Azərbaycan iqtisadi baxımdan region ölkələrini geridə qoyub
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda
Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Beləliklə,
dünyanın ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-ünü
geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta
G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi
Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti
indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti
reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü
sırada yer alıb. Azərbaycanın iqtisadiyyatda qazandığı uğurlar nədən xəbər verir?
Mövzu
ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli
Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Dünya İqtisadi Forumunun
"2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın 35-ci yerdə
qərarlaşması MDB ölkələri arasında ən yüksək həddir: "Ölkəmiz Rusiyanın,
Qazaxıstanın, Gürcüstanın göstəricilərindən daha öndədir. Əslində, bu təsadüfi
deyil. Bilirik ki, hesabatlar 12 indikator üzrə hazırlanır və bunun 9-u üzrə
Azərbaycanda irəliləyiş qeyd olunub. Burada elə bir göstəricilər var ki,
Azərbaycan daha çox irəliləyib. Məsələn, ölkəmiz biznesin mürəkkəbliyi üzrə
indikatorda 20 pillə irəliləyərək 40-cı yerdə qərarlaşıb. Bu da ona əsaslanır
ki, keçən il dövlət başçısı tərəfindən Azərbaycanda biznesin inkişafı, onun
həll istiqamətləri ilə bağlı çox böyük tədbirlər planı tərtib olunmuşdu və
həyata keçirildi. Bunların nəticəsi olaraq, məhz bu indikatorlar üzrə
Azərbaycanda böyük irəliləyiş əldə olunub. Eləcə də Azərbaycan əmtəə bazarı
üzrə səmərəlilik indikatorunda 19-cu yerdən 31-ci yerə yüksəlib. İnstitutlar
üzrə indikator əsasən struktur dəyişiklikləri ilə bağlıdır ki, burada
Azərbaycan 15 pillə irəliləyərək 33-cü yerdə qərarlaşıb. Bütün bunlar onu
göstərir ki, Azərbaycan cəlbedici ölkədir, iqtisadi islahatlar çox uğurla
həyata keçirilir. Təsadüfi deyil ki, 2016-cı ildə Prezident İlham Əliyevin
sərəncamı ilə Azərbaycan iqtisadiyyatının əsas istiqamətləri üzrə Strateji Yol
Xəritəsi tərtib olundu. Bu sənəd üzrə Azərbaycanın iqtisadi inkişafı dinamik
şəkildə artıb və bunun nəticəsində Dünya İqtisadi Forumu kimi beynəlxalq
qurumlar da buna dəyər verir. Burada hər bir göstərici təhlillərə, rəqəmlərə
əsaslanır”.
A.Hüseynov vurğuladı ki, Dünya İqtisadi Forumunun tərtib etdiyi
reytinq cədvəlini iqtisadi beyin mərkəzləri, böyük biznes strukturları əsas
götürür: "Həmin reytinqə əsasən ölkələrə qoyulan investisiyanın riskləri
müəyyənləşdirilir. Buradan göründüyü kimi, Azərbaycan investisiya qoyuluşu üçün
əlverişli ölkədir. Digər reytinq mərkəzləri də
həmin bu mənbəyə istinad edir. Məsələn, Dünya Bankının "Duinq biznes”
layihəsi də reytinq müəyyənləşdirən mənbələrdən biridir. Güman edirəm ki, bu
mənbə də Azərbaycanın iqtisadi islahatlarını və templərini daha yüksək
indekslərlə qiymətləndirəcəkdir”.
İqtisadçı Vüqar Bayramov bildirdi ki,
bu hesabat dünyanın ən aparıcı qurumu olan Dünya İqtisadi Forumu tərəfindən
hazırlanıb: "Bu, dünyada yeganə qurumdur ki, aparıcı ölkələrin liderlərini,
rəhbərlərini və biznes strukturlarını, sahibkarları və ekspertləri bir araya
gətirə bilib. Hesabat hazırlayan qurumun kifayət qədər nüfuzlu olması və
iqtisadiyyatla yanaşı, dünya siyasətinə və qlobal tendensiyaların
müəyyənləşdirilməsinə təsir imkanlarını da xüsusilə qeyd etmək lazımdır. Sözsüz
ki, hesabatda Azərbaycanın yerinin yaxşılaşması bütün hallarda müsbətdir. Çünki
Azərbaycan yalnız MDB-nin deyil, eyni zamanda regionun ən rəqabətli ölkəsidir. Xüsusilə
nəzərə alaq ki, Azərbaycan postneft dövründədir, əvvəlki illərlə müqayisədə
neftin qiyməti aşağıdır və 2014-cü ildə bəri neftdən gələn gəlirlər təxminən 3
dəfə azalıb. Amma buna baxmayaraq, Azərbaycan regionda öz mövqeyini qorumaqla
yanaşı, həm də hesabatda iki pillə irəliləyib. Təbii ki, bu, postneft dövründə qeyri-neft
sektorunun inkişafı ilə bağlı aparılan islahatların nəticəsi kimi
qiymətləndirilməlidir. Çünki islahatlar həm biznes mühitinin yaxşılaşmasına,
həm prosedurların sadələşdirilməsi və sayının azaldılmasına, eyni zamanda
sahibkarların, vətəndaşların fərqli dövlət xidmətlərinə çıxış imkanlarının
artmasına gətirib çıxarıb”.
V.Bayramovun sözlərinə görə, bu hesabatın digərlərindən fərqi ondan
ibarətdir ki, məsələlər daha əhatəli şəkildə öz əksini tapıb: "Bu yalnız
iqtisadi sektoru deyil, eyni zamanda səhiyyə, təhsil, sosial kimi
iqtisadiyyatla dolayı bağlı olan sektorları da əhatə edir. Nəticə etibarı ilə
bu da imkan verir ki, ölkə haqqında daha ətraflı məlumat almaq mümkün olsun.
Məhz bu səbəbdən hesabat digər beynəlxalq hesabatlarla müqayisədə daha sanballı
və əhatəli hesab olunur. Azərbaycan üçün bu hesabatda sözügedən yerin və eləcə
də irəliləyişin əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz öz imkanlarını bu
hesabat vasitəsilə qlobal arenaya təqdim etmək imkanı qazanır.Eyni zamanda, bu hesabat xarici investisiyanın Azərbaycana cəlb
edilməsi baxımdan vacibdir. Çünki postneft dövründə qeyri-neft sektoruna xarici
sərmayənin cəlb edilməsi prioritet istiqamətlərdəndir. Bu hesabat ondan xəbər
verir ki, postneft dövründə aparılan islahatlar artıq real olaraq öz
nəticələrini verməkdədir”.
Bəxtiyar MƏMMƏDLİ