• cümə axşamı, 28 mart, 22:08
  • Baku Bakı 13°C

Azərbaycan-İsrail diplomatik münasibətlərinin 25 illiyi Los Ancelesdə təntənəli şəkildə qeyd olunub

15.06.17 13:40 986
Azərbaycan-İsrail diplomatik münasibətlərinin 25 illiyi Los Ancelesdə təntənəli şəkildə qeyd olunub
Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi iyunun 12-də Los Ancelesdə geniş tədbirlə qeyd olunub. Azərbaycanin Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqunda keçirilmiş tədbirə Azərbaycanın və İsrailin Los Ancelesdəki baş konsulları Nəsimi Ağayev və Sem Qrundverq əsas qonaq qismində dəvət olunublar.
300-dək qonağın iştirak etdiyi tədbirə xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, din xadimləri, müxtəlif seçkili orqanların üzvləri, eləcə də bir çox icmaların nümayəndələri, maliyyə və hüquq sahələrində nüfuzlu şirkətlərin rəhbərləri, ictimai-siyasi xadimlər və jurnalistlər qatılıblar.
Tədbirin açılışında Sinay Sinaqoqunun kantoru Markus Feldmanın ABŞ, Azərbaycan və İsrailin dövlət himnlərini hər üç ölkəyə məxsus dillərdə səsləndirməsi böyük rəğbətlə qarşılanıb. Daha sonra Sinay Sinaqoqunun rəhbəri, "Newsweek” jurnalının sorğularına əsasən ABŞ-ın ən nüfuzlu yəhudi ravvini hesab edilən Deyvid Uolpi sinaqoq adından qonaqları salamlayaraq, belə bir əlamətdar günə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib. 2015-ci ildə sinaqoqun böyük nümayəndə heyətilə Azərbaycana səfərini qeyd edən D.Uolpi, Azərbaycandakı dinlərarası tolerantlığın bütün qonaqlara yüksək təsir bağışladığını vurğulayıb. O, Azərbaycan və İsrail arasında mövcud olan sıx əməkdaşlıq münasibətlərinin böyük gərginliklərin mövcud olduğu hazırkı dünyada əvəzsiz model olduğunu bildirib.
Sonra Amerika Yəhudi Komitəsinin (AJC) Los Anceles nümayəndəliyinin direktoru Daniel Şnurun aparıcılığı ilə Azərbaycanın və İsrailin Los Ancelesdəki baş konsulları Nəsimi Ağayev və Sem Qrundverq çıxış ediblər.
Azərbaycanın baş konsulu N.Ağayev ölkəmizdə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında, o cümlədən yəhudi icması ilə mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayıb. Diplomat, bu ənənənin müasir dövrdə Azərbaycan-İsrail münasibətlərinin qurulmasında və inkişafında vacib rol oynadığını bildirib.
Öz növbəsində, İsrailin baş konsulu Sem Qrundverq Azərbaycan-İsrail münasibətlərinin dinamik və hərtərəfli inkişafına toxunaraq, ölkələrimiz arasında əsas əməkdaşlıq istiqamətlərindən bəhs edib. S.Qrundverq bildirib ki, İsrailin Azərbaycan ilə münasibətləri dərin etimad və dostluq əlaqələrinə əsaslanır. O, həmçinin, Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi böyük nailiyyətlərin dost İsrail xalqını sevindirdiyini diqqətə çatdırıb.
Azərbaycanın yerləşdiyi bölgədə mövcud olan münaqişələrə toxunan baş konsul Nəsimi Ağayev, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb. Bu səpkidə N.Ağayev 2015-ci ildə İsrail Prezidenti R.Rivlinin BMT Baş Məclisindəki çıxışında Xocalı Soyqırımını xüsusilə vurğulaması faktının Azərbaycan-İsrail dostluğunun daha bir göstəricisi olduğunu qeyd edib.
İsrailin baş konsulu S.Qrundverq vurğulayıb ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və regionda davam edən münaqişələrin sülh yolu ilə həllinin tapılmasını arzulayır.
Çıxışlardan sonra sual-cavab sessiyası olub. Baş konsullar qonaqların çoxsaylı suallarını cavablandırıblar.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Azərbaycanlı və yəhudi incəsənət ustalarının hər iki xalqa məxsus sevilən mahnılardan nümunələr səsləndirməsi gurultulu alqışlarla qarşılanıb.
banner

Oxşar Xəbərlər