“Azərbaycan-İsrail münasibətləri Fələstində də müsbət qarşılanır”
Bu həftə İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycanda rəsmi səfərdə oldu,
prezident İlham Əliyevlə təkbətək görüş keçirdi, ölkələrimiz arasında münasibətlərin
daha da inkişafına hesablanmış sazişlər imzalandı. Bu səfər böyük maraqla izləndi.
Belə bir mühüm səfər ərəfəsində Yaxın Şərqdən də narahatlıq dolu məlumatlar
yayıldı. 7 ay bundan öncə Rusiyanın dəstəyi ilə İŞİD-dən təmizlənən Suriyanın qədim
Palmira şəhəri yenidən terrorçuların əlinə keçdi. Hələbdə baş verənlərdən sonra
isə Qərb yenidən Rusiyanı qınayan bəyanatlarla çıxış etdi. Hazırda isə Rusiya,
Türkiyə, İran rəsmiləri dekabrın 27-də Moskvada bir araya gəlməyi, Suriya ilə
bağlı üçtərəfli danışıqlar aparmağı planlaşdırırlar. Bütün bu proseslər barədə "Kaspi”nin suallarını Demokratik
İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadəcavablandırır.
- Asim müəllim,
İsrailin baş naziri B.Netanyahu Azərbaycanda rəsmi
səfərə gəldi və burada mühüm görüşlər keçirdi, mətbuat qarşısında bəyanatla
çıxış etdi. Siz bu səfəri necə dəyərləndirirsiniz?
- İsrail baş nazirinin Azərbaycana
səfəri ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq
münasibətlərinin təzahürüdür. Bu iki dövlət arasında çoxşaxəli əməkdaşlıq əlaqələri
mövcuddur. Bura hərbi-sənaye, təhlükəsizlik, iqtisadi, humanitar, ticarət, kənd
təsərrüfatı və sair sahələrdə əməkdaşlıq daxildir. Bununla yanaşı, İsraildə Azərbaycanda
mövcud olan multikulturalizm, sivilizasiyalararası dialoq, tolerantlıq, tarixi əlaqələrimiz
çox yüksək qiymətləndirilir. Fikrimcə, ölkələrimiz birlikdə bu dəyərləri uğurlu
Azərbaycan modeli kimi dünyada təbliğ etməkdə də ortaq mövqedən çıxış edirlər.
Müxtəlif istiqamətdə əməkdaşlıq əlaqələri ilə paralel olaraq, ölkələrimiz
arasında münasibətlərin daha da yaxşılığa doğru inkişaf etməsinə ən əsas səbəb
xalqlarımız arasındakı tarixi bağlılıqdır. Tarixən yəhudilər Azərbaycanda rahat
yaşayıb, ölkənin müxtəlif sahələrində təmsil olunublar. Bu ənənə indi də davam
etdirilməkdədir. Sevindirici haldır ki, azərbaycanlı yəhudilər də İsraildə
rahat yaşayır və yaradırlar. Yəni, cəmiyyətlərimiz arasında münasibətlərin
yaxşı olması, dövlətlərimiz arasında da münasibətlərin daim yaxşı olmasına təkan
verir, hətta dünyaya, bəşəriyyətə birgəyaşayış, tolerantlıq, dözümlülük,
multikulturalizm, sülh mesajları verir.
-
İsrail baş nazirinin Azərbaycana gəlməsi düşmən Ermənistanla yanaşı, qonşu
İranda da narahatlıq doğurdu. Sizcə, bu narahatlığına əsas var idimi?
Ünvanımıza söylənən qınaqlar və tənqidi fikirlər nə dərəcədə haqlı idi?
- Bu barədə Azərbaycanın rəsmi şəxsləri
ən yüksək tribunalardan dəfələrlə bəyan ediblər və mən də bu qənaətdəyəm ki, Azərbaycan-İsrail
münasibətləri heç bir dövlətin əleyhinə yönəlməyib. Azərbaycan müharibə şəraitində
yaşayır, torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan
artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu mənada ölkəmizin
İsraillə münasibətlər kontekstində öz ordusunu, maddi-texniki təchizatını daha
da möhkəmləndirməsi, işğalçı Ermənistanın da bu əlaqələrdən narahatlıq keçirməsi
hardasa başadüşüləndir. Çünki, əgər sülh danışıqları bir nəticə verməzsə,
Dağlıq Qarabağ problemi dinc yolla həllini tapmazsa, Azərbaycan gec-tez hərbi
imkanlarından istifadə edib öz ərazi bütövlüyünü təmin edəcək. Bu, Azərbaycanın
suveren hüququdur. Düşmən ölkə də bunu bilir və İsrail-Azərbaycan münasibətlərinin
Silahlı Qüvvələrimizin daha da inkişafına, Azərbaycan ordusunun daha da güclənməsinə,
ən müasir silah-sursatla təmin olunmasına narahatlıqla yanaşır. Lakin İsrail-azərbaycan
münasibətlərinin inkişafından İranın narahatlıq keçirməsi başadüşülən deyil.
Çünki, Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bizim
heç bir ölkənin ərazisində gözümüz yoxdur, biz heç bir qonşu dövlətin ərazi
bütövlüyünə hörmətsiz yanaşmırıq. Yalnız beynəlxalq hüququn prinsiplərini əldə
rəhbər tutaraq, öz ərazi bütövlüyümüzün təmin olunmasını istəyir və ərazilərimizin
işğaldan azad edilməsinə çalışırıq. Belə olan halda, zənnimcə İranın İsrail-Azərbaycan
münasibətlərindən narahatlıq ifadə etməsi, Tehran rəsmilərinin, bəzi millət vəkillərinin
dost-qardaş, bir millət iki dövlət adlandırdıqları Ermənistana görədir. Heç kimə
sirr deyil ki, hazırda regionda işğalçı Ermənistana ən böyük dəstək verən ölkə
İrandır. Düzdür, Rusiya Ermənistanı özəlləşdirib, iqtisadiyyatını, hərbi qüvvələrini
və sairi ələ keçirib, bu ölkəni özünün forpostuna çevirib. Amma işğalçı ölkəni
ayaqda saxlayan, onu yanacaqla, enerji ilə, ərzaq və sair məhsullarla təmin edən
İrandır. Ona görə də İran Azərbaycanın İsraillə hərbi, təhlükəsizlik sahələrində
əməkdaşlığından narahatlıq keçirir. Bilir ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycan
tərəfi əldə etdiyi müasir silahlarla Ermənistanın bütün təxribatlarının
qarşısını almağa, düşmən ölkənin ordusuna sarsıdıcı zərbə vurmağa qadirdir.
Tehranın əsas narahatlığı bundan qaynaqlanır. Ancaq İran tərəfi Ermənistanla
münasibətlərinin yalnız dövlət maraqlarına, qonşuluq münasibətlərinə söykəndiyini
bəyan edir, eyni zamanda Fələstin-İsrail münasibətlərini əsas gətirərək, Azərbaycanı
müsəlman həmrəyliyi nümayiş etdirməməkdə ittiham edir. Əgər söhbət müsəlman həmrəyliyindən
gedirsə, o zaman tam məntiqli olardı ki, rəsmi Tehran 1 milyondan artıq müsəlman
azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən, dini və etnik zəmində onlara
qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirən Ermənistanı qınaq
obyektinə çevirəydi, Azərbaycanın yanında olmaqla müsəlman həmrəyliyi nümayiş
etdirəydi. Ancaq biz bunu görmürük və ən azı, təəssüf hissi keçiririk.
-
İsrail-Azərbaycan münasibətləri Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində ədalətli həllinə hansı formada təsir göstərə bilər?
- Azərbaycan-İsrail əməkdaşlığı
ölkəmizə qarşı olan təcavüz, soyqırımı siyasətinin, beynəlxalq hüquq
normalarının işləməməsi, haqsızlıqlarla bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında da mühüm rol oynayır. Heç kimə sirr deyil ki, yəhudi lobbisi bu
gün dünyada böyük gücə, imkanlara malikdir. Müxtəlif ölkələrdəki yəhudi
icmalarının bu imkanlarından istifadə etməklə əvvəlcə özümüzü onlara daha da
yaxından tanıda, ardınca isə həqiqətlərimizi, üzləşdiyimiz haqsızlıqları beynəlxalq
aləmə çatdıra bilərik. Misal üçün, bu gün ABŞ-dakı yəhudi informasiya
resurslarında Xocalı soyqırımı, Xocalıdan olan insanların şahidi olduqları
hadisələr və bununla bağlı hazırlanan məlumatlar hər həftə dərc olunur. Beləliklə
də Ermənistan tərəfindən Azərbaycan torpağında törədilmiş bəşəri cinayət,
soyqırımı siyasəti barədə beynəlxalq ictimaiyyət düzgün məlumatlandırılır, erməni
yalanlarına qarşı birgə mübarizə aparılır. Təbii ki, bütün bunlar böyük dövlətlərin
bu informasiya resursları ilə tanış olan ən sadə vətəndaşlarında da Dağlıq
Qarabağ probleminin mahiyyəti barədə aydın təsəvvür yaradır.
- B.Netanyahunun
Azərbaycana nəzərdə tutulan səfəri öncəsi belə bir məlumat yayılmışdı ki,
görüşlər zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də İsrail-Fələstin
münaqişəsiolacaq. İslam dövləti olan Azərbaycan bu yolla İsrail-Fələstin
probleminin həllinə hansı töhfəni verə bilər?
- Azərbaycan dünyada, o cümlədən Şərqdə və
regionumuzda sülhün, əmin-amanlığın bərqərar olunmasında çox maraqlıdır. Bu
maraqlardan irəli gələrək, Azərbaycan Fələstinlə də yüksək səviyyəli münasibətlər
qurur. Əslində, Azərbaycan-İsrail münasibətləri də Fələstində olduqca müsbət
qarşılanır, heç kimdə qıcıq yaratmır. Mən Mahmud Abbasın Azərbaycana olan tarixi
səfərini xatırlayıram. Fələstin muxtariyyətinin rəsmiləri ilə dəfələrlə
keçirdiyim görüşlərdə onlar Azərbaycan barədə yalnız müsbət təəssüratlarını,
xoş sözlərini bölüşürlər. Fələstin tərəfdən Azərbaycan-İsrail münasibətləri ilə
əlaqədar hər hansı mənfi yanaşma, fikir yoxdur. Əksinə, onlar da bu münasibətləri
dəstəkləyirlər.
Rufik
İSMAYILOV