Azərbaycan İslam dünyasının birliyi, milli-mənəvi dəyərlərimizi qorumaq siyasətindən dönməyəcək
""Sovetski” adlandırılan ərazinin
abadlaşdırılmasına etiraz etmək dini təəssübkeşliyin heç də ən yaxşı nümunəsi deyil". APA-nın məlumatına
görə, bunu "facebook" sosial şəbəkəsində paylaşdığı statusda Prezidentin
ictimai-siyasi məsələlər üzrə köməkçisiƏli Həsənovqeyd edib.
"Azərbaycan Prezidenti cənabİlham
ƏliyevYasamal rayonu, Abdulla Şaiq küçəsi 79
ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən
narahat olub. Dövlət başçısı sözügedən məscidin söküntüsünün dayandırılması, məsələnin
hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi
və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın
yaradılması barədə tapşırıq verib. Əlbəttə ki, müvafiq komissiya yaranmış vəziyyəti
təhlil edərək, məscidin həmin ərazidə saxlanmasını və ya yeni məscid tikintisi
üçün yer ayrılmasını məqsədə müvafiq biləcək, gəldiyi qərar barədə dövlət
başçısına məruzə edəcək" - deyə, Ə.Həsənov qeyd
edib.
Prezidentin köməkçisi komissiyanın qərarından
asılı olmayaraq, yaranmış vəziyyətlə bağlı öz vətəndaş mövqeyini də açıqlayıb:
"Dünən "Sovetski” adlanan ərazidəki son yöndəmsiz və qəzalı vəziyyətdə
olan binanın söküntüsünə müqavimət göstərən və bu müqaviməti az qala "evindəki
halalını qorumaq qədər” özünün müqəddəs dini fərzi kimi qələmə verən bəzi "təəssübkeşlər”in aksiyasına münasibət bildirməyi öz vətəndaşlıq borcum hesab
edirəm. Məndə xüsusi təəssüf doğuran hal budur ki, müəyyən insanları təlimatlandıraraq
oraya göndərən, Azərbaycanda dini kəsimi dövlətlə qarşıdurmaya sövq etmək istəyənlərin
təşkil etdiyi aksiyada ətrafdan toplaşan bəzi inanclı insanlar da iştirak
edirdi. Bu, heç də ürəkaçan səhnə deyildi".
Ə.Həsənov "Sovetski”nin sökülməsinin səbəblərini
də açıqlayıb: "Cənab Prezidentin Bakı şəhəri ilə bağlı çox böyük təşəbbüsləri
olub, bu təşəbbüslər uğurla həyata keçirilib. Bakının ekoloji vəziyyətinin
yaxşılaşdırılması, Bakı bulvarının dünyanın ən gözəl dənizkənarı bulvarları
sırasına daxil olması, nəqliyyat sistemin yenilənməsi, onlarla yol ötürücüləri,
körpülərin, keçidlərin tikintisi, şəhərin mərkəzinin gecəqondulardan təmizlənib
"Qış bulvarı” kompleksinin salınması, dünyanın
aparıcı otel brendlərinin paytaxtımıza cəlb
edilməsi və s. Bunların nəticəsidir ki, bu gün Bakı XX əsrin əvvəllərindəki
şöhrətini özünə qaytarıb, dünyanın ən gözəl şəhərlərindən
və beynəlxalq humanitar mərkəzlərindən birinə çevrilib.
Keçmişdə "Sovetski” adlandırılan ərazidə
aparılan işlər də Bakının abadlaşdırılması istiqamətində görülən işlərin
davamıdır. Bakı müasirləşməlidir, "Sovetski” tipli gecəqondu massivləri şəhərin
mərkəzindən yığışdırılmalıdır - bu, günün tələbidir".
"Azərbaycan dövləti əyri, köndələn yolları,
havasız, üfunətli məhəllələri, paytaxtda ucqar əyalətçi məişəti, XX əsrin əvvəllərinin
nizamsız urbanizasiyasından miras qalmış "gecəqondu memarlığı”nı öz vətəndaşlarına
rəva görmür. Bunların əvəzində təmiz şəhər, rahat yollar, ekologiyanın
yaxşılaşmasına töhfə verən yaşıl parklar, geniş mənzillər, dünyanın ən yeni
memarlıq incilərini, böyük təhsil və ibadət komplekslərini təklif edir" - deyə qeyd edən Prezidentin köməkçisi
son illər ərzində Bakıda 250-dən çox məktəb, onlarla uşaq bağçası, mədəniyyət
evlərinin yenidən qurulub, tikilib, təmir olunduğunu da
xatırladıb.
"Cənab Prezidentin tapşırığı və şəxsi nəzarəti
ilə Azərbaycanda məscidlər yenidən qurulur, bərpa olunur. Belə ki, Bibiheybət məscid-ziyarətgah
kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd
məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə "İmamzadə” kompleksi və
onlarla digər dini abidə dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək
dindarların istifadəsinə verilib. Bu ilin əvvəlinə Azərbaycanda məscidlərin
sayı 2166-ya çatıb, halbuki sovet dövrü məscid statuslu tikililərin sayı cəmi 17 idi. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən
tarixi abidə kimi qorunur" - deyə, Ə. Həsənov yazıb.
Ə.Həsənov Prezident İlham Əliyevin
müsəlman bayramlarını dindarlar və müsəlman ölkələrinin səfirləri ilə birgə
qeyd etdiyini, ölkə başçısının və ailə üzvlərinin müqəddəs Kəbəni ziyarət
etdiklərini xatırladıb: "Ölkədə dini təhsilin genişləndirilməsi, yenidən təşkil
olunması istiqamətində ciddi addımlar atılıb. Ölkədə yüzlərlə yeni məscidin
inşası və ya köhnələrin bərpası xüsusi reklam edilmədən həyata keçirilib, çünki
bu işlər bir dövlət başçısının öz ölkəsinin dini çoxluğuna, özünün də mənsub
olduğu dini icmaya qayğısının təzahürüdür".
Prezidentin köməkçisi daha sonra yazıb: "Bu işləri görən
dövlət təqdir olunmalıdır, yoxsa bəzilərinin dünən etdiyi çağırışlardakı kimi, lənətlənməlidir? Radikal çağırışlar edən bəzi dini, ictimai,
mədəniyyət xadimlərinə və müxalif siyasilərə üzümü tutub deyirəm: doğru izahat
verməkdənsə, qeyri-müəyyən bəyanatlarla sadə insanları çaşdırmaq, dövlətin təqdir
olunası işlərini qaralamaq lazım deyil. İslam mədəniyyətinin mərkəzləri olan Məkkə
və Mədinədə, Məşhəd, Kərbəla kimi şiə ziyarətgahlarında, digər müsəlman ölkələrinin
aparıcı şəhərlərində hər il neçə-neçə köhnə dini tikili sökülür və onların
yerinə yeni-yeni binalar ucaldılır. Qoy 30 il bundan qabaq Məkkə və Mədinədə
peyğəmbər məscidini ziyarət edənlər söyləsinlər, orada hansı dəyişikliklər baş
verib, hansı köhnə tikililər sökülərək onların yerinə necə müasir ziyarətgahlar
yaranıbdır. İndi bunlar təqdirəlayiq haldır, yoxsa qınanmalı? O insanların
halalına müdaxiləmi olunubdur?".
"Çox təəssüf edirəm ki, dünənki o "din təəsübkeşləri”nin
düyməsini basanlar da, qanun keşikçilərinə və ərazini abadlaşdıran insanlara
qarşı təhqiramiz hərəkətlər edənlər də sağlam düşüncə və vətənpərvərlik nümunəsi
ortaya qoymadılar" - deyə Ə.Həsənov
bildirib.
Əli Həsənov qeyd edib ki, Prezidentİlham Əliyevdə, Azərbaycan hakimiyyəti də
son illərdə Azərbaycanda İslamın qorunması və inkişafı, eləcə də İslam həmrəyliyinin
gücləndirilməsi və dünyadakı islamofob dairələrə qarşı mübarizə sahəsində 50-dən
artıq İslam dövlətləri başçısı sırasında həmişə xüsusi fəallığı ilə seçilib və
Azərbaycan dövlətinə qarşı siyasət yürüdən bəzi xarici dairələrdən, rəsmi və
qeyri-rəsmi ünsürlərdən fərqli olaraq, əsl İslam təəssübkeşliyi
nümayiş etdirib.
"Bu gün dünyada hər şey təzələnir, yenilənir.
İnsanları dünən qane edən məişət normaları, yaşayış massivləri, nəqliyyat vasitələri,
ictimai, dini, mədəniyyət və iaşə obyektləri bu gün qane etmir. Xüsusi tarixi
mahiyyət kəsb edən tikililər, elm, mədəniyyət obyektləri, dini abidələr istisna
olmaqla hər şey dəyişir. Azərbaycan da, əlbəttə, müasir dünyanın bir hissəsi
kimi öz inkişafını davam etdirir. Əsas odur ki, insanlara yeni imkanlar
yaradılır, yeni alternativlər təklif olunur. Bu seçimi dəstəkləməmək, əlbəttə
ki, həm dövləti, həm də cəmiyyəti müasir
inkişafdan süni yolla saxlamaq deməkdir". Ə.Həsənov bildirib ki, dini inanclı insanlara bu həqiqəti
çatdırmalıdır: "Əsl inanclı kəsimi "din təəssübkeşliyi” adı ilə bu tipli
aksiyalara sövq edən radikal-ekstremist dəstələrdən ayırmalıyıq. Beş il sonra
"Sovetski” adlanan gecəqondu massivinin yerində salınacaq nümunəvi şəhər mərkəzi
və istirahət guşələrini görəcək yeni nəslin anbar kimi istifadə olunan köhnə
tikilinin qorunmasına cəhd edən bu köhnə fikirli insanlara necə qiymət verəcəyini
zaman göstərəcək.
Azərbaycanın İslam dünyası, regional əməkdaşlığın
gücləndirilməsi ilə bağlı təşəbbüslərinə bu və ya digər yolla mane olmaq cəhdləri,
təəssüf ki, ilk dəfə deyil. Bakı İslam mədəniyyətinin paytaxtı elan edildiyi
2009-cu ildə biz müəyyən dindar təbəqəsinin aldadılaraq dövlətimizin İslam dünyasındakı rolunu kiçiltmək, imicini ləkələmək cəhdlərinə
alət edilməsinin şahidi olmuşduq. Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə birilərinin alternativ həmrəylik günü
keçirmək təşəbbüsləri hələ də davam edir. Bu il – ölkəmizdə İslam Həmrəyliyi İli elan edildiyi, Bakı İslam
Oyunlarına ev sahibliyi etdiyi üçün belə "cəhdlər”in yenə olmasını istisna etmirik. Bu yalançı təəssübkeşlərin
etirazınınŞuşaməscidi ilə bağlı işğalçılarla qeyri-rəsmi "əməkdaşlıq”
edilməsinə Azərbaycan dövlətinin rəsmi etiraz bəyanatı verdiyi vaxta düşməsi
düşündürücüdür. Amma hər kəs bilməlidir ki, bütün bunlar Azərbaycanın İslam
dünyasının birliyi, həmrəyliyi yolunda təşəbbüslərindən, milli-mənəvi dəyərlərimizi qorumaq, İslam irsini inkişaf etdirmək
siyasətindən döndərə bilməz".