• cümə, 26 Aprel, 02:14
  • Baku Bakı 16°C

Azərbaycan koronavirus pandemiyası ilə uğurla mübarizə aparır

04.09.20 09:30 565
Azərbaycan koronavirus pandemiyası ilə uğurla mübarizə aparır
Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır. Bunun nəticəsidir ki, ölkəmizdə COVID-19-la bağlı vəziyyət nəzarət altına alınıb. İnfeksiyaya yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah son bir ay ərzində karantin rejiminin yumşaldılması barədə bir neçə qərar verib. Növbəti yumşalma qərarı ölkə ərazisində təhsil müəssisələrinin mərhələli şəkildə açılması ilə bağlı olub. Bundan başqa, artıq avqustun 31-dən Azərbaycanın 10 şəhər və rayonu sərt karantin rejimi zonasından çıxarılıb. Yumşalmalara gedilməsi o demək deyil ki, pandemiya başa çatıb. Əksinə, bəzi Avropa ölkələrində xəstələrin sayında artım müşahidə olunur və bu, bizim hər birimizi daha məsuliyyətli olmağa sövq edir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.
Komitə sədri qeyd edib ki, daim insanlarımızın sağlamlığını düşünən Azərbaycan Prezidenti İlham Əliyev hər zaman vətəndaşları ehtiyatlı olmağa çağırır. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında dövlətimizin başçısı bu məsələyə bir daha toxunaraq qeyd edib ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. İnsanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir: "Pandemiyanın ilk günlərindən demişdim ki, bizim üçün insanların sağlamlığı prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Ümumi dünyada mövcud olan mənzərəni nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir”.
"Ölkədə vəziyyətə uyğun verilən qərarlar, atılan addımlar öz səmərəsini verməkdədir. Xüsusilə, regionlarda Olimpiya İdman mərkəzlərin koronavirus xəstələri üçün müvəqqəti müalicə müəssisəsi kimi qurulması, karantin rejiminin tədricən, mərhələli şəkildə yumşaldılması, bir sözlə, dövlətimizin pandemiya ilə mübarizədə apardığı ehtiyatlı tədbirlər proqramı öz effektiv nəticələrini göstərməkdədir. O cümlədən dövlət vəsaiti hesabına işsiz şəxslərə müavinətlərin verilməsi, iş yerləri müvəqqəti dayandırılmış sahibkarlara müvafiq ödənişlərin ödənilməsi Prezident İlham Əliyevin əhaliyə olan diqqət və qayğısının nəticəsidir. Görülən əks-epidemik tədbirlərin səmərəliliyi nəticəsində pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb. Belə ki, artıq bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verilib. Xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan bəzi xəstəxanalar yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək. Bizdən tələb olunan ancaq məsuliyyətli olmaqdır”, - deyə H.Hüseynova bildirib.
banner

Oxşar Xəbərlər