• cümə, 29 Mart, 13:00
  • Baku Bakı 14°C

Azərbaycan iqtisadiyyatı 2019-cu ili hansı nəticələrlə başa vurur?

31.12.19 11:37 778
Azərbaycan iqtisadiyyatı 2019-cu ili hansı nəticələrlə başa vurur?
Yola saldığımız ilin iqtisadi yekunları ümumilikdə pozitivdir və böhrandan sonrakı son bir neçə ilin ən yaxşı göstəriciləri məhz bu il qeydə alınıb. Əgər rəsmi statistikanın 11 aylıq göstəricilərini bundan öncəki illərin eyni dövrünün göstəriciləri ilə müqayisə etsək, bu halda gerçək mənzərənin necə dəyişdiyini aydın görmək mümkündür.
Bunu Trend-ə iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
F.Yusifov bildirib ki, dünya iqtisadiyyatında baş verən böhranın yaratdığı təlatümlərin Azərbaycana təsirləri nəticəsində 2016-ci ilin 11 ayında Ümumi Daxili Məhsulumuz 3,9% azaldı: "Bu, son illər ərzində dünyada ən böyük iqtisadi artımların qeydə alındığı bir ölkə üçün acınacaqlı bir durum idi. Lakin hökumət ölkə iqtisadiyyatını bu durumdan çıxarmağın mümkün yollarını arayıb tapmaq və böhranın nəticələrinin qısa zaman kəsiyində aradan qaldırmağa müvəffəq oldu.
Görülən tədbirlər və ölkə iqtisadiyyatının qeyri-neft sektorunun daha üstün inkişafını hədəfləyən ciddi qərarların reallaşdırılması nəticəsində iqtisadiyyatdakı geriləmə 2017-ci ildə də demək olar ki, aradan qaldırıldı. Lakin yenə də iqtisadiyyatda əvvəlki illə müqayisədə 0,2% azalma qeydə alındı. Azərbaycan iqtisadiyyatı yalnız 2018-ci ildə - yəni böhrandan sonrakı üçüncü ildə 1,0% artımla yekunlaşdı. Bu isə o demək idi ki, aparılan islahatlar artıq öz nəticələrini verməyə başladı. Lakin qarşıda islahatların daha da dərinləşdirilməsi, ölkə iqtisadiyyatının kölgədə olan hissəsinin leqallaşdırılması kimi ciddi addımlar hesabına daha yüksək nəticələrin əldə olunması kimi hədəflər qoyulmuşdu.
Yola saldığımız ildə bu hədəflərə əsasən çatıldı. Azərbaycan iqtisadiyyatı 2019-cu ili son illərin ən yaxşı iqtisadi göstəriciləri ilə yola salır. İqtisadiyyatın demək olar ki, bütün sektorlarında pozitiv nəticələr əldə olunub. On bir ay ərzində ümumi iqtisadiyyatda 2,1%, qeyri-neft sektorunda 3,5%, qeyri-neft sənayesində 14%, kənd təsərrüfatında 7% artım qeydə alınıb”.
F.Yusifov vurğulayıb ki, bütün bu uğurlar ölkə iqtisadiyyatının güzgüsü olan dövlət büdcəmizin növbəti il üçün gəlir və xərclərində də öz əksini aydın bir şəkildə tapdı: "Belə ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 2017-ci ilin büdcəsinin faktiki gəlirlərindən 7 milyard 618 milyon manat və ya 46,1 faiz, xərcləri isə müvafiq olaraq 9 milyard 319 milyon manat və ya 53 faiz çox olacaq. İki il ərzində büdcənin gəlir və xərclərində belə böyük artımların baş verməsi məhz iqtisadi inkişafın yeni templərə köklənə bilməsi, eyni zamanda aparılan islahatlarla ölkə iqtisadiyyatının qeyri-leqal bölümünün leqallaşdırılması istiqamətində atılan pozitiv addımlar nəticəsində mümkün ola bildi. Bu sahədə görülən tədbirlər və iqtisadiyyatın qeyri-neft sektorunda vergi yükünün əsaslı şəkildə azaldılması kimi mühüm addımlar son nəticədə dövlət büdcəsinə bir milyard manata qədər əlavə vəsaitin daxil olmasına gətirib çıxardı. Bu istiqamətdə tədbirlərin növbəti ildə daha da dərinləşdirilməsi və atılan addımların səmərəliliyinin artırılması hesabına növbəti ildə büdcəyə daha çox vəsaitin axını təmin ediləcək.
Aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatının inkişafında əldə olunan pozitiv nəticələr dövlətə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də ciddi addımlar atmağa imkan verdi. Yola saldığımız il ərzində ölkə Prezidenti milyonlarla insanın sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan iki böyük sosial zərf imzaladı. Növbəti ildə Prezidentin imzaladığı iri maliyyə tutumlu sosial zərflərlə nəzərdə tutulan tədbirləri və eyni zamanda, gələn il reallaşdırılacaq sosial müdafiə tədbirlərini maliyyələşdirmək üçün 2020-ci ilin büdcəsində əlavə 4 milyard manat vəsait nəzərdə tutulub.
Bütövlükdə isə növbəti ilin büdcəsində sosial xərclərin xüsusi çəkisi 40 faizə yaxınlaşır. Büdcədə sosial xərclərin səviyyəsinin bu qədər artması dövlətin sosial xarakterini ortaya qoyur. Onun sosial büdcə ola bilməsini şərtləndirən yeganə əsas isə ölkə iqtisadiyyatının dayanıqlığı və aparılan islahatların səmərəliliyidir. Büdcənin gəlirlərini və müvafiq olaraq xərclərini isə yalnız bu yolla artırmaq mümkündür”.
banner

Oxşar Xəbərlər