Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir - Fotolar
İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci sammiti Qazaxıstan Prezidenti
Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII
Zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub. Sentyabrın
10-da Astanada keçirilən bu sammitdə təşkilata üzv olan 57 ölkənin dövlət və
hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər,
müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə
heyəti qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev də sözügedən sammitdə
iştirak edib.
Sammitin açılış
sessiyasında çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev son zamanlar
İslam ümmətinin çətin sınaqlarla üzləşdiyini, müsəlman ölkələrində ekstremist
və terrorçu təşkilatların yayıldığını təəssüf hissi ilə qeyd edərək bildirib
ki, bundan daha çox İslam ölkələri əziyyət çəkir. Eyni zamanda, bu, Qərb
ölkələrində islamafobiya meyillərinin, eləcə də müsəlmanlara qarşı zorakılığın
artmasına səbəb olur. Myanmada müsəlmanlara qarşı yaşanan kütləvi zorakılıq
hallarının İslam ölkələrində dərin narahatlıq doğurduğunu ifadə edən Qazaxıstan
Prezidenti bu problemin dialoq yolu ilə BMT-nin əsas prinsipləri əsasında həll
edilməsinin vacibliyini vurğulayıb. N.Nazarbayev İslam ölkələrində elm və
texnologiyanın inkişaf etdirilməsi üçün "G-20” formatında beynəlxalq
forumun yaradılmasının vacibliyini də qeyd edib. Qazaxıstan dövlətinin başçısı
bu sahədə Qərb ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini
bildirib və bu baxımdan belə sammitlərin əhəmiyyətini vurğulayıb. O, Astana
Sammitinin İslam dünyasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini
ifadə edib.
Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan müasir dövrdə cəmiyyətin tərəqqisində mühüm rol oynayan elm və
texnologiyanın İslam ölkələrində inkişaf etdirilməsinə həsr olunan sammitin
önəmini vurğulayıb. Türkiyənin son illər elm və texnologiya sahəsində təhsil
imkanlarının genişləndirilməsinə, mühüm proqram və tədbirlərin
reallaşdırılmasına xüsusi diqqət yetirdiyini söyləyən R.T.Ərdoğan ölkəsində
İƏT-ə üzv dövlətlərdən 9500 tələbənin təhsil aldığını qeyd edib. İslam aləmində
son dövrdə yaşanan proseslərin müsəlman ölkələri arasında əməkdaşlığın daha da
gücləndirilməsi zərurətini ortaya çıxardığını deyən Türkiyə Prezidenti elm və
texnologiyanın inkişaf etdirilməsi məqsədilə irəli sürülən təşəbbüslərə siyasi
dəstəyin verilməsinin vacibliyini bildirib.
Azərbaycan Prezidenti
İ.Əliyev Qazaxıstan torpağında yenidən olmağından böyük məmnunluq hissi
keçirdiyini dilə gətirərək, İƏT-in elm və texnologiya üzrə birinci Sammitinin
keçirilməsini yüksək qiymətləndirib. O, Azərbaycan İƏT-in fəal üzvü olduğunu
diqqətə çatdırıb. Qeyd edib ki, son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv
ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin
10-a yaxın görüşü keçirilib: "Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli
formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik.
Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim
dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və
ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi,
ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini
dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini
əks etdirən bir çox qətnamələr qəbul edib. Keçən il İƏT-in Türkiyədə keçirilmiş
Zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı təcavüzü ilə əlaqədar Təmas
Qrupu yaradılıb. Biz bu qərarı çox yüksək qiymətləndiririk və bu ədalətli
mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk”.
Azərbaycan Prezidenti
İ.Əliyev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə
qəbul etdiyini xatırladıb. Bildirib ki, bu qətnamələrdə Ermənistan silahlı
qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması
tələb olunur: "Ermənistan bu qətnamələri icra etmir və buna görə onlara qarşı
sanksiyalar tətbiq olunmur. Bu, ikili standartlardır. Ermənistan 25 ildən
çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər
yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi
işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın
və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə
siyasəti aparıblar, Ermənistan hərbi cinayətlər törədib. 1992-ci ildə
Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc
azərbaycanlı erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onlardan
106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. Ondan
çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb”.
Azərbaycan dövlət başçısı erməni
vəhşiliyinin bu gün də davam etdiyini söyləyib. Qeyd edib ki, cari ilin iyul
ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən
atılan mərmi nəticəsində həyatını itirib: "Bu, vəhşilikdir. Bu, erməni
faşizminin növbəti qanlı cinayətidir. İşğal edilmiş torpaqlarımızda Ermənistan
rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər
şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin
sənədli sübutudur. Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox
çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların
riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs
məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz. Keçən
ilin aprel ayında qəhrəman Azərbaycan Ordusu torpağımızın bir hissəsini erməni
işğalçılarından azad edib. Biz orada yeni qəsəbə salmışıq. 150 evdən ibarət
Cocuq Mərcanlı qəsəbəsində məktəb, tibb mərkəzi və məscid tikilib. Ermənilər
tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz işğaldan azad edilmiş Cocuq
Mərcanlı qəsəbəsində tikdik. Bu, bir daha Azərbaycan xalqının yenilməz ruhunu,
öz dini dəyərlərinə bağlılığını göstərir. Ermənilər məscidlərimizi dağıdıblar.
Ancaq bu məscidlər bizim qəlbimizdə ucaldılıb, onları heç bir qüvvə dağıda
bilməz”.
Prezident İ.Əliyev Azərbaycanın
İslam həmrəyliyi işinə böyük töhfə verdiyini də diqqətə çatdırıb. Deyib ki, ölkəmiz
dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə
aparır: "Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar
Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi
zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya
ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin
qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən,
bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına
humanitar yardım - 100 ton ərzaq məhsulu göndərib. 2017-ci il Azərbaycanda
"İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda IV
İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm dostluq və qardaşlıq
bayramında 50-dən çox müsəlman ölkəsi iştirak edib. Əminəm ki, üç minə yaxın
idmançı və minlərlə qonaq Bakıdan ən xoş təəssüratlarla ayrılıb”.
Azərbaycan Prezidenti
ölkəmizin sürətlə inkişaf etdiyini söyləyib. Bildirib ki, son 14 il ərzində Azərbaycanın
ümumi daxili məhsulu üç dəfədən çox artıb: "Azərbaycanda son illərdə 1 milyon
600 min iş yeri yaradılıb. Yoxsulluq 5 faiz səviyyəsinə düşüb. Savadlılıq isə
100 faizə yaxındır. Azərbaycanda elm və müasir texnologiyalar uğurla inkişaf
edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”.
Xatırladaq ki, sammit
çərçivəsində "Davamlı inkişafda elm və texnologiyaların rolu”,
"Müasir iqtisadiyyatda rəqabət və innovasiyalar”, "Elm və
texnologiyalar sahəsində əməkdaşlığın inkişafı” mövzularında sessiyalar keçirilib,
zəngin təbii resurslara malik olan müsəlman ölkələrində yoxsulluq, aclıq,
işsizlik problemlərinə, eləcə də elm, təhsil, texnologiya sahələrində inkişaf
məsələlərinə dair müzakirələr aparılıb. Bununla yanaşı, müsəlman ölkələrində
gənclərin üzləşdikləri problemlər, onların elm və təhsil sahələrinə daha geniş
cəlb edilməsi, habelə zorakı ekstremizm, terrorizm ilə mübarizə məsələləri ətrafında
da fikir mübadiləsi aparılıb. Sammitin yekununda İslam dünyasının elmi və
texnoloji inkişafı üçün siyasi dəstək prosesinin başlanmasını nəzərdə tutan
Astana Bəyannaməsi qəbul edilib.
R.İsmayılov