“Azərbaycan jurnalistikasının gələcəyinə inanıram” - Fotolar
Azərbaycan Mətbuat
Şurasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, "Şöhrət”
ordenli Əflatun Amaşovun bu gün 60 yaşı tamam olur. Yubilyarı bir neçə gün
bundan öncə redaksiyamıza dəvət etdik. O, da dəvətimizi qəbul edərək
kollektivimizlə görüşə gəldi. Görüşün əvvəlində "Kaspi” qəzetinin təsisçisi
Sona xanım Vəliyeva Ə.Amaşovu təbrik etdi. Kollektiv adından yubilyara plaket və
xatirə hədiyyəsi təqdim edildi, doğum günü tortu kəsildi. Ardınca isə çay süfrəsi
arxasında sorğu-sual, necə deyərlər, şirin, səmimi söhbət başladı. Beləliklə,"Kaspi” qəzetinin "Bizim qonaq” rubrikasının budəfəki müsahibi millət vəkili,
jurnalistlərin yaxın dostu Ə.Amaşovdur.
- "Bizim qonaq” rubrikasında Azərbaycan üçün dəyərli
olan ziyalılar, şəxsiyyətlər müsahib qismində iştirak edir, səmimi ortamda
kollektiv üzvlərimizin suallarını cavablandırır. Əflatun müəllim, Siz də Azərbaycan
mediası üçün əziz olan, dost simalardan birisiniz. Sizcə, yaş insanı dəyişirmi?
50 yaşlı Əflatun Amaşovla 60 yaşlı Əflatun.Amaşov arasında fərq varmı?
- Sualınıza cavab verməzdən öncə mənə göstərilən bu
diqqətə görə minnətdarlığımı bildirmək istəyirəm. "Kaspi” qəzeti sadəcə mənim
üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün xüsusilə seçilən, öz dəsti-xətti
olan mətbuat orqanlarından biridir. İnanıram ki, bu, hər zaman belə də olacaq.
Sualınıza gəlincə, insan gənclikdə çox enerjili olur və hadisələrə də öz
prizmasından baxır. Yaşa dolduqca isə təbiətən sakitləşir. Necə ki, axar çay
dağlardan gələndə aşıb-daşır, coşur, amma məcrasına düşüb axdıqca sakitləşir, insan
da belədir. Yaşa dolduqca həyatı, ətraf mühiti daha dərindən dərk edir, öz təcrübəsinə
baxır, problemlərin həllini təhlil edir. Bir sözlə, insan yaşlaşdıqca ətraf
mühitlə hesablaşır, razılaşmalı olur, bir qədər də təkmilləşir. Bu, təbii
prosesdir. Mənim 40, 50, 60 yaş arasında olan həyat tərzimdə isə elə də dəyişiklik
yoxdur. Bu yaş arasındakı fərqi təsvir edərkən müdrikləşməni də qeyd etmək istəməzdim.
Fikrimcə, insan gənc yaşlarında da müdrik ola bilər. Ancaq 40, 50, 60
yaşlarında həyatı daha aydın anlayır, xeyir və şəri görür. Yaşa dolduqca insan
istəsə də, istəməsə də bəzi hallarda bir sıra arzularından da imtina etmək məcburiyyətində
qalır.
- Siz xatirələrinzdə qeyd edirsiniz ki, vaxtilə
"AzərTac”da işləyəndə Monqolustana ezam olunmusunuz və orada olduğunuz müddətdə
davamlı reportajlar hazırlamısınız. Sonradan bu reportajların maraqla
qarşılandığını, oxunduğunu müşahidə etdikcə bundan böyük zövq almısınız.
Jurnalistikanın sərhədlərinin həddən artıq genişləndiyi bir vaxtda biz bu həzzi
bəzən istədiyimiz kimi yaşaya bilmirik. Bu, jurnalistikanın sərhədlərinin
genişlənməsi, yaxud jurnalistlərin sayının çoxalması ilə bağlıdırmı? Çox istərdik
ki, qurunun oduna yaş yanmasın, jurnalistikadakı bəzi dəyərlər, maraqlar itməsin...
- Jurnalist də vətəndaşdır, cəmiyyətin bir nümayəndəsidir.
Cəmiyyətdə baş verən proseslər jurnalistikaya da sirayət edir. Bu zaman isə
sanki, mizan-tərəzi pozulur. Sovetlər dövründə biz tamam başqa mənzərə görmüşük.
Jurnalistika ilə bağlı Həsən bəy Zərdabi, bir müddət sonra isə Azərbaycan mətbuatının
qızıl dövrü olub. Bu, Demokratik Cümhuriyyətə qədər olan və Cümhuriyyət
dövrüdür. Demokratik Respublikanın süqutundan sonra isə sovet dövrü başlayıb.
Bu dövrün də özünəməxsus, spesifik xüsusiyyətləri var idi. Bəlkə də bu dövr
olmasaydı dilin qorunması, şəxsiyyətin formalaşması, təhsilin kütləviliyi və
sair kimi proseslər baş verməzdi. Azərbaycan ziyalılığı da zamanla formalaşdı.
O ki, qaldı medianın indiki vəziyyətinə, məncə, bugünkü mənzərə o qədər də
acınacaqlı deyil. Bu baxımdan, söylədiklərinizə haqq da qazandırmıram. Sadəcə,
müəyyən nüanslar var ki, biz onu arzuolunmaz hal kimi qiymətləndiririk. Bu gün
buna "reket jurnalistika” deyilir. Bu da günümüzün reallıqlarından biridir. Hətta
bəzən elə tədbirlər olub ki, mən orada iştirak edən jurnalistlərin kimliyi ilə
maraqlanmışam. Aydın olub ki, həmin tədbirdə peşəkar jurnalistika ilə məşğul
1-2 media mənsubu var. Qalanları qoltuğunda bir papka və ya jurnal olan,
jurnalist adı altında gələn şəxslərdur. Cəmiyyətdə iqtisadi, siyasi formasiya dəyişərsə,
həyata münasibət də dəyişir. Bu zaman dəyərlər də yenidən formalaşır. Müqayisə
üçün sovetlər və indiki dövrdə olan fərqli dəyərləri misal gətirə bilərik. Hələ
ki, oturuşma yoxdur. Bununla belə, mən Azərbaycan jurnalistikasının gələcəyinə
inanıram. Başqa sahələrdə aktiv olan, sonradan jurnalistikaya axışan insanlar
jurnalist deyillər. Bir müddətdən sonra onlar yavaş-yavaş aradan çıxacaqlar.
- Azərbaycan hüquqi dövlətdir və bizim müstəqil
məhkəmə sistemimiz var. Bu baxımdan, "reket jurnalistika” ilə bağlı problemləri
qanunlar çərçivəsində həll etmək mümkündür. Belə olan halda Mətbuat Şurasının Reket
jurnalistika ilə mübarizə komissiyasında hüquq-mühafizə orqanlarından nümayəndələrin
təmsil olunmasına aydınlıq gətirmənizi istərdim. Bu yolla "reketlərə” hansısa
yolla təzyiq ediləcəkm?
- Bu məsələ sosial şəbəkələrdə, media müstəvisində,
eləcə də tədbirlərdə müzakirə olundu. Məlumat üçün xatırladım ki, Azərbaycan Mətbuat
Şurasında şikayətlər üzrə komissiya var. Bu komissiyaya mütəmadi olaraq şikayətlər
daxil olur. İl ərzində təxminən 500-700 arası şikayət araşdırırıq. Bu şikayətlərin
bir qismində açıq-aydın reketçilik əlamətləri görünür. Məmurlarla ayrı-ayrı
"jurnalistlərin”, saytların, redaksiyaların əlaqələrindən də danışmaq olar. Bu
komissiyaya daxil olan şikayətlər araşdırılandan sonra Reketçiliyə qarşı
mübarizə komissiyasına yönəldilir. Əgər şikayətlərdə söhbət rüşvət almaqdan və
ya verməkdən gedirsə, bunun iki tərəfi var. Bu, yalnız özünü jurnalistika ilə əlaqələndirən
şəxslə bağlı deyil. Bunun məmur tərəfi də var. Reketçiliyə qarşı mübarizə
komissiyasının da sualınızda qeyd etdiyiniz şəkildə genişləndirilməsi söylədiyim
məqamların təkrarlanmasının qarşısını almağa yönəlib. Yəni, biz "reket
jurnalistika” ilə mübarizədə hansısa məqamda hüquq-mühafizə orqanı əməkdaşlarının
köməyindən də yararlanmalıyıq. Hiss edəndə ki, hansısa jurnalistlər qrupu
hansısa məmurla əlaqəyə girib kimlərləsə bağlı yanlış rəy formalaşdırırlar,
qanunun imkan verdiyi çərçivədə bunun qarşısını almaq normal haldır. Ona görə də
komissiyada keçirilən müzakirələrdə daxili işlər, ədliyyə nazirliklərinin,
yaxud baş prokurorluğun, dövlət təhlükəsizlik xidmətinin nümayəndələri də
iştirak edə bilərlər. Bu, baş vermiş hadisəyə obyektiv qiymət verilməsi üçün zəruridir.
Əsas məqsəd jurnalistikanın imicini qoruyub saxlamaqdır. Mən dünyada baş verən
prosesləri izləmək üçün yerli media ilə yanaşı, xarici media qurumlarını, hətta
işğalçı Ermənistanın mediasını da izləyirəm. Xarici ölkələrdə, eləcə də bizə
düşmən dövlətdə proseslərə medianın necə yanaşmasına fikir verir, ardınca öz
mediamız ilə müqayisələr, təhlillə aparıram. Hesab edirəm ki, komissiyanın tərkibinin
genişləndirilməsi və bu qəbildən olan digər addımlar ümumilikdə Azərbaycan
mediasının saflığına xidmət edəcək.
- Saytlar Mətbuat Şurasına üzv olmaq üçün ən
azı 1 il fəaliyyət göstərməlidirlər. Mətbuat Şurasının üzvü olmayan və
reketçiliklə məşğul olan sayt qurumun qəbul etdiyi qərarları özü üçün keçərsiz
hesab edə bilər. Olmazmı bu limit aradan qalxsın, bütün saytlar Mətbuat
Şurasına qeyri-formal üzv kimi fəaliyyət göstərsinlər? Belə olan halda
reketçiliklə məşğul olan saytlara Şuranın nüfuz etmə imkanı daha da geniş
olmazmı?
- Mətbuat Şurası ilə bağlı bütün sənədlərdə göstərilib
ki, bu qurum Azərbaycanda media kimi fəaliyyət göstərən bütün kütləvi
informasiya vasitələri ilə işləyir. Şuranın üzvü olub-olmamasından asılı
olmayaraq, qurumun qəbul etdiyi qərarlar bütün kütləvi informasiya vasitələri
üçün keçərlidir. Qeyd etdiyiniz baryeri aradan qaldırmamağımız səbəbsiz deyil.
Bu gün Mətbuat Şurasında 200-dən artıq məktub var. Ayrı-ayrı saytlar müraciət
ediblər ki, Mətbuat Şurasının üzvü olsunlar. Amma biz onların heç də hamısına Mətbuat
Şurasının üzvü olmaq, bu statusda fəaliyyət göstərmək imkanı vermək istəmirik.
Çünki bundan sui-istifadə edirlər. Jurnalistlərə vahid vəsiqələrin verilməsi, hətta
avtomobillərə vəsiqələrin verilməsi məsələsi də buna görə saxlanılıb. Halbuki,
biz Daxili İşlər Nazirliyinə müraciət etmişdik və onlar fövqəladə hallar zamanı
xüsusi vəsiqəsi olan avtomobillərə hadisə yerinə maneəsiz getməyə imkan
yaradırdılar. Bir-iki dəfə belə hal olmuşdu. Lakin sonradan biz gördük ki, həmin
vəsiqələrin oxşarı çıxarılıb və ayrı-ayrı şəxslər onları öz avtomobillərinə
vurublar. Hətta jurnalistlərə verilən vahid press-kartlar da
saxtalaşdırılmışdı. Həmin adamlar bu vəsiqələrdən başqa məqsədlər üçün istifadə
edirdilər. Ona görə də Mətbuat Şurası müvəqqəti olaraq həm jurnalistlər, həm də
avtomobillər üçün xüsusi vəsiqələrin verilməsini dayandırdı.
- Zaman-zaman sosial şəbəkələrdə, xəbər
portallarında belə bir rəy formalaşdırılır ki, çap mediası onlayn mediadan geri
qalır. Hətta sorğular keçirib çap mediasının müasir dövrdə əhəmiyyətinin
itdiyini də sübut etməyə çalışırlar. Sizin bütün bunlara münasibətiniz necədir?
- Dünyanın hər bir yerində bu, belədir. Amerikada
da çap mediasının tirajında azalmalar müşahidə olunur. Onlar hələ on il bundan
öncə bu günü görüb müəyyən addımlar atıblar. Misal üçün, tədricən öz səhifələrində
gənclər, uşaqlar üçün bölmələr açıblar, onları maraqlandıran materialların yerləşdirilməsinə
başlayıblar. Ancaq nə olursa-olsun, çap mediası yaşamalıdır. Yazılı mətbuat
tarixdir, salnamədir. Saytlar, agentliklər, xəbər portalları istənilən məqamda
silinə bilər. Elektron medianın məlumat bazası dağıdıla, itə bilər. Ancaq çap
mediası, arxiv qorunub saxlanılır. Məsələn, əgər "Əkinçi”, "Kaspi” qəzeti
olmasaydı biz bu gün o illərin tarixini necə öyrənərdik? Milli mətbuatımızın əsasını
qoyan və ondan sonrakı müxtəlif illərdə nəşr olunan qəzetlər, jurnallar fəaliyyət
göstərdikləri illərin tarixini, ictimai-siyasi hadisələrini öyrənmək baxımından
qiymətli mənbədir, salnamədir, tarixdir. Jurnalistika günün tarixini yaradır.
Düzdür, dünyada ictimai rəy daha çox internet üzərindən yayılan media vasitəsilə
formalaşır. Hətta son zamanlar ictimai rəy
daha çox sosial şəbəkələr vasitəsilə formalaşır. İnsanlar öz xəbərlərini
"Tvitter”, "Facebook”, "İnstagram” kimi sosial şəbəkələr vasitəsilə yaymağa
üstünlük verirlər. Elə adamlar var ki, günlərlə qəzet oxumurlar, amma ən məlumatlı
şəxslərdirlər, gündəlik baş verən ictimai-siyasi proseslərdən xəbərləri var.
Buna rəğmən, cəmiyyətdə məlumatları qəzet qoxusu ilə alan, qəzet oxuyan
insanlar da yox deyil. Vaxtilə radio yarananda deyirdilər ki, artıq qəzetə
ehtiyac qalmadı. Ancaq qəzet və qəzetçilik də yaşadı. Televiziya yarananda,
ardınca internet meydana gələndə, eynilə yeni-yeni saytlar ortaya çıxanda da bu
kimi fikirlər irəli sürüldü. Lakin çap mediası dünən də olub, bu gün də var,
sabah da olacaq.
- Mətbuatın Azərbaycan mədəniyyətinə diqqəti
sizi qane edirmi?
- Mətbuatın mədəniyyətə münasibəti məni qane etmir.
Səbəbini izah edim. Azərbaycanda yaranan əsas mədəniyyət ocaqlarından biri də
Tiflis teatrıdır. Bu teatr 1873-cü ildə yaranıb. Çox böyük dühalar o teatrda
çalışıblar. Bu gün həmin teatr çox ciddi problemlərlə üzləşib. Gürcüstan-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Gürcüstana tez-tez səfərlərim
olur. Həmin səfərlərimdə bu məsələni də diqqət mərkəzində saxlamağa çalışmışam.
Həmin teatrın binası bərbad vəziyyətdədir. Binanın yarısı tutulub, orada erməni
qaçqınlar məskunlaşıblar. Teatrın səhnəsi olduqca yararsız vəziyyətdədir. Çox
acınacaqlı haldır ki, mədəniyyətimizin bir parçası sayılan Tiflis teatrının
indiki bərbad vəziyyəti Azərbaycan ziyalısında, mətbuatında narahatlıq
yaratmır. Yaxud Gürcüstanda Mirzə Cəlilin ev muzeyinin vəziyyətini götürək.
Muzeyin binasının zirzəmi qatında vaxtilə mətbəə olub, "Molla Nəsrəddin”
jurnalı bir müddət burada çap olunub. İndi həmin mətbəə yoxdur, divarlar uçur.
Amma sevindirici haldır ki, hələlik həmin muzeyi də kimsə zəbt etməyib. Məlumat
üçün onu da xatırladım ki, Tiflisdə ən böyük teatrlardan biri də erməni
teatrıdır. Teatrın binasına, kollektivin sayına, səhnəyə qoyduğu tamaşaların
sayına, büdcəsinə və sairə, eləcə də Gürcüstanda vaxtilə yaşamış tanınmış ermənilərin
ev muzeylərinin vəziyyətinə baxırsan, adamın ürəyində ən azı acı bir kədər
formalaşır. Bildiyim qədər erməni teatrının, eləcə də ermənilərə məxsus ev
muzeylərinin yaşamasını, maliyyələşməsini əsasən Rusiyada yaşayan ermənilər təşkil
edirlər. O xalq mədəni sayılır ki, onun teatrı var. Biz də hər zaman öyünürük
ki, ilk teatr yaradan xalqlardan biri olmuşuq. Bu teatrları, bu mədəniyyət
ocaqlarını qoruyub saxlamaq, gələcək nəsillərə çatdırmaq borcumuzdur. Amma bütün
bu işləri yalnız dövlətin üzərinə atmaq da olmaz. Bizim də kifayət qədər zəngin,
adlı-sanlı iş adamlarımız var. Arzu edərdik ki, onlar da əsl vətəndaşlıq nümunəsi
göstərərək öz xalqının maddi-mədəniyyət abidələrinin, tarixinin, mədəniyyət
ocaqlarının qorunub saxlanmasında, təmirində daha yaxından iştirak etsinlər. Bu
işdə mətbuatın da xüsusi rolu olmalıdır. Arzu edirəm ki, Azərbaycan mətbuatı bu
kimi problemlərin qabardılmasına, diqqətə çatdırılmasına diqqət yetirsin.
- Azərbaycan jurnalistikasında ixtisaslaşmanın
aşağı səviyyədə olması da problem kimi özünü göstərməkdədir. Sizcə, bununla
bağlı hansı addımların atılması zəruridirmi?
- Əslində bundan öncəki suala cavabda toxunduğum bəzi
problemlərin özünü göstərməsinin bir səbəbi də jurnalistikada ixtisaslaşma ilə əlaqədardır.
Azərbaycan jurnalistikasında ixtisaslaşma çox aşağı səviyyədədir. Elə
redaksiyalar var ki, mədəniyyətdən yazan jurnalist eyni zamanda kriminaldan,
siyasətdən, kənd təsərrüfatından da yazır. Bu faktor da ixtisaslaşmanın zəif
getməsinə təsir edir. Bu, eyni zamanda təhsillə, redaksiyaların iqtisadi gücü
ilə də əlaqədardır. Redaksiyalar çoxsaylı əməkdaş saxlaya bilmirlər. Təhsil məsələsinə
gəlincə, ali təhsil müəssisəsi jurnalistikanın tələb etdiyi kadrları hazırlayıb
təhvil verə bilmir. Elə buna görə də jurnalistika ixtisasını seçən, özünü gələcəkdə
bu ixtisasda görmək istəyənlər üçün qabiliyyət imtahanının tətbiqinə start
vermişik. Həmin imtahan komissiyasının sədri də mənəm. Artıq 3-cü ildir ki,
qabiliyyət imtahanları keçiririk. Bu prosesə başlamazdan öncə biz araşdırma
apardıq və gördük ki, jurnalistika ixtisası üzrə ali təhsil alan tələbələrin cəmi
7-10 faizi təhsili başa vurduqdan sonra öz ixtisasına maraq göstərir, bu sahədə
işləməyə can atırlar. Halbuki, dövlət nə qədər vəsait xərcləyir, bu ixtisas üzrə
nə qədər tələbənin təhsil almasına şərait yaradır. Bunun müqabilində 7-10 faiz
heç də yaxşı nəticə deyildi. Ona görə də bu ixtisası seçmək istəyənlərin
qabiliyyət imtahanı verməsini də zəruri saydıq. İndi jurnalistika ixtisası üzrə
ali təhsil almaq istəyənlər ikipilləli qabiliyyət imtahanından keçir, onların
yazı yazmaq qabiliyyəti yoxlanılır, şifahi olaraq fikir və düşüncələri dinlənilir.
Gələcəkdə jurnalistikaya dair konfransın keçirilməsini, jurnalistika sahəsində
kifayət qədər tanınan ekspertlərin bu tədbirə dəvət edilməsini düşünürük. Eyni
zamanda, jurnalistika fakültələrində müəyyən islahatların aparılmasına, dərslik
sahəsindəki bəzi problemlərin aradan qaldırılmasına da ehtiyac duyuruq. Bundan
başqa, dünyada elmi jurnalistika var, ancaq Azərbaycanda bu, yoxdur. Düşünürəm
ki, görülən və görüləcək bütün bu işlərin faydası zamanla cəmiyyətdə hiss ediləcək.
Söhbəti
yazdı: Rufik İSMAYILOV
Fotolar müəllifindir