• cümə axşamı, 25 aprel, 10:38
  • Baku Bakı 14°C

Azərbaycan iqtisadi inkişafı ilə dünya miqyasında nümunə ola bilər

20.07.13 08:47 1618
Azərbaycan iqtisadi inkişafı ilə dünya miqyasında nümunə ola bilər
Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artıb və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artıb. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu fikri prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib. Prezident qeyd edib ki, ilin altı ayı çox müsbət keçib, göstəricilər müsbətdir. Bu müddət ərzində Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub. Prezident deyib ki, bu göstəricilər müsbət dinamikanın ilin sonuna qədər də qorunacağını deməyə əsas verir: «Hesab edirəm ki, biz bir müddət bundan əvvəl növbəti 10 il ərzində qeyri-neft sektorumuzu 2 dəfə artırmaq barədə qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Qeyri-neft sektorunun artması əlbəttə ki, bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və hesab edirəm ki, növbəti illərdə bu inkişaf özünü daha da qabarıq şəkildə göstərəcəkdir. Çünki bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorumuzun yaranmasına gətirib çıxaracaqdır».
İqtisadiyyata investisiya qoyuluşları artıb
İlham Əliyev əlavə edib ki, ilin birinci yarısında kənd təsərrüfatı da inkişafda olub. Bu sahədə təxminən 5 faiz səviyyəsində artım qeydə alınıb: «Bu da yaxşı artımdır. Hesab edirəm ki, növbəti illərdə bu artım daha da güclü olmalıdır. Bunu etmək üçün indi əlavə tədbirlər görülür. İnvestisiya qoyuluşu bizi sevindirir».
Prezident iqtisadiyyata investisiya qoyuluşlarının artmasını da müsbət faktor kimi vurğulayıb. Belə ki, ilin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub. Prezident İlham Əliyevin fikrincə, bunun böyük hissəsi - təqribən 7 milyard dolları daxili sərmayədir. Əgər bu tempi saxlamaq mümkün olsa, ilin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaqdır: «İlin əvvəlində mən qarşıya vəzifə qoymuşdum ki, bu il Azərbaycana qoyulacaq sərmayə keçən ildən az olmamalıdır. Keçən il 20 milyard dollardan çox vəsait qoyulmuşdur. Ancaq biz artıq görürük ki, keçən ildən daha da çox sərmayə qoyulacaqdır. Qoyulan vəsait - hər manat və ya dollar, avro ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır.
Prezidentin fikrincə, hər bir ölkə üçün xarici investisiyalar önəmli rol oynayır: «Baxmayaraq ki, özümüzün də indi kifayət qədər böyük maddi imkanlarımız var, yenə də xarici investorların Azərbaycana olan inamı və xarici investisiyaların qoyuluşu ölkənin ümumi inkişafını əks etdirir. Əlbəttə ki, beynəlxalq maliyyə qurumlarına da ciddi siqnal göndərir ki, Azərbaycanda iqtisadi sahədə çox müsbət vəziyyət yaranıb. Eyni zamanda, son illər ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu da bizim məqsədimiz idi. Bir neçə il bundan əvvəl qarşıya bu məqsəd qoyulmuşdu və biz buna çatmışıq. Düzdür, daxili investisiyalar daha çox dövlət xərcləri hesabına formalaşır. Ancaq özəl sektor da tədricən öz investisiya imkanlarını artırır. Şübhə etmirəm ki, vaxt gələcək Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyaların böyük hissəsi özəl qurumlar tərəfindən qoyulacaqdır. Buna nail olmaq üçün əlbəttə ki, özəl qurumlar daha da fəal işləməlidir, daha da böyük güc toplamalıdırlar. Dövlət isə öz tərəfindən onlara bütün lazımi dəstəyi göstərir». Prezident İlham Əliyev deyib ki, Azərbaycanda gözlənilən nəhəng enerji layihələri, eyni zamanda, özəl sektorun da inkişafına təkan verəcək. Çünki Azərbaycanın neft-qaz sektorunun işlənilməsi ilə bağlı nəzərdə tutulan nəhəng layihələr 10 milyard dollarla ölçülür. Dövlət başçısı deyib ki, artıq Azərbaycanda güclü sənaye imkanları da var. Belə olan halda yerli şirkətlər üçün əlavə imkanlar yaranacaq və onlar da bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər.
İslahatlar güclü sosial siyasətlə dəstəklənir
Bu islahatlar güclü sosial siyasətlə də dəstəklənir. Təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artıb. Azərbaycanda manatın məzənnəsi uzun illərdir ki, sabitdir. İnsanların əmanətləri dövlət tərəfindən qorunur. İlin ilk yarısında əhalinin pul gəlirləri 7 faizdən çox artıb. İnflyasiya isə cəmi 2 faiz olub. Bu da hesab edirəm ki, çox gözəl göstəricidir. Hesabat dövründə əhalinin maaşlarındakı artım da davam edib. Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Prezident deyib ki, gələcəkdə bu rəqəmlər daha da artacaqdır. Bu rübdə vətəndaşların pensiyalarının da, əməkhaqlarının da artırılması gözlənilir.
Azərbaycanın valyuta ehtiyatları 48 milyard dolları ötüb
İqtisadi inkişafın əyani təsdiqi kimi Azərbaycanın valyuta ehtiyatları da artmaqdadır. Prezident qeyd edib ki, hazırda Azərbaycanın valyuta ehtiyatları 48 milyard dollardan çoxdur: «Bu da çox gözəl göstəricidir. Çünki həm bizə güc, rahatlıq verir, eyni zamanda, -baxmayaraq ki, Azərbaycanda çox böyük investisiya layihələri icra edilir, - biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artırırıq. Şadam ki, bu ilin altı ayında valyuta ehtiyatlarımız azalmır, yerində də durmur, artır və əgər belə getsə, ilin sonuna qədər daha da artacaqdır. Bu göstəriciyə görə də, - həm mütləq rəqəmləri, həm adambaşına düşən valyuta ehtiyatlarının həcmini götürsək, - Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da son illər ərzində əldə edilmiş uğurların bir hissəsidir».
Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkəsidir
Prezident əlavə edib ki, hazırda dünyanın ən sürətli inkişafda olan iqtisadiyyatı Azərbaycan iqtisadiyyatıdır. Yəni Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkəsidir: «Bu, reallıqdır və bu reallığı artıq bölgə ilə məşğul olan bütün qurumlar qəbul edir. Ancaq eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzu da böyük əhəmiyyətə malikdir. Biz bu nüfuzu qazanmışıq və bu nüfuzun nə qədər yüksək səviyyədə olmasının göstəricisi bizim hazırda BMT Təhlükəsizlik Şurasında üzvlüyümüzdür. Bu, dünya tərəfindən Azərbaycana verilən qiymətdir. Eyni zamanda, Azərbaycanda keçirilən yüksək səviyyəli, mötəbər beynəlxalq tədbirlər bizim beynəlxalq nüfuzumuzu daha da artırır. Beləliklə, hesab edirəm ki, keçən rübdə, bütövlükdə, son altı ayda bu məsələlərlə bağlı çox ciddi addımlar atılıb.
“Bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır”
Prezident çıxışında ilin ikinci rübündə Avropa İttifaqına səfərinə xüsusi yer ayırıb. O qeyd edib ki, baxmayaraq ki, bu, prezident kimi Avropa Komissiyasına beşinci səfəridir, amma çox böyük əhəmiyyətə malikdir. Bu səfərlər özlüyündə Azərbaycanla Avropa Birliyinin münasibətlərinin yüksək səviyyədə olmasının təzahürüdür: «Xüsusilə nəzərə alsaq ki, son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır. Deyə bilərəm ki, bu kampaniya heç səngimirdi. Son on il ərzində vaxtaşırı bu kampaniya gah canlanır, gah səngiyir. Son bir il ərzində əlbəttə, bu kampaniya çox eybəcər formalara gəlib çatıb. Təkcə onu demək kifayətdir ki, son bir il ərzində Avropa Parlamenti üç anti-Azərbaycan qətnamə qəbul edib. Düzdür, bu qətnamələrin qəbul edilməsində eyni adamlar iştirak edir və Avropa Parlamenti 750 deputatdan ibarətdir. Bu qətnamələrin qəbulunda təqribən 20, 30, 40 nəfər iştirak edir. Əlbəttə ki, onların rəyi Avropa Parlamentinin rəyini əks etdirmir. Ancaq onlar müəyyən prosedur boşluqlardan istifadə edərək bu qətnamələrin qəbul edilməsinə nail olurlar».
Prezident qeyd edib ki, əslində bu barədə heç danışmağa da dəyməz, çünki Azərbaycanda bu kimi qətnamələrə heç kim fikir vermir və onlar işimizə təsir edə bilməz. Ancaq bir tendensiya kimi biz bunu əlbəttə ki, qeyd etməliyik. Prezident Administrasiyası, Milli Məclis onlara tutarlı cavab verib: «Mən bu barədə çox danışmaq istəməzdim. Sadəcə olaraq onu demək istəyirəm ki, son bir il ərzində anti-Azərbaycan qüvvələri, Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən və ermənipərəst qüvvələr Azərbaycana qarşı fəaliyyətini gücləndiriblər. Bu da yəqin ki, təbiidir. Çünki ölkəmizin uğurlu inkişafı, xüsusilə böhranlı illərdə inkişafı, ölkəmizin müstəqil siyasəti və hər bir beynəlxalq məsələ ilə bağlı bizim konkret mövqeyimiz heç də hamını qane edə bilməz. Eyni zamanda, Azərbaycanın daxilində hökm sürən sabitlik, xoş əhval-ruhiyyə, xoş ovqat əlbəttə, bu gün böhran içində yaşayanları yəqin ki, sevindirmir. Ona görə mənim Avropa İttifaqına budəfəki səfərimin xüsusi əhəmiyyəti var idi».
Bununla belə, prezident Avropa Şurasının bu təzyiqlərə baxmayaraq, Azərbaycanın mövqeyini müdafiə etməsinə də diqqət ayırıb. O deyib ki, bu ilin yanvarında qondarma siyasi məhbuslar üzrə məruzənin müzakirəsində Avropa Şurası Parlament Assambleyasının üzvlərinin mütləq əksəriyyəti bu çirkin təşəbbüsə yox deyib: «Avropa Şurası Parlament Assambleyasının deputatları həqiqəti, haqq-ədaləti müdafiə etdilər, ikili standartlara qarşı öz səslərini ucaltdılar. Çünki bu qondarma məruzənin ortaya çıxması sırf ikili standartlar prinsipinin əlaməti idi. Biz görürük ki, bəzi ölkələrdə islamofobiya meylləri həddindən artıq güclənib. Əfsuslar olsun ki, bu meyllər yüksələn xətlə gedir, mənfi istiqamətdə cərəyan edir. Mən müxtəlif görüşlərdə bu məsələləri daim qaldırıram. Çünki bu, bizi narahat edir».
Prezident qeyd edib ki, Azərbaycan Avropa qurumları ilə uzun illərdir ki, əməkdaşlıq edir. On ildən çoxdur ki, Avropa Şurasına üzv olmuşuq. Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edirik. Ancaq buna baxmayaraq münasibətlərə xələl gətirilməsinə cəhdlər də var: «Biz görürük ki, ümumi mənzərə əlbəttə, müsbətdir və dediyim hallar fərdi xarakter daşıyır. Ancaq tendensiyalar var və biz bunu görməliyik, bu barədə danışmalıyıq. Ona görə mənim Avropa İttifaqına budəfəki səfərim xüsusi əhəmiyyət daşıyırdı. Biz bir çox məsələləri aydınlaşdırmalı idik. Biz aydınlaşdırmalı idik ki, gələcəkdə necə əməkdaşlıq edəcəyik? Əməkdaşlığın formatı nədən ibarət olacaqdır? Azərbaycanın maraqları necə təmin ediləcəkdir? Hesab edirəm ki, Avropa İttifaqına səfərim və Avropa İttifaqının rəhbərləri ilə apardığım səmimi görüşlər çox müsbət idi. Mən bu səfərdən çox razıyam. Bir çox məsələ aydınlaşdı və hesab edirəm ki, gələcək əməkdaşlıq üçün daha da gözəl zəmin yaradıldı. Çünki hər bir ölkə əgər hansısa quruma inteqrasiya edirsə, o bilməlidir ki, nə üçün inteqrasiya edir. Kortəbii şəkildə inteqrasiya etmək mümkün deyildir».
İlham QULİYEV
banner

Oxşar Xəbərlər