• cümə, 29 Mart, 17:37
  • Baku Bakı 14°C

Azərbaycan iqtisadi baxımdan region ölkələrini geridə qoyub

29.09.17 10:15 2610
Azərbaycan iqtisadi baxımdan region ölkələrini geridə qoyub
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Beləliklə, dünyanın ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-ünü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb. Azərbaycanın iqtisadiyyatda qazandığı uğurlar nədən xəbər verir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın 35-ci yerdə qərarlaşması MDB ölkələri arasında ən yüksək həddir: "Ölkəmiz Rusiyanın, Qazaxıstanın, Gürcüstanın göstəricilərindən daha öndədir. Əslində, bu təsadüfi deyil. Bilirik ki, hesabatlar 12 indikator üzrə hazırlanır və bunun 9-u üzrə Azərbaycanda irəliləyiş qeyd olunub. Burada elə bir göstəricilər var ki, Azərbaycan daha çox irəliləyib. Məsələn, ölkəmiz biznesin mürəkkəbliyi üzrə indikatorda 20 pillə irəliləyərək 40-cı yerdə qərarlaşıb. Bu da ona əsaslanır ki, keçən il dövlət başçısı tərəfindən Azərbaycanda biznesin inkişafı, onun həll istiqamətləri ilə bağlı çox böyük tədbirlər planı tərtib olunmuşdu və həyata keçirildi. Bunların nəticəsi olaraq, məhz bu indikatorlar üzrə Azərbaycanda böyük irəliləyiş əldə olunub. Eləcə də Azərbaycan əmtəə bazarı üzrə səmərəlilik indikatorunda 19-cu yerdən 31-ci yerə yüksəlib. İnstitutlar üzrə indikator əsasən struktur dəyişiklikləri ilə bağlıdır ki, burada Azərbaycan 15 pillə irəliləyərək 33-cü yerdə qərarlaşıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan cəlbedici ölkədir, iqtisadi islahatlar çox uğurla həyata keçirilir. Təsadüfi deyil ki, 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan iqtisadiyyatının əsas istiqamətləri üzrə Strateji Yol Xəritəsi tərtib olundu. Bu sənəd üzrə Azərbaycanın iqtisadi inkişafı dinamik şəkildə artıb və bunun nəticəsində Dünya İqtisadi Forumu kimi beynəlxalq qurumlar da buna dəyər verir. Burada hər bir göstərici təhlillərə, rəqəmlərə əsaslanır”.
A.Hüseynov vurğuladı ki, Dünya İqtisadi Forumunun tərtib etdiyi reytinq cədvəlini iqtisadi beyin mərkəzləri, böyük biznes strukturları əsas götürür: "Həmin reytinqə əsasən ölkələrə qoyulan investisiyanın riskləri müəyyənləşdirilir. Buradan göründüyü kimi, Azərbaycan investisiya qoyuluşu üçün əlverişli ölkədir. Digər reytinq mərkəzləri də həmin bu mənbəyə istinad edir. Məsələn, Dünya Bankının "Duinq biznes” layihəsi də reytinq müəyyənləşdirən mənbələrdən biridir. Güman edirəm ki, bu mənbə də Azərbaycanın iqtisadi islahatlarını və templərini daha yüksək indekslərlə qiymətləndirəcəkdir”.

İqtisadçı Vüqar Bayramov bildirdi ki, bu hesabat dünyanın ən aparıcı qurumu olan Dünya İqtisadi Forumu tərəfindən hazırlanıb: "Bu, dünyada yeganə qurumdur ki, aparıcı ölkələrin liderlərini, rəhbərlərini və biznes strukturlarını, sahibkarları və ekspertləri bir araya gətirə bilib. Hesabat hazırlayan qurumun kifayət qədər nüfuzlu olması və iqtisadiyyatla yanaşı, dünya siyasətinə və qlobal tendensiyaların müəyyənləşdirilməsinə təsir imkanlarını da xüsusilə qeyd etmək lazımdır. Sözsüz ki, hesabatda Azərbaycanın yerinin yaxşılaşması bütün hallarda müsbətdir. Çünki Azərbaycan yalnız MDB-nin deyil, eyni zamanda regionun ən rəqabətli ölkəsidir. Xüsusilə nəzərə alaq ki, Azərbaycan postneft dövründədir, əvvəlki illərlə müqayisədə neftin qiyməti aşağıdır və 2014-cü ildə bəri neftdən gələn gəlirlər təxminən 3 dəfə azalıb. Amma buna baxmayaraq, Azərbaycan regionda öz mövqeyini qorumaqla yanaşı, həm də hesabatda iki pillə irəliləyib. Təbii ki, bu, postneft dövründə qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların nəticəsi kimi qiymətləndirilməlidir. Çünki islahatlar həm biznes mühitinin yaxşılaşmasına, həm prosedurların sadələşdirilməsi və sayının azaldılmasına, eyni zamanda sahibkarların, vətəndaşların fərqli dövlət xidmətlərinə çıxış imkanlarının artmasına gətirib çıxarıb”.

V.Bayramovun sözlərinə görə, bu hesabatın digərlərindən fərqi ondan ibarətdir ki, məsələlər daha əhatəli şəkildə öz əksini tapıb: "Bu yalnız iqtisadi sektoru deyil, eyni zamanda səhiyyə, təhsil, sosial kimi iqtisadiyyatla dolayı bağlı olan sektorları da əhatə edir. Nəticə etibarı ilə bu da imkan verir ki, ölkə haqqında daha ətraflı məlumat almaq mümkün olsun. Məhz bu səbəbdən hesabat digər beynəlxalq hesabatlarla müqayisədə daha sanballı və əhatəli hesab olunur. Azərbaycan üçün bu hesabatda sözügedən yerin və eləcə də irəliləyişin əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz öz imkanlarını bu hesabat vasitəsilə qlobal arenaya təqdim etmək imkanı qazanır.Eyni zamanda, bu hesabat xarici investisiyanın Azərbaycana cəlb edilməsi baxımdan vacibdir. Çünki postneft dövründə qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi prioritet istiqamətlərdəndir. Bu hesabat ondan xəbər verir ki, postneft dövründə aparılan islahatlar artıq real olaraq öz nəticələrini verməkdədir”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər