarizə taktikalarından biri də öncə həmin gizli virus daşıyıcısı olan 4 nəfəri tapıb rəsmi statistikaya salmaq və onları izolyası etməkdir. Bu virusa yoluxan insanların, ümumiyyətlə, başqalarını yoluxdurma əmsalı ortalama 3-dür. Bu o deməkdir ki, xəstəliyin yayılmasının qarşısı heç bir tədbirlə alınmazsa, həmin xəstələr özlərindən başqa 3 nəfəri də xəstəliyə yoluxdura bilərlər. Bu da 60-90 gün ərzində pandemiyanın ölkədə pik nöqtəyə çatması deməkdir. Məsələn, ilk başlanğıcda bu taktikanı - virusla heç bir mübarizə aparmamaq və sonda insanlar arasında immunitetin yaranacağını düşünməyi - İngiltərə seçsə də sonradan İmperial-Collegin universitetinin tövsiyəsinə uyğun olaraq mübarizə siyasətlərini dəyişdilər. Belə ki, İmperial-Colleg İtaliyadan olan məlumatlarla apardığı hesablamalarda göstərirdi ki, əgər İngiltərə və hətta ABŞ da mübarizəni bu səviyyədə aparsa virus İngiltərədə 250.000, Amerikada 1.2 milyon insanın həyatına son qoyacaq. Amma mübarizə taktikası yoluxdurma əmsalını 1- dən aşağı salmaq seçilərsə, pandemiyamın pik nöqtəsində yoluxan xəstələrin sayı dəfələrlə azalmış olar. Buna görə də artıq Avropa ölkələrinin əksəriyyəti yoluxma əmsalının 1-dən aşağı olmasına çalışırlar. Burada vacib məqamlardan biri də bu halda ölkələrin səhiyyə sistemlərinin yüklənməsi prosesidir ki, eyni vaxtda çox sayda ağır xəstələrin xəstəxanalara gəlməsinin də qarşısı məhz bu mübarizə ilə birbaşa alınır.
-Sizcə, virusdan qorunmağa hansı tədbirlər daha çox kömək edir?
- Elmi araşdırmalarla təsdiq olunub ki, virus yayılan ölkələrdə əhalinin təxminən 50-60 faizinin virusa yoluxacağı qaçılmazdır. Sual oluna bilər ki, niyə məhz bu qədər? Belə ki, epidemioloji perspektivdən baxılarkən bir daha qeyd edim ki, ən vacib faktor yoluxdurma əmsalıdır, bu əmsal bir nəfərin neçə nəfəri yoluxdura bilməsidir ki, bu da COVID-19 virusunda ortalama 3 götürülür. Deməli, hər hansı ölkədə heç bir virusa qarşı mübarizə tədbiri görülməzsə, yoluxdurma əmsalı 3 olaraq qalsa, ölkənin 90 faizi virusa yoluxur və ölkələri ən çox narahat edəcək problem (səhiyyə sisteminin yüklənməsi) - eyni zaman çərçivəsində xəstələnənlərin maksimum sayı 30 faiz təşkil edir. Bu da xəstəxanaların reanimasiyalarında kifayət qədər yerlərin olmamağına gətirib çıxara bilər. Əgər mübarizə tədbirləri ilə bu yoluxdurma əmsalı 2-yə salınsa, o zaman ölkənin 79 faizi virusa yoluxur və eyni zaman çərçivəsində xəstələnənlərin maksimum sayı 15 faiz təşkil edir. Yoluxdurma əmsalı 1,5-ə salınsa, o zaman ölkənin təxminən 57 faizə qədəri virusa yoluxur və eyni zaman çərçivəsində xəstələnənlərin maksimum sayı 6 faiz təşkil edir. Ona görə də bütün ölkələrin məqsədi bu yoluxdurma əmsalını 1-ə endirməkdir ki, əhalinin təxminən bu virusa yoluxma sayı 10 faizdən çox olmasın.
- Koronavirusa qarşı mübarizədə daha hansı üsullar mövcuddur?
- Mübarizənin başqa üsulu karantin və izolyasıyadır. Sevindirici haldır ki, bu mübarizə üsulundan Azərbaycanda da yararlanırlar. Aldığım, oxuduğum məlumatlara görə, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib. Təbii ki, bütün bunlar təqdir olunmalıdır. Ancaq Azərbaycan cəmiyyətində ən çox gənclərin hərəkətdə olması və ya aktiv sosial kontaktlarının yaşlılara nisbətən çox olmasını nəzərə alsaq, bugünkü gün onların hərəkətinə tamamən məhdudluq qoyulması da çox vacib amildir. Belə ki, onlar virus daşıyıcısı olaraq bu virusa yoluxarsa bunu daha da ağır keçirəcək yaşlı insanlar üçün çox təhlükəli bir yaş qrupları sayılırlar. Karantin və izolyasya qədər önəmli bir məqam da xəstələrin hospitalizasiyasıdır. Bu yerdə onu qeyd edim ki, artıq İtaliyanın etdiyi səhvi başqa inkişaf etmiş ölkələr etməməyə çalışır. Belə ki, İtaliyada ilk başlanğıcda virusa yoluxan bütün xəstələrin hospitalizasiyası ümumi xəstəxanaların çarpayı sayını azaltmışdı ki, bu da bir müddət sonra birbaşa ağır xəstələrə reanimasiya tədbirləri təşkil etməyi çətinləşdirmişdi. Bu, ümumi səhiyyə sisteminin yüklənməsinə və eləcə də nəzarətin əldən verilməsinə gətirib çıxartmışdı. Buradan götürülən ibrətamiz nəticə bütün viruslu xəstələri eyni zamanda xəstəxanaya yerləşdirməməkdir ki, xəstənin kliniki vəziyyətinə uyğun olaraq xəstəxana və ya karantinə alma müəyyənləşdirilsin. Almaniya təcrübəsinə də əsaslanaraq deyə bilərəm ki, burada Şərq ölkələrinin çoxundan fərqli olaraq, klinik vəziyyəti yaxşı olanlar ev şəraitində karantinə alınıb izolyasıya edilir və həkim nəzarətində saxlanılır.
- Bu təcrübə hansısa elmi əsasa söykənirmi?
- Əlbəttə! Artıq elmi təcrübələr göstərir ki, virusa yoluxanlarla onlarla kontaktda olub, amma virus daşıyıcılığı hələ təsdiqlənməyənlərin bir arada, yəni otel və ya xəstəxana şəraitində (müəyyən yaşayış sahəsini ortaq istifadə etməklə) karantinə alınması təxminən virusa yoluxmanı o insanlar arasında 88 faiz artırır. Buna görə də Almaniyada virusa yoluxub kliniki vəziyyəti yaxşı olanlar və eyni zamanda onlarla kontaktda olub amma hələ virusa pozitiv olmayanlar ev şəraitində birbaşa həkim nəzarətində karantinə alınır. Əlavə olaraq risk bölgələrindən gələnlərin də izolyasiya və karantinə alınması ev şəraitlərində aparılır ki, bu da virusun yayılmasının qarşısını almağa kömək edir. Burada da adambaşına düşən sahə qanunla müəyyənləşdirilib. Belə ki, böyüklər üçün minimum 9 kvadratmetr və 6 yaşına qədər olan uşaqlar üçünsə 6 kvadratmetr nəzərdə tutulub. Bundan başqa, virusun yayılmasının önlənməsi tədbirlərinə iki nəfərdən çox insanın bir araya toplaşmasının qarşısının alınması da aiddir. Bu da öz elmi təsdiqini son aparılan elmi araşdırmalarda adambaşına düşən yaşam sahəsinə görə tapır. Bütün bu görülən tədbirlərdən sonra fərqli bölgələrdə virusun test edilməsi üçün bir neçə kiçik test mərkəzləri yaradılması virusun gizli daşıyıcılarının tapılmasına və qarşısını almaq üçün görüləcək izolyasiya tədbirlərinə kömək edir ki, bu da birbaşa yoluxmanın sayını azaldır. Bu təcrübədə əlavə olaraq o da qeyd olunmalıdır ki, test mərkəzlərinin maddi sərfiyyatın çoxluğunu nəzərə alaraq artıq Almaniyada bu xəstələrin ilk öncə ağciyərlərinin kompyuter tomoqrafiyə müayinəsi testdən öncə məsləhət görülür və əgər orada müvafiq dəyişiklik olarsa o zaman virus testi edilməsi məsləhət görülür.
- Yeni növ koronavirusun Çinin Vuhan şəhərində ortaya çıxdığı məlumdur. Maraqlı məqam burasıdır ki, 60 milyon əhalisi olan İtaliyada koronavirusun yaratdığı xəstəlikdən ölənlərin sayı 1,4 milyard əhalisi olan Çində indiyədək eyni səbəbdən qeydə alınmış ölüm hallarından çoxdur. Bu məqamla bağlı da fikrinizi bilmək istərdik.
- Konkret İtaliya üzərindən fikir yürütsək, əvvəlcə orada son ümumi statistika ilə tanış olmaq gərəkdir. Ötən həftə İtaliyanın Istituto Superiore di Sanità İnstitutundan gələn son elmi hesabatlara əsasən (burada 2000-dən yuxarı insanın ölüm səbəbləri incələnib) ölənlərin 99 faizi ağciyərdə olmayan xəstəlikdən əziyyət çəkiblər və ən son kliniki mərhələdə olublar. Burada ilk üçlüyü şəkərli diabet, ürəyin koronar xəstəliyi və arterial hipertoniya təşkil edib. Ölənlərin ortalama yaşı 79,5 olub. Ölümə daha çox məruz qalan qrup 80-89 yaşlılar olub. Ölənlərdən 5 nəfər 40 yaşdan aşağı olub ki, bunlar da öncədən ağır xəstəlikdən əziyyət çəkiblər. Ölənlərin 70 faizi kişilərdir. Üç nəfərin (0,8 faiz) daha öncədən xəstəliyi olmayıb, sadəcə COVID-19 virusuna yoluxub və bu virus səbəbi ilə ölüb. Xəstələrin 77 faizi yüksək hərarətlə, 74 faizi təngnəfəslik və 42 faizi ağır öskürəklə xəstəxanaya daxil olub. Ümumiyyətlə, xəstəliyin simptomlarından ölüm vaxtına qədər də olan zaman bəllidir. Belə ki, ölənlərin ilkin simptomlarından müsbət test cavabları da daxil olmaqla xəstəxanaya yerləşdirilməsi 4 gün çəkib. Bundan sonra isə xəstəxanadakı vaxt reanimasiya tədbirləri də daxil olmaqla ölüm vaxtına qədər daha 4 gün olub. Burada bütün ölkələr, o cümlədən Azərbaycan üçün də önəmli olacaq bir nəticəyə gəlinir ki, ağır xəstələrin aşkarlanması tezləşdirilməlidir. Bu xəstələrin hospitalizasiyası 4 gündən tez olmalıdır ki, baş verə biləcək ölüm hallarının sayı azalsın. Bir də unutmaq lazım deyil ki, İtaliyanın demoqrafik vəziyyəti Azərbaycanla müqayisədə tam fərqlidir. İtalyanlar dünyada qocaların sayına görə dünyada ilk üçlükdə gələn millətlərdəndirlər və 14 milyon əhalisinin yaşı 65-dən yuxarıdır. Bundan başqa, İtaliyada daha çox ölümə məruz qalan yaş qrupuna - 80-89 yaşlılara baxsaq, həyat şəraitini incələsək görərik ki, o yaş qrupunun gündəlik həyat şəraiti azərbaycanlı birisindən tamamilə fərqlənir. Belə ki, o yaş qrupunda olan insanlar İtaliyada evdən kənarda daha çox tanımadıqları adamla birbaşa kontaktda olurlar. Azərbaycanda görülmüş önləyici tədbirlər isə həmin yaş qrupunun virusa yoluxma riskini xeyli azaldır. Bundan başqa, Azərbaycandakı həmin yaş qrupuna daxil olan insanlar gigiyenik tövsiyələrə deyildiyi kimi əməl etsə, bu riski çox aşağı salmış olacaqlar.
- Bir həkim kimi Azərbaycan vətəndaşlarına nələri tövsiyə edərdiniz?
- Vətəndaşların bilməli olduğu vacib məqamlardan biri də ondan ibarətdir ki, müxtəlif materiallarda virusun yaşama saatı 9 saatdan 72 saat arasında dəyişir. Bunun üçün bütün gigiyenik amillərə nəinki qocalar, həmçinin bütün yaş qrupundan olan insanlar maksimum əməl etməlidirlər. Bunlardan ən vacibi əllərin həmişə təmiz saxlanılmasıdır. Çünki adi bir təmas virusa yoluxma deməkdir. Bir insan normal həyatında qeyri-iradi olaraq bir dəqiqədə üzünə ortalama 3-5 dəfə toxunur ki, bunun da 1-i viruslu əllərdə virusa yoluxmaya kifayətdir. Hazırki dövrdə müxtəlif Avropa institutlarından verilən tövsiyələrdən biri də immuniteti yüksək olan, heç bir əlavə xəstəliyi olmayan və virusa yoluxarsa xəstəliyi gizli keçirə biləcək gənclərin maksimum gigiyenik normalara əməl edib özlərini qoruması və başqa yaş qrupuna daxil olan insanlarla kontaktını mümkün qədər azaltmaqdır. Bu da virusun yayılmasının qarşısını almaqda birbaşa kömək edir. Gənclər bu virusu yaya biləcək ən təhlükəli insan qrupudur. Azərbaycanda bundan sonrakı ölüm saylarının maksimum səviyyədə aşağı olması üçün də vacib məqamlardan biri artıq immun statusu aşağı olan insanların yaşından asılı olmayaraq ciddi tibbi nəzarətə alınması və normal gigiyenik tövsiyələrə əməl etməsidir. Bununla da Azərbaycan ölüm riskini çox aşağı salmış olar. Bu xəstələr qrupuna daha çox müxtəlif immun və kimyaterapiya müalicəsi alan onkoloji xəstələr, bundan başqa orqan transplantasiyası olunmuş insanlar, müxtəlif immunxəstəliyi olanlar və xroniki böyrək çatışmamazlığından əziyyət çəkənlər başçılıq edir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər