Azərbaycan - İtaliya biznes forumu keçirilib - Fotolar
Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat
Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib. Tədbirdə
hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, İKT, maliyyə, səhiyyə,
konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 140-a yaxın iş adamı iştirak
edib.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar
barədə məlumat verən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov
iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının
prioritet istiqamətlərdən olduğunu qeyd edib, sahibkarlığın inkişafı, biznes və
investisiya mühitinin yaxşılaşdırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi,
"Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən
tədbirlər barədə məlumat verib.
Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə
gəlincə, nazir müavini bildirib ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər,
iş adamlarının iştirakı ilə təşkil olunan işgüzar tədbirlər ölkələrimiz
arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir. İndiyədək ölkələrimiz
arasında 17 biznes forum və işgüzar görüş keçirilib. Azərbaycan və İtaliyanın müxtəlif sahələrdə uğurla əməkdaşlıq
etdiyini diqqətə çatdıran Niyazi Səfərov iki ölkə arasında iqtisadiyyatın müxtəlif
sahələrində, o cümlədən sənaye,
kənd təsərrüfatı, əczaçılıq sahələrində əlaqələrin
genişləndirilməsi üçün imkanların olduğunu bildirib, iş adamlarını fəal əməkdaşlığa
dəvət edib.
İtaliya Respublikasının iqtisadi inkişaf naziri
Karlo Kalenda Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin enerji
sahəsində Azərbaycanın əsas tərəfdaşlarından olduğunu vurğulayıb. Karlo Kalenda
qeyd edib ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əsasən
qeyri-neft sektoru, İtaliyada istehsal olunan malların Azərbaycanda təşviqi və
sənaye sahələri olmaqla üç istiqamətdə qurulub. İtaliya-Azərbaycan iqtisadi əlaqələrinin
genişləndirilməsi üçün mövcud potensialdan səmərəliistifadənin, iş
adamları arasında əlaqələrin genişləndirilməsinin İtaliya-Azərbaycan
iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayan K.Kalenda
İtaliya iqtisadiyyatına və ölkəmizlə əməkdaşlığın inkişaf istiqamətlərinə dair
məlumat verib.
Sonra AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes və
investisiya imkanlarına dair təqdimatla çıxış edib, İtaliya şirkətləri isə fəaliyyətlərinə
dair məlumat veriblər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə
davam edib.