• cümə axşamı, 28 mart, 14:10
  • Baku Bakı 16°C

Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi müzakirə edilib

26.10.17 18:48 860
Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycanda səfərdə olan İran İslam Respublikasının İqtisadiyyat və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasianın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. İranlı qonaqlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, "Əbədi Məşəl” kompleksinə əklil qoyublar.
Sonra İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran islam Respublikasının İqtisadiyyat və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.
Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini və birgə səylərini vurğulayıb. Bildirilib ki, son illərdə ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoyub və strateji səviyyəyə yüksəlib. Son 4 ildə yüksək səviyyəli 9 görüş keçirilib, müxtəlif tərkibli nümayəndə heyətlərinin 100-dən çox qarşılıqlı səfəri həyata keçirilib, 40-dan çox sənəd imzalanıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 3 iclası keçirilib. Səhiyyə, maliyyə, bank, nəqliyyat, ticarət sahələrində mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2016-cı ildə 70%, 2017-ci ilin yanvar-sentyabr aylarında isə 33% artıb. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollardan artıq investisiya qoyulub. Hazırda Azərbaycanda 500-dən İran şirkəti fəaliyyət göstərir. Son zamanlar ölkələrimiz arasında bir sıra layihələr həyata keçirilib. Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodu inşa olunur. Pirallahı Sənaye Parkında təməli qoyulmuş birgə əczaçılıq zavodunda isə yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Energetika sahəsində "Xudafərin/Qız Qalası” və "Ordubad/Marazad" hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb.
Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə Azərbaycanda 8,3 km dəmir yolu xətti, Azərbaycan-İran sərhəddində dəmir yolu körpüsü istismara hazırdır. İranda 1,4 km dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Bu ilin 9 ayında 2016-cı ilin analoji dövrü ilə müqayisədə Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan-İran hissəsi üzrə dəmir yolu ilə daşınan yüklərin həcmi 77%, Rusiyadan İrana və əks istiqamətdə keçən TIR-ların sayı isə 12% artıb. 2017-ci ilin avqust ayından yük maşınlarına tətbiq olunan rüsumlar qarşılıqlı olaraq 160 dollardan 100 dollara endirilib.
Azərbaycan viza verilməsi prosedurunu sadələşdirib və elektron vizaların verilməsinə başlanılıb. Əməkdaşlığın genişləndirilməsi imkanlarına gəlincə, nazir Şahin Mustafayev Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsinin 12 saatlıq, Biləsuvar sərhəd keçid məntəqəsinin isə 24 saatlıq iş rejiminə keçirilməsinin, Bakı-Tehran arasında aviauçuşların sayının artırılmasının əhəmiyyətini qeyd edib. İqtisadiyyat naziri kənd təsərrüfatı avadanlıqlarının istehsalı və meyvəqurutma sahəsində birgə müəssisələrin yaradılması, toxum istehsalı, arıçılıq məhsullarının qablaşdırılması sahələrində əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb, iranlı iş adamlarını Azərbaycanın Aktaudakı Logistik Mərkəzindən istifadəyə dəvət edib.
İran islam Respublikasının İqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri təyin olunmasından məmnunluğunu bildirib, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Qeyd olunub ki, son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlər görülüb, bir sıra qarşılıqlı səfərlər həyata keçirilib, görüşlər keçirilib. İran nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyinə əminlik vurğulanıb. Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşən Məsud Kərbasian Qəzvin-Rəşt dəmir yolu xəttinin önəmini qeyd edib, işlərin 95%-nin görüldüyünü və dəmir yolu xəttinin 2018-ci ilin mart ayında istifadəyə veriləcəyini bildirib. Məsud Kərbasian səhiyyə sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə, sərhəd-keçid məntəqələrində iş rejiminin uzadılmasına, kənd təsərrüfatı, maliyyə və bank sahələrində əməkdaşlığa dair fikirlərini bölüşüb.
Görüşdə həmçinin, bu ilin dekabrında Tehranda keçirilməsi nəzərdə tutulan Dövlət Komissiyasının iclasına, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər